Tibb universitetində dosent-professor qalmaqalı

Yusif Hidayətovun müsahibəsinə Canbaxış Nəcəfovdan cavab gəldi

Biologiya və genetika kafedrasının kollektivi «Azadlıq»dakı müsahibədən sonra tələbələrin qarşısına çıxmağa utanır

Biologiya üzrə fəlsəfə doktoru, dosent Yusif Hidayətovun “Azadlıq”a müsahibəsi Azərbaycan Tibb Universitetində (ATU) ciddi rezonans yaradıb. Sözügedən yazı son bir neçə gündə universitetdə başlıca müzakirə mövzusuna çevrilib. Bu fakt Tibbi biologiya və genetika kafedrasının kollektivi ilə söhbətimizdə bəlli olub.
Xatırladaq ki, Yusif Hidayətov müsahibəsində ATU-nun rektoru Əhliman Əmiraslanovla 41 il çalışdığı Tibbi biologiya və genetika kafedrasının müdiri, professor Canbaxış Nəcəfovun ünvanına bir sıra ittihamlar səsləndirib. Dosentin kafedra müdiri barədə ittihamları xüsusilə ağırdır. Yusif Hidayətov Canbaxış Nəcəfovu kafedranı şəxsi təsərrüfatı kimi idarə etməkdə, müəllimlərin əmək haqqını mənimsəməkdə, rüşvət almaqda, hətta bir neçə müəllimin ölümünə bais olmaqda suçlayıb.

Müsahibə ilə bağlı xüsusi iclas

Biz Yusif Hidayətovun ittihamları ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazır olduğumuzu vurğulamış, Canbaxış Nəcəfovun fikirlərini öyrənməyə çalışmışıq. Lakin kafedra müdiri kollektivin də məsələyə münasibət bildirmək istədiyini söyləyərək israrla bizi universitetə dəvət edib.
Qocaman müəllimin özü və söylədikləri ilə bağlı xüsusilə kollektivin rəyi bizim üçün maraqlı olduğundan dəvəti qəbul edərək universitetə yollandıq.
Tibbi biologiya və genetika kafedrasının kollektivi ilə görüşdə o da bəlli oldu ki, “Azadlıq”da dərc olunan müsahibə ilə bağlı xüsusi iclas keçirilib. Kafedra müdiri Canbaxış Nəcəfov iclasın keçirilməsini belə izah etdi: “Bu müsahibə bizim kafedranın kollektivinə mənəvi zərbə olub. Biz Yusif müəllimin müsahibəsini oxuyarkən, sadəcə, şoka düşmüşük. Bu qədər əsassız ittiham olmaz axı”.

Mən professorları qoyub, dosentə necə dərs verim?

Kafedra müdiri daha sonra Yusif Hidayətovun təqaüdə göndərilməsinin səbəblərini açıqladı: “Burada hər hansı qeyri-qanuni iş yoxdur. Nəzərinizə çatdırım ki, Boloniya sisteminə keçdikdən sonra bizdə dərs saatları azalıb. Hazırda ümumi kafedra üzrə 7835 dərs saatı var. Bunu kafedranın 18 müəllimi arasında böləndə hərəyə heç 500 saat düşmür. Ona görə də bizə rəhbərlikdən bir nəfəri ixtisara salmağı tapşırdılar. Və bildirdilər ki, ixtisarlar zamanı yaş senzi xüsusilə nəzərə alınmalıdır. Biz də sentyabrın 12-də kafedrada iclas keçirdik. Iclasda kollektivin bütün üzvləri, tədris hissə müdiri, həmkarların sədri iştirak edib. Yeri gəlmişkən, Yusif müəllim naməlum səbəblərdən həmin iclasa qatılmayıb. Mən iclasın protokolunu da sizə təqdim edə bilərəm. Iclasda yekdilliklə qərara alınıb ki, Yusif müəllimin təqaüd yaşı çatdığına və fizioloji cəhətdən bir sıra problemləri olduğuna görə onu ixtisara salaq.
Bununla belə, biz ona hazırlıqlarla bağlı dərs saatı vermək istəyirdik. Lakin o, bildirdi ki, mən müalicə profilaktika fakültəsində mühazirə demək istəyirəm. Müalicə profilaktika fakültəsi üzrə isə, bizdə dərs saatı ümumən 300 saat təşkil edir. Bu heç bir professorun dərs saatı deyil. Kafedrada isə 3 professor çalışır. Indi mən nə etməliyəm? Professordan dərsini alıb, dosentə verməliyəm? Axı bu düzgün deyil, buna görə mənə töhmət elan edilə bilər”.

Professorlar 5 manat, dossentlər 3 manat

Yusif Hidayətovun başqa bir ittihamı – ehtiyat fondu adı altında müəllimlərdən 5 manat yığılmasına gəlincə, Canbaxış Nəcəfovun iddiasına görə, dosent faktı təhrif edib: “Bəli, kafedrada fond pulu yığılır. Professorlardan 5 manat, dosentlərdən isə 3 manat. Mən də bu pulu verirəm. Bu pul xırda texniki problemləri həll etmək üçün yığılır və buna bizim laborant nəzarət edir. Yəni, pul verilərkən hamı imza atır və bu pul hara sərf olunursa, dəftərçədə qeyd olunur. Bir də axı, bu pulun məbləği 60-70 manat edir, mənim bu kiçik məbləği cibimə qoyduğumu iddia etmək cəfəngiyyatdır. Ittiham irəli sürəndə, heç olmasa azacıq əsası olar”. Canbaxış Nəcəfov dediklərinin həqiqət olduğunu isbat etmək üçün fond pulunun yığılması və xərclənməsinin qeydiyyatı aparılan dəftərçəni də bizə təqdim etdi.

