“MTN-də oğlumu “presləyib”, elektroşok veriblər”

mtnSuraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə. Mehbalıyev küçəsində yerləşən «Cümə» məscidinin yandırılmasında günahkar hesab edilənlərdən biri Ələkbərov Elnur Tahir oğlunun anası Sevda Ələkbərova Moderator.az-a göndərdiyi şikayət məktubunda oğlunun günahsız olduğunu iddia edir.

Məktubu təqdim edirik:

“Bir ana olaraq üsyan dolu yazıma hardan və necə başlayacağımı bilmirəm. Havası, suyu, aldığı nəfəsi, gördüyü gözü gedən, yeməyib övladlarını yedirdən, evi-eşiyi olmayıb aldığı maaşı kirayələrə verən ana yazır bu məktubu. Mən-1963-cü il təvəllüdlü Ələkbərova Sevda Bağı qızı Binəqədi rayonu 7-ci mikrorayon 9/33, mənzil 3-də kirayə yaşayıram. Oğlum 1984 -cü il təvəllüdlü Ələkbərov Elnur Tahir oğlu Fizuli rayonunda əsgərlik etmişdir. Millətinə, ölkəsinə düşkün, Azərbaycan üçün hər cür görəvə hazır olan oğlum oyunun qurbanı oldu. Oğlum dünyada baş verən zorakılığı rədd edir, zorakılıqla problemlərin həll olunmayacağını bildirir və Azərbaycana xidmət etdiyini deyirdi.
Çox uzatmadan hadisəyə keçim. Qaraçuxur məscidinin yandırılması ilə bağlı oğlum günahlandırılır. Bu hadisədə oğlumu günahlandıracaq heç bir dəlil olmadığı halda, bir ildir ki, məhkəmə gedir və oğluma 8 ildən 15 ilə qədər iş düşür. İndi mən sizə işin əslini-astarını yazım, oxuyun.

2014-cü il noyabırın 26-da oğlum Ələkbərov Elnur, Namiq Nəsibov, Azər Süleymanov Manaf adlı dostlarının evində toplanıblar. Oğlum usta olduğu üçün Manafın uşağına beşik düzəldirmiş. Namiq Nəsibov psixoloji müalicə aldığı üçün pisxotrop dərmanlar qəbul edirmiş. Həmin günü yeyiblər- içiblər. Sonra Namiq pisxotrop dərman qəbul edib ( İçki içəndən sonra dərman qəbul etdiyini məhkəmədə Namiq şəxsən özü deyib ). Manafın evindən çıxaraq Elnurla Namiq öz evlərinə gəlmək üçün taksiyə miniblər. Yolda Namiq Elnura deyib ki, uşaqlar yolda qalıb, benzinləri qutarıb, gedək, onlara benzin verim, ordan gedək evə. Taksi sürücüsünə deyib ki, Qaraçuxura sür. Ora çatanda bir yerdə düşüb və evlərə tərəf gedib. Elnur çox “piyan” olduğu üçün taksidə gözləyib. Xeyli vaxt keçir, Namiq gəlmir. Sonra taksi sürücüsü çöldən səs-küy gəldiyini eşidir. Elnur ilə birlikdə maşından düşürlər. Sürücü görür ki, məscid tərəfdə yanğın var. Məscid tərəfə gedəndə sürücü Elnura deyir ki, ay qardaş, səninlə gələn oğlan məscidin həyətindən çıxır. Sürücü də, Elnur da şoka düşürlər. Namiq də qaça-qaça onların üzərinə gəlir. Elnur ilə sürücü tez maşına minib getmək istəyəndə Namiq də arxa qapıdan tez minərək sürməsini istəyib. (Sürücünün izahatı da eynilə bu cürdür və məhkəmədə də sürücü bunları dedi. Hətta dedi ki, Elnur ilə elə şok keçirdik ki, kəkələyə- kəkələyə qalmışdıq). Necə olubsa gediblər Masazırda remontsuz bir evə. Orda qalıblar. Elnur da çox “piyan” olduğu üçün ayılanda Namiqin sinəsinə yumruq vurub ki, sən nə etmisən? Xatırlamayan Namiq nə olduğunu soruşub. Elnur ona deyib ki, məscid yanırdı, sən də məscidin həyətindən qaça-qaça gəlirdin. Namiq ağlamağa başlayıb. Sonra ev qapı-pəncərəsiz və soyuq olduğu üçün gediblər fəhlə dostu Tələtin evinə. Üst- başlarını soyunub oturublar. Tələtgildə Elnur, Namiq, Tələtdən başqa 2 nəfər də olub. Elnur atasına ( Ögey atasıdır. Doğma atası 20 ildir vəfat edib) zəng edərək paltar və alətlərini gətirməsini istəyib.( Mən Hərbi Hospitalda tibb bacısı işlədiyim üçün gecə növbəsində idim). Yoldaşım oğlumun istədiklərini aparıb. Orda Elnurgilin yaxşı olmadığını görüb, soruşub ki, nə olub, Elnur? Elnur deyib ki, kimsə nəsə edib, amma bizim üstümüzə atırlar deyəsən: “Mən heç nə bilmirəm, sabah evə gələcəm”. Yoldaşım çıxıb gəlib. Sonra MTN əməkdaşları Tələtin evinə basqın edib. Elnurla Namiqi götürüb evdən çıxarıblar. Maşına mindirib başlarına torba keçiriblər. Elnurla Namiqin kəmərini dartıb bellərinə silah qoyublar. 1 saat yarımdan sonra təzədən evə qaldırıblar. Şahidlər Elnurgilin üzərində heç bir silahın olmadığını əminliklə məhkəmədə dedilər. Oğlumu tanıyanlar bilir ki, bu vaxta qədər oğlum üstündə bıçaq belə gəzdirməyib və bu yaşına kimi heç kim deyə bilməz ki, Elnurun mənə ziyanı dəyib. Silah qoyub təzədən evə qaldıranda çəkiliş zamanı Elnurun belindən silah çıxardıblar. Namiq deyib ki, Elnur bu silah nədir. Elnur da deyib ki, gör, hələ səndən nə çıxacaq? O zaman Elnur çəkilişdə deyib ki, bizdə silah olmayıb, siz qoyduz və bunu şahidlər də təsdiqləyir. MTN öz çəkilişində Elnurun bu sözlərini silib. Ordan onları aparıblar MTN Baş İdarəsinə.

