Yunusların vəkilləri onlar barədə hökmün qərəzli və ədalətsiz olduğunu bildirərək, bəraət istədilər
Sülh və Demokratiya Institutunun direktoru Leyla Yunus dünən ilk dəfə idi ki, məhkəməsində həyat yoldaşı, tarixçi alim Arif Yunusla deyildi. Ötən məhkəmə iclasında Arif Yunusun barəsində həbs-qətimkan tədbiri başqa yerə getməmək haqqında iltizam tədbiri ilə əvəz olunduğundan, Bakı Apelyasiya Məhkəməsində keçirilən dünənki iclasda o, şüşə kabinədə Leyla Yunusun yanında yox, vəkillərlə yanaşı əyləşmişdi…
Bakı Apelyasiya Məhkəməsində hakim Vüqar Məmmədovun sədrliyilə keçirilən dünənki məhkəmə iclasında əvvəlcə Leyla və Arif Yunusların vəkilləri çıxış edərək, apelyasiya şikayətini müdafiə ediblər. Onlar Bakı Ağır Cinayətlər Məhkəməsinin Yunuslar barədə hökmünün qərəzli və ədalətsiz olduğunu vurğulayaraq, onlara bəraət verilməsini istəyiblər.
Vəkil Ramiz Məmmədov bildirib ki, birinci instansiya məhkəməsindəki çıxışında da Leyla Yunusa münasibətdə təqsirsizlik prezumpsiyasının, onun müdafiə hüququnun pozulduğunu, bu həbsinin qanunsuz olduğunu, irəli sürülən ittihamların sübuta yetirilmədiyini hakimlərin nəzərinə çatdırıb. Lakin təəssüf ki, məhkəmə hökm çıxararkən bunların heç birini nəzərə almayıb: “Birinci instansiya məhkəməsində ”Azərbaycan Qadınları ÿÖn Qafqazda ÿSülh və Demokratiya Uğrunda” cəmiyyəti zərərçəkən kimi tanınıb. Bu səhvə bir daha yol vermək olmaz. Biz əsaslandırmışıq ki, bu təşkilatı zərərçəkən kimi tanımaq olmaz. Üstəlik, bu təşkilatın nümayəndəsinin də apellyasiya məhkəməsində zərərçəkmişin nümayəndəsi kimi iştirak etmək səlahiyyəti yoxdur. Çünki ona etibarnamə birinci instansiya məhkəməsində iştirak üçün verilmişdi. Bunu bilmək üçün onun etibarnaməsinə baxmaq kifayətdir”.
Vəkil Marşal Fondu, ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu (NED) və USAID (ABŞ-ın Beynəlxalq Inkişaf Agentliyi) kimi donor təşkilatların Leyla Yunus haqda məktublarını da təqdim edib: “Marşal Fondu və ABŞ-ın Demokratiyaya Milli Dəstək Fondu məktublarında göstərir ki, ayrılmış qrant vəsaitlərinin xərclənməsilə bağlı Leyla Yunusa qarşı hər hansı irad və şikayətləri yoxdur. USAID-dən alınan qrant vəsaitinin isə ümumiyyətlə, Leyla Yunusa aidiyyəti olmayıb. O vəsait təşkilatdakı Mətanət Əzizovaya göndərilib. USAID-in məktubunda da bu fakt öz əksini tapıb”.
Digər vəkil Elçin Qəmbərov da Leyla Yunusa qarşı ittihamların sübuta yetirilmədiyini bildirərək, onun barəsində bəraət hökmünün çıxarılmasını istəyib.
Arif Yunusun vəkili Əfqan Məmmədov müdafiə etdiyi şəxs barədə hökmün qərəzli və ədalətsiz olduğunu deyib: “Arif Yunus barədə həbs qətimkan tədbirinin dəyişdirilməsinə görə sizə təşəkkür edirəm. Bu, bizim ürəyimizdə bir qığılcım yaradıb ki, onun barəsində ədalətli hökm çıxarıla bilər. Xahiş edirəm, təşəkkürümü yaltaqlıq və ya başqa məna vermədən səmimi olaraq qəbul edəsiz.
Bu işdə obyekt, zərərçəkən yoxdur. Hətta birinci instansiya məhkəməsində son söz verilən zaman, hətta zərərçəkmişin nümayəndəsi qismində iştirak edən şəxsə söz verilmədi. Əslində, bununla da məhkəmə göstərdi ki, ortada zərərçəkən yoxdur. Amma təəssüf ki, belə bir hökm verildi…”
Çıxış üçün Arif Yunusa söz veriləndə o, vəkilinin fikirlərilə razılaşdığını bildirməklə kifayətləndi.
Leyla Yunus isə hakimin “vəkillərinizin dediklərinə əlavəniz varmı?” sualına ümumiyyətlə, heç bir reaksiya vermədi.
Məhkəmə iclasında zərərçəkmişin nümayəndəsi qismində iştirak edənÿ Şöhrət Allahmanov apelyasiya şikayətlərinin əsassız olduğunu deyib və Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünün qüvvədə saxlanılmasını istəyib.
Elə dövlət ittihamını müdafiə edən prokurorun da çıxışı eyni məzmunlu olub, o, hökmün dəyişdirilmədən qüvvədə saxlanılmasını təklif edib.
Yeri gəlmişkən, prokuror çıxış edərkən onun dediklərinə etiraz olaraq, Leyla Yunus əlləri ilə qulaqlarını tutmuşdu.
Yunusların işi üzrə məhkəmə prosesi dekabrın 10-da davam edəcək.
Xatırladaq ki, Leyla və Arif Yunuslar ötən ilin yayında həbs olunublar. Onlara qarşı dələduzluq, qanunsuz sahibkarlıq, vergidən yayınma və sənədlərin saxtalaşdırılması kimi ittihamlar irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin bu il avqustun 13-də çıxartdığı hökmə əsasən, Leyla Yunus 8 il 6 ay, Arif Yunus isə 7 il azadlıqdan məhrum edilib. Noyabrın 12-də Bakı Apelyasiya Məhkəməsində keçirilən iclasda Arif Yunusun səhhətindəki problemlərlə əlaqədar onun barəsində həbs-qətimkan tədbiri dəyişdirilib.
Yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları Yunusların siyasi sifarişlə həbs olunduğu qənaətindədir. “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı onları “vicdan məhbusu” elan edib.
Aytən Məmmədova



