Nardaran notları

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

(Üçüncü yazı)

Yazının öncəki bölümlərində Nardaran hadisələri ilə bağlı hakimiyyətin məsuliyyəti, yanlışqları, cavabdehlikləri haqda yazdıq. Indi də bu olaya başqa bucaqdan baxaq.

Din hər kəsin məhrəmiyyətidir. Insanlar inanclarına görə sorğulanmamalıdır. Amma inanc da məhrəm olmalıdır. Onu toplumda ən üst iradəyə çevirməyə çalışmaq zərərlidir. Dini hisslər küçələrə, meydanlara daşmamalıdır. Bunun hansı sonuclar doğurduğunu xeyli sayda ərəb ölkəsinin timsalında görürük.

Dini siyasətdə, ictimai həyatda əgəmən qılmağa çalışmaq yaxşı heç nə vəd etmir. Bir ölkədə modern hüququ şəriət hüququ ilə əvəz etməyə çalışmaq o ölkəni odun, alovun içinə atmaqdır. Nardaran hadisələrinin kölgəsində qaldı, amma bu günlərdə Zaqatalada borc üstündə bir gəncin vəhabi görüşlü iki nəfər tərəfindən qollarının kəsildiyi barədə xəbər elə Nardaran hadisələri qədər düşündürücü və dəhşətli idi. Modern hüququ rədd edib, “Şəriətin kəsdiyi barmaq ağrımaz” düşüncəsi ilə öz ədalətini yaratmağa çalışmaq bax belə acı nəticələr doğurur.

Cümhuriyyətin qurucusu Rəsulzadənin çox dəqiqliklə dediyi kimi: “Əgər istəyirsiniz ki, din nümayəndələrinin heysiyyəti toxunulmaz qalsın, əgər istəyirsiniz ki, məscid məscidliyində bulunsun, onu dünya işlərinə qatmayın, buraxınız orası ancaq ibadət üçün qalsın…”

Bu gün biz Qərbi Avropanın əlişimdə, rifahda, elmdə, təhsildə, insan hüquq və azadlıqlarına münasibətdə gəldiyi nöqtəyə heyranlığımızı gizlətmirik. Amma heç vaxt da oturub düşünmürük: onlar buna necə nail oldular, bu qədər uğurları necə əldə etdilər? Bir neçə önəmli səbəb var. O səbəblərdən biri də dinlə dövlət arasına sərhədlərin çəkilməsidir. Dinin hər kəsin öz fərdi seçimi və yaşamı kimi qəbul edilməsidir. Dinin siyasi və ictimai məsələlərdə vasitə kimi istifadə olunmaması, istismar edilməməsidir.

Bunu islam coğrafiyasında az-çox bacaran yeganə ölkə Türkiyə idi. 2000-ci illərin əvvəlinədək orada modern cümhuriyyətin güclü dayaqları mövcud idi, bunun sayəsində Türkiyə həm də islam coğrafiyasının yeganə demokratik ölkəsinə çevrilmişdi. AKP-nin iqtidara gəlməsi ilə birlikdə dinin Türkiyədə siyasi hakimiyyətə daşınmasının bu gün hansı acı nəticələr doğurduğunu açıq görürük. 15 il öncəyədək söz azadlığı, qadın-kişi bərabərliyi, iqtisadi şəffaflıq kimi indekslər üzrə dünya sıralamalarında indikindən qat-qat yüksək göstəricilərə malik bu ölkə hazırda tamamilə əks bir performans göstərir, “jurnalistlər həbsxanası” olaraq tanımlanır, korrupsiya reytinqlərində üçüncü dünya ölkələrinin qonşuluğunda yer alır və s. və i.

Bunu ona görə yazıram ki, ölkədə avtoritarizmin yaratdığı münbit şəraitdən yararlanaraq, Azərbaycanda şəriət dövləti yaratmaq düşüncəsinə qapılanlar ölkəyə daha betər bir gələcək vəd etdiklərinin fərqinə varsınlar. Dini siyasi hakimiyyətə daşımaq xülyasına düşənlər bununla ən çox zərəri dinə verəcəklərini də unutmasınlar.

Unutmasınlar ki, bu gün islamın modern dünyada radikalizmlə, terrorla, ekstremizmlə assosiasiya olunmağa başlaması məhz onların dini bir məhrəm duyğu kimi yaşamaqdan çox ondan fərqli kirli niyyətlər üçün yararlanmaq istəməyə çalışmalarıdır. Çağdaş dünyada “Allahü əkbər” nidasından, təkbir səsindən hürkməyə başlayıblarsa, bunun səbəbini müsəlman dünyası öncə özündə axtaracaq, din adına bu qədər başkəsənin, gözçıxaranın necə meydana çıxdığını, din dedikdə gözlər önünə niyə ölüm fətvalarının, canlı bombaların gəldiyini sorğulayacaq.

Hər bir müsəlmanın artıq bunu anlaması, dərk və qəbul etməsi lazımdır: heç kimin inancı ona hər hansı üstünlük tanımaz. Ona başqalarına yuxarıdan-aşağı baxmaq, düşmən kimi yanaşmaq, “kafər” kimi damğalayıb məhv etmək haqqı verməz.

Bir də bunu anlamaq, qəbul və dərk etmək lazımdır: modern elmdən, çağdaş bilgidən uzaq inanc qorxu mənbəyidir, kin, nifrət, aqressiya qaynağıdır.

Nizami demişkən, “qüvvət elmdədir…” Əks halda – yəni sadəcə, dini hisslərə qapılıb qalmaqla ancaq IŞID, əl-Qaidə, Hizbullah yaratmaq, bəşəriyyətə zərbə vurmaq, dini qorxunun, təhdidin, basqının, terrorun sinoniminə çevirmək olar.