24 saat ərzində MTN evə bildiriş göndərməli olduğu halda göndərmədi. Mən də 4-5 gündür oğlumu axtarıram. Düşdüm yollara, bildiyim-bilmədiyim hər yerə getdim. Sonra getdim MTN Baş İdarəsinə. Dedilər ki, burda yoxdur. Daha sonra dedilər ki, gedin, Binəqədi rayonu 7-ci mikrorayondakı MTN idarəsinə. Getdim. Ordan bir oğlan çıxırdı, gecə idi. Ondan oğlumun yerini soruşdum.Tanımadığını, bilmədiyini dedi. “Özümü burda yandıracam, oğlumu hara aparmısız, oğlumun yerini deyin” söyləyəndə, kiməsə zəng etdi ki, anası deyir, özümü yandıracam. Ondan sonra oğlumun MTN Baş İdarəsində olduğunu dedi. Halbuki, mən Baş idarəyə gedəndə orda olmadığını demişdilər. Yəni, oğlumun harda olduğunu zorla öyrəndim və evə bildiriş 15 gündən sonra gəldi. Bu, qanun pozuntusunun kiçik hissəsi…

Oğlum MTN-də ilk izahatında öz əlyazması və imzası ilə bu işdən xəbəri olmadığını yazmışdır. Sonra “adboy” vaxtı onları aşağı düşürdərək “presləyiblər”, əllərinə, ayaqlarının altına, bellərinə dubinka ilə vurublar, elektroşoka veriblər. 25 gün həkim nəzarətində qalıb oğlum. Ayaqyoluna belə gedə bilməyib. 25 gündən sonra müstəntiqin yanına- izahata “kastil”lə gedib.

Mənim oğlum ağ ciyərindən, qaraciyərindən, Hepatit-C dən müalicə alırdı və müalicəsi davam edirdi. Xəstəlik kağızını vəkilimlə MTN-ə göndərmişdim. İndi siz mənə deyin, bunların cavabını, oğluma olunan bu zülmün, haqsızlığın cavabını kim verəcək? Kim bu haqqı ödəyəcək? Mən oğlumla görüşə gedərkən yaxşı olmadığını gördüm. Anayam, oğlumun baxışlarından hər şeyi oxuyuram. Dişimlə-dırnağımla böyütdüyüm övladımı məndən yaxşı kim tanıya bilər? Soruşdum, nə olub sənə? Nəsə edirlər? Onda məcbur olub hər şeyi danışdı. Məhkəmədə sözlərindən biri də bu oldu ki, mən bilsəydim, kimsə məscid yandırar, canımla-qanımla o işin qarşısını alardım. Məhkəmədə Namiqin də dəli olduğu, müalicə aldığı məlum olmuşdur.

Məni çağırdılar MTN-ə izahat verməyə. Yoldaşımla getdim, ana olaraq bütün bildiklərimi demək istəyirdim. Müstəntiq barmağını ağzına apararaq “sus” işarəsi elədi və əlini yuxarı aparıb sakitcə “bu yuxarının əmridir” dedi. Bildiklərimi danışmağa qoymadı. Sadəcə olaraq “Oğlum belə iş görməz”dən başqa heç nə yazdırmadı.

Məscidin qarovulçusunun “bir nəfər vardı, bir nəfər yandırdı”, şahidlərin “onların üzərində silah yox idi”, sürücünün “Elnur maşında idi” demələrinə, məscidin kamera görüntülərində oğlumun olmadığı, zülm, işgəncə görən oğlum haqqında şübhəli olduğunu göstərən heç bir dəlil-sübut olmdığı halda ona hökm oxumaq istəyirlər. Mən uşağımı yetimliklə böyütmüşəm. Hərbi Hospitalda can qoymuşam. Belə ananın oğlu terorçu ola bilərmi? Mən oğlumun qurban getməsinə imkan verməyəcəm və oğlumun işinin yenidən aparılmasında sizdən yardım, dəstək gözləyirəm. Anayam, nə lazımdırsa edəcəm, lazım gəlsə qanımı tökəcəm, amma oğlumu qurban etməyəcəm.

Mənim indiyə qədər sizlərə yazmamağımın səbəbi bu idi ki, müstəntiq Vüqar Eliyev dedi ki, heç kimə, heç nə yazma, bayramda oğlun evində olacaq. Mən də soruşdum bayramlar çoxdur, hansı bayramı deyirsən? Dedi ki, bu ilin martında oğlun evdə olacaq. Men də səbr edib gözlədim. Ama indi görürəm ki, müstəntiq məni aldadıb”.