Oqtay Əsədov şok fakta ipucu verdi

«Azadlıq» araşdırma apardı, sensasiyalı məlumatlar əldə etdi

Əmanətçilərin arasında 400 min erməni və 120 min rusun olması sovet borclarının qaytarılmasını müşkülə salıb

Parlamentin dünənki iclasında deputat Əli Məsimli sovet əmanətlərinin qaytarılması məsələsini qaldırıb. O, bununla bağlı qanun layihəsi hazırladığını da vurğulayıb: “Mən bu məsələdə hökumətə əməkdaşlıq təklif edirəm və hazırladığım qanun layihəsinin müəllifliyindən imtina edirəm. Yəqin ki, 125 deputat buna etiraz etməz. Üçüncü dəfə qanun layihəsini daha təkmil formada iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə təqdim edəcəm.
Əmanətlərin qaytarılması 2 milyon insanın taleyi ilə bağlıdır. Kiminsə məsələni başqa birinin üzərinə atması ilə problem həll olunmayacaq. Insanlar gözləyirlər və real addımlar atmaq lazımdır. Elə edək ki, bu binadan çıxanda 2012-ci il üçün bir məsələni həll etdiyimizi, işıq gələn tərəfə getdiyimizi deyə bilək”.
Oqtay Əsədovun Əli Məsimliyə cavabı isə maraqlı olub. Spiker deyib ki, əmanətləri qaytarmaq üçün vəsait var və hökumət bu prosesin mexanizminin hazırlanması üçün iş aparır. Lakin əmanətlərin qaytarılması barədə danışarkən ehtiyatlı olmaq lazımdır: “Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Burada jurnalistlər oturublar və mən hər şeyi açıqlaya bilmirəm. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz elə etməliyik ki, millətimizə, xalqımıza qaytardığımız pullar Azərbaycanda qalsın, Azərbaycan vətəndaşlarına çatsın, başqa tərəflərə getməsin. Biz ümumi Avropa hüquq məkanındayıq. Çox böyük problemlərlə üzləşə bilərik. Ilk növbədə bu problemləri həll etmək lazım idi. Hökumət Milli Məclislə birlikdə bu məsələyə bir də baxacaq və layihə deputatlara təqdim olunacaq. Xahiş edirəm, qanun layihəsi hazır olmayınca bu məsələni çox çək-çevir etməyək”.
Oqtay Əsədovun jurnalistlərin qarşısında əmanətlərin qaytarılması ilə açıqlamağa ehtiyat etdiyi məqamların nədən ibarət olması barədə araşdırma apardıq. Kifayət qədər mötəbər mənbədən əldə etdiyimiz məlumatdan aydın oldu ki, əmanətlərin qaytarılması prosesinin yubanması çox ciddi səbəblərlə bağlıdır. Sən demə, əmanətçilər arasında 400 min erməni, 120 min isə rus var. Onların vəsaitləri on milyonlarla manat civarındadır. Bu baxımdan hökumət çıxılmaz vəziyyətdə qalıb: Əgər əmanətlərin qaytarılmasına başlansa, erməni və ruslar da nəzərə alınmalıdır. Bu isə Azərbaycanın milyonlarla manat vəsaitini Rusiya və düşmən tərəfə vermək deməkdir. 
Bəs, erməni və ruslar prosesdən kənarda saxlanılsa necə olacaq? Hökumət düşünür ki, bu, məsələnin məhkəmə müstəvisinə çıxarılması ilə nəticələnəcək. Azərbaycanın məhkəmə proseslərini udmaq şansı isə sıfıra bərabərdir. Oqtay Əsədov “bu məsələdən danışarkən ehtiyatlı olmalıyıq”, “elə etməliyik ki, pullar Azərbaycanda qalsın” deyərkən, məhz bu faktı nəzərdə tutub.
Məlumatlara görə, hökumətdə bu məsələnin müzakirəsi zamanı əvvəlcə qərara alınıb ki, erməni və rus əmanətçilərindən kim Azərbaycan vətəndaşlığını qəbul edəcəksə, onun pulu verilsin. Lakin sonradan məsələnin bu şəkildə həllinin mümkün olmayacağı aydın olub. Çünki əmanətçi ermənilərin Azərbaycan vətəndaşlığını qəbul edəcəyi inandırıcı görünmür.
Daha sonra vəziyyətdən çıxış yolu kimi əmanətlərin başqa ödənişlərlə əvəzlənməsi təklifi gündəmə gəlib. Yəni, hökumət öz vətəndaşlarına borclu olduğunu təsdiqləyir və həmin borcu kommunal xərclərdə, vergi ödəmələrində, bələdiyyələrdən torpaq alarkən və digər ödənişlərdə əvəzləyir. Lakin bu təklif ayrı-ayrı strukturlara rəhbərlik edən oliqarx məmurların maraqlarına zidd olduğu üçün onların sərt təpkisi ilə qarşılanıb. Məmurlar hesab edir ki, bu təklif yalnız onlara əlavə dotasiya veriləcəyi halda reallaşdırıla bilər. Məlumatlarda o da qeyd olunur ki, hökumətdə əmanətləri qaytarmamaq da müzakirə mövzusudur.

Informasiya şöbəsi