Əli Əlirzayev də YAP-ı ittiham etdi

eli-elirzayev«Öz komandalarını qoruyurlar, Heydər Əliyevin komandasını kənarlaşdırıblar»

YAP-ın tanınmış simalarından biri olan sabiq naziri Əli Nağıyevdən sonra hakim partiyasının qurucularından Əli Əlirzayev də partiyadaşlarını ittiham edib. O, moderator.az-a müsahibəsində partiyanın heç bir tədbirinə çağırılmadığını, ona qarşı qısqanc münasibətin olduğunu bildirib. “Institutda keçirilən beynəlxalq konfranslarda iştirak edirəm, xaricdə tədbirlərə gedirəm. Ancaq YAP-ın idarə heyəti səviyyəsində məni heç bir tədbirə çağırmırlar, dövlət səviyyəsində keçirilən tədbirlərə, iqtisadi forumlara dəvət etmirlər. Əlbəttə ki, qısqanırlar.

Deyirlər ki, Əli Əlirzayev vaxtilə Heydər Əliyevlə yaxın olub, çox məsələdən agahdır, onu çağırarıq birdən həmin məsələləri açıb deyər. Ona görə məni uzaqlaşdırıblar. Öz komandalarını qoruyurlar, Heydər Əliyevin komandasını kənarlaşdırıblar. Heydər Əliyev rəhmətə getsə də onun əməlləri yaşayır, baxmayaraq ki, onun kadrlarına münasibət pisdir, birmənalı deyil.

Mən YAP-ın birinci iclasını respublikasa səviyyəsində Naxçıvan Muxtar Respublikasının Nehrəm kəndində keçirtmişəm. Heydər Əliyev o zaman mənə tapşırmışdı ki, get orada iclası keçirt və gəl mənə xəbər ver görüm necə oldu. Mən də gedib iclası keçirtdim və axşam qayıdıb Heydər Əliyevə hesabat verdim. Dedim ki, hamı sizi dəstəkləyir, hamı sizin ərtafınıza yığışmaq istəyir. Ancaq çoxları vəzifəyə getmək üçün gəlib Naxçıvanda hərlənib geri qayıdırdılar, heç Heydər Əliyevin görüşünə də getmirdilər. Indi o adamların hamısı vəzifədədirlər, Heydər Əliyevin arxasıyca danışanlar hamısı vəzifədədirlər. Gərək bütün bunlara dövlət səviyyəsində nəzarət olunsun, ancaq nəzarət də yoxdur. Mən də başımı aşağı salıb öz müəllimliyimi, professorluğumu edirəm”.