Qəbələ RLS-lə bağlı şok faktlar

Stansiyanın təsirindən ətraf rayonlarda xərçəng 9, əsəbi xəstəliklər 14, böyrək çatışmazlıqları 13, ürək-damar xəstəlikləri 7 dəfə artıb

Rusiya icarə müddəti 2012-ci ildə başa çatan Qəbələ RLS-lə icarənin 2025-ci ilə kimi uzadılmasına çalışacaq. Rusiyanın müdafiə naziri A.Serdyukov bu məsələni artıq Azərbaycanlı həmkarı Səfər Əbiyevlə müzakirə edib. Məlumatlara görə, iki ölkənin müdafiə nazirlərinin danışıqlarında tərəflər maliyyə məsələsindən xaric bütün məsələlərdə anlaşıblar. Azərbaycan tərəfi Qəbələ RLS-in icarəsi üçün 15 milyon manat istəyir.
Amma nədənsə Azərbaycan tərəfi Qəbələ RLS-lə bağlı danışıqlar apararkən onun ətraf rayonlarda yaşayan əhalinin sağlamlığına vurduğu ziyanı nəzərə almır. Bu ziyanın kifayət qədər təhlükəli həddə olduğunu Səhiyyə Nazirliyinin Qəbələ RLS-lə bağlı son illər məlumatları gizli saxlaması da sübut edir. Media Hüququ Institutu Qəbələ RLS-in ətraf mühitə real təsirini ifadə edən sənədlərin gizli saxlanmasına görə, Avropa Insan Hüquqları Məhkəməsinə müraciət edib. Institutdan qeyd ediblər ki, bu addıma səbəb əlaqəli qurumların Qəbələ RLS-in ətraf mühitə real təsiri haqda bilgiləri açıqlamamasıdır. Bununla bağlı şikayətlərə baxan Azərbaycan məhkəmələri isə həmin qurumların xeyrinə qərarlar çıxarıb.
Qəbələ RLS-in ətraf mühitə vurduğu ziyanla bağlı müstəqil təşkilatın hələ 2007-ci ildə apardığı araşdırmanın nəticələri dəhşətli mənzərəni ortaya qoyur. Bu məlumatlar qəzetimizin 2007-ci il martın 1-dəki sayında dərc olunub. Onları bir daha diqqətinizə çatdırırıq. Təşkilatın apardığı araşdırmaya görə, məhz Qəbələ RLS-in fəaliyyəti üzündən Qəbələ, Ağdaş, Göyçay, Ucar, Ismayıllı, Zərdab və Kürdəmir rayonlarının əhalisi arasında onkoloji (xərçəng) xəstəliklər digər rayonlara nisbətən 9, əsəbi xəstliklər 14, böyrək çatışmazlıqları 13, ürək-damar xəstəlikləri 7 dəfə artıb. Şüalanma nəticəsində şikəst doğulan uşaqların sayı isə 19 dəfə artıb.
Bu dəhşətli rəqəmlərlə tanış olduqdan sonra Qəbələ RLS-in Azərbaycanın genofondu üçün bir təhlükə olduğu açıq şəkildə görünür.

Hikmət