Tovuz rayonunun Əlibəyli kəndində 5 ay xidmət etmiş Bakı sakini, 20 yaşlı Adil Quliyev hərbi hissədə vəfat edib. Hərbi hissədən onun ehtiyatsızlıq üzündən öldüyünü bildiriblər. Yaxınları isə əsgərin öldürüldüyünü iddia edir.
Dekabrın 6-da valideynləri Adil Quliyevin cənazəsini Bakıya gətirib. Əsgərin cənazəsi hazırda Təzəpir məscidindədir.
Azadlıq Radiosunun müxbiri məscidin qarşından xəbər verir ki, Adil Quliyevin yaxınları ilə Yasamal rayon İcra Hakimiyyəti əməkdaşları arasında mübahisə olub. Əsgərin yaxınları Müdafiə Nazirliyinin onlarla maraqlanmadığını, övladlarının ölümü haqqında düz-əməlli məlumat verilmədiyini deyirlər.
Hələlik ekspert rəyi açıqlanmayıb.
Müdafiə Nazirliyinin hadisə ilə bağlı məlumatında göstərilir ki, təhlükəsizlik qaydalarının pozulması və silahla ehtiyatsız davranma nəticəsində gizir Əhmədov Ceyhun Fəxrəddin oğlu tərəfindən açılan atəşdən əsgər Quliyev Adil Ağababa oğlu vəfat edib. Hadisə ilə bağlı gizir C.Əhmədov haqqında cinayət işi başlanıb, faktla əlaqədar araşdırma aparılır.