Maşın bazarında qiymətlər artıb

Köhnə maşınlar ucuzlaşacaq, yenilər bahalaşacaq

Azərbaycanın avtomobil bazarında oktyabr ayında orta qiymət 2,1% artıb. APA-nın məlumatına görə, bu barədə “Əmlak Bazarı Iştirakçıları” Ictimai Birliyi avtomobil bazarında apardığı monitorinqin nəticələrinə əsasən məlumat yayıb. Birliyin məlumatına görə, ötən ay avtomobil bazarında canlanma müşahidə olunub.
Oktyabrda satış mərkəzlərinə müraciət edənlərin sayında və alqı-satqı əməliyyatlarının dinamikasında da artım qeydə alınıb. Ay ərzində bazara təklif olunan maşınların sayı 3,2% azalıb, əvəzində tələbin artımı və bazarda dinamikanın yüksəlməsi qiymətlərin artmasına səbəb olub. Oktyabr ayı üçün bazarda orta qiymət əvvəlki ayla müqayisədə 2,1% artaraq 15 725 dollara çatıb.
Uzun illərdir ki, təkrar bazarda liderliyi böyük fərqlə əldə saxlayan məşhur alman markası “Mercedes-Benz”in təklif üzrə payı əvvəlki ayla müqayisədə 1,7 faiz bəndi azalaraq 32,2% təşkil edib. Ümumilikdə, təklif portfelini formalaşdıran 9 markanın əksəriyyəti üzrə təklif azalıb. Ən çox artım isə “Mitsubishi” markalı avtomobillərdə (14%) qeydə alınıb.
Ekspertlər hesab edirlər ki, ili köhnə avtomobillərin hələ də bazarda yüksək paya sahib olmasına baxmayaraq, yaxın gələcəkdə bazarda üstünlük 2003-cü ildən bu yana istehsal olunmuş avtomobillərə keçəcək.
Monitorinq qrupunun araşdırmaları 1990-2011-ci illərdə istehsal olunmuş avtomobilləri əhatə edib.