Bölgələrdən İctimai Palata xəbərləri

İctimai Palatanın Naxçıvan şöbəsi təsis edilib

Naxçıvan MR-da Ictimai Palatanın yerli şöbəsi təsis edilib. Noyabrın 20-də keçirilən təsis yığıncağında yeni şöbənin əlaqələndirmə şöbəsinin üzvləri seçilib.

Bununla yanaşı, AXCP, Müsavat Partiyası və ictimai təşkilatlardan ibarət 7 nəfərlik Şura yaradılıb. Ictimai Palataya üzvlüyə qəbulla bağlı müraciətlər davam edir.

***

Beyləqanda İP-in genişlənməsinə imkan vermir

Ictimai Palatanın Beyləqan şöbəsinin təsis konfransının keçirilməsinə rayon rəhbərliyi səviyyəsində maneələr törədilir. AXCP fəalı Rövşən Alışlının “Azadlıq”a verdiyi məlumata görə, rayondakı müxalifətçilər konfransın keçirilməsi məqsədilə yer ayrılması üçün Beyləqan Rayon Icra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıblar. Icra hakimiyyətindən isə bildirilib ki, tədbirin keçirilməsi üçün tələb olunan məkan – Mədəniyyət Evinin kiçik akt zalı hazırda təmirdədir.
Rövşən Alışlı isə deyir ki, Icra Hakimiyyətinin bu “arqumenti” tədbirin qarşısını almaq üçün, sadəcə, bəhanədir: “Xeyli vaxt müraciətimizə heç bir cavab vermədilər. Yəni, vaxtı uzatdılar. Axırda da təmir bəhanəsilə tədbirin keçirilməsinə razılıq vermədilər”.
Rövşən Alışlının sözlərinə görə, onlar bu cavabı alandan sonra icra başçısı Irşad Əliyevlə görüşüblər. Icra başçısı tədbirin keçirilməsinə qeyri-rəsmi icazə verib: “Qeyri-rəsmi icazədən sonra biz tədbiri Müsavatın yerli şöbəsinin qərargahında keçirmək qərarına gəldik. Amma bu dəfə də polis imkan vermədi. Polisdən deyirlər ki, ”icra başçısı ikili oyun oynayır, sizə deyir, gedin keçirin, bizə də deyir ki, qoymayın”.
Baş verənlərlə əlaqədar AXCP, Müsavat, ADP-nin Beyləqan şöbəsinin və bitərəflər etiraz bəyanatı yayıb. Bəyanatda bildirilir ki, hökumət Ictimai Palataya təzyiqləri davam etdirir. Qurumun Beyləqanda yerli şöbəsinin təsis olunmasına imkan verilməməsi də bu təzyiqlərin tərkib hissəsidir.

***

İsmayıllıda İP Əlaqələndirmə Şurası aksiya qərarı verib

Dünən Ictimai Palatanın Ismayıllı rayonu üzrə Əlaqələndirmə Şurasının iclası keçirilib. Şura üzvləri Ilham Talıblı, Heybət Balayev, Niyazi Babalı, Ilham Həmzə, Məzahir Şahvələdov və Əhməd Hacıyevin iştirak etdiyi iclasda Əlaqələndirmə Şurasının kəndlərdə aksiyaların təşkilinə səfərbər edilməsi, həmçinin Azərbaycanda demokratiya və insan haqlarının vəziyyətinə dair müzakirələr aparılıb. Və Ismayıllının kəndlərində aksiyaları təşkil etmək barədə qərar qəbul olunub.