Bəstəkar Ruhəngiz Qasımova məsələyə müdaxilə edir

Kafedra müdiri müsahibədə adı hallanan Vasif müəllimlə bağlı məsələnin də həqiqətə uyğun olmadığını söylədi: “Vasif müəllimin səhhətində 2004-cü ildə problemlər yaranıb. Həmin vaxt isə mən kafedra müdiri olmamışam. Mən 2007-ci ildə kafedra müdiri seçilmişəm. Vasif müəllim tanınmış bəstəkar Ruhəngiz Qasımovanın həyat yoldaşıdır. Əgər mənim dediklərimə inanmırsınızsa, Ruhəngiz xanımla əlaqə saxlayıb, ondan soruşa bilərsiniz”. Canbaxış Nəcəfovun söylədiklərinin doğru olub-olmadığını öyrənmək üçün elə oradaca Ruhəngiz xanımla əlaqə saxladıq. Bəstəkar Yusif Hidayətovun müsahibəsində həyat yoldaşının adının hallandırılmasından təəssüf hissi keçirdiyini bildirdi. Eyni zamanda vurğuladı ki, Vasif müəllim səhhətində problem olduğu ailə üzvlərinin xahişi ilə işdən çıxıb: “Vasif müəllim xəstələnəndə Canbaxış Nəcəfov kafedra müdiri deyildi. Onunla Canbaxış müəllimin arasında hər hansı problem olmayıb. Vasif müəllim 2004-cü ildə bərk xəstələndi. Sonradan səhhəti düzəlsə də, artıq əvvəlki kimi deyildi. Ona görə də biz ondan xahiş etdik ki, işdən çıxıb dincəlsin. Yəni, Vasif müəllim hər hansı ziddiyyətə, intriqaya görə işdən çıxmayıb. Mən təəssüf edirəm ki, kimsə öz şəxsi maraqları naminə Vasif müəllimin adını hallandırıb”.

Öldürə bilsəydim Yusif Hidayətovu öldürərdim

Canbaxış Nəcəfov əlavə etdi ki, onu ən çox sarsıdan 4 müəllimin ölümünə bais olması ilə bağlı ittihamdır: “Bu qədər səviyyəsiz ittiham olmaz. Guya, mən 4 müəllimi stresə salıb öldürmüşəm. Adamı stresə salıb öldürə bilsəydim, elə birinci Yusif Hidayətovu öldürərdim. Çünki onun qədər bu kafedraya zərbə vuran adam olmayıb. Üç dəfə onun işdən çıxarılması məsələsi gündəmə gəlib. Lakin hər dəfə mən onu müdafiə etmişəm. Təsəvvür edin, tələbələr bu adamdan şikayət edir ki, onlarla kobud davranır. Konkret misal çəkə bilərəm: Bir Həsən müəllim var, onun nəvəsi ilə kobud davranmışdı. Məsələ, hətta rektora qədər gedib çıxmışdı və buna görə onun işdən çıxarılmasını tapşırmışdılar. Lakin mən onun ağsaqqal olduğunu nəzərə alıb bu məsələni birtəhər yoluna qoydum.    Yusif Hidayətovun dediyi müəllimlərə gəlincə, onlar müxtəlif xəstəliklərdən dünyasını dəyişib. Gedib araşdıra bilərsiniz”.

Kollektiv niyə tələbələrin qarşısına çıxmağa utanır?

Canbaxış Nəcəfov kafedra müdiri təyin olunması üçün 125 min dollar verməsi, imtahan suallarını dərslikdən kənar tərtib etməsi və digər ittihamlara da aydınlıq gətirdi: “Əvvəla, mən kafedra müdiri təyin olunmamışam, seçilmişəm. Ikincisi, əgər mən kiməsə 125 min dollar rüşvət vermişəmsə, bunu Yusif Hidayətova niyə deməliyəm? O elə danışır ki, sanki pulu onun yanında vermişəm, yaxud verib gəlib ona bu barədə danışmışam. Üçüncüsü, mənim 125 min dollar pulum olsaydı gedib mağaza açardım. Imtahan suallarına gəlincə, bu sualların hamısı dərslikdə var. Indi biz nə edək ki, Yusif müəllimin yeni dərsliklərdən xəbəri yoxdur. O, hələ 50-60-cı illərdə qalıb”. Canbaxış Nəcəfov Yusif Hidayətovun müsahibədə nümunə gətirdiyi suallarla bağlı mövzuların tibbi biologiyaya dair yeni dərsliklərdə əks olunduğunu sübut etmək üçün yeni dərslikləri də ortaya qoydu.
Daha sonra kafedranın kollektivi müsahibə ilə bağlı mövqeyini açıqladı. Professorlar Şaiq Ibrahimov, Ilham Şahmuradov, dosentlər Rahib Əliyev, Nurəddin Əliyev və Vaqif Kərimov Yusif Hidayətovun ittihamlarının təəssüf doğurduğunu dedilər. Onların fikrincə, Yusif Hidayətov bu müsahibə ilə 41 il çalışdığı təhsil ocağına, iş yoldaşlarına Dosent Mənzər Əliyeva isə müsahibədən sonra tələbələrin qarşısına çıxmağa utandıqlarını söylədi: “Yusif müəllim bu müsahibə ilə bizi tələbələrin qarşısında başıaşağı edib”
Dosent Əflatun Əzizov isə Yusif Hidayətovla bağlı ciddi tədbir görülməsinin, məhkəməyə müraciət edilməsinin tərəfdarı olduğunu bildirdi.
Biologiya Elmləri namizədləri Aynur Ənsərova və Sevinc Məmmədovanın da Yusif Hidayətovun fikirlərinə münasibəti mənfi oldu.

Vidadi