Həftənin hit paradı

1. Bayram Səfərov Qarabağ icmasının rəhbəri: “…Ermənilərin hərəkəti təxribat xarakterli addımdır. Əgər onlar aviareysləri qəbul etsələr, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, Azərbaycan xalqı lazımi tədbir görəcək. Onlar belə hərəkət etsələr, özlərini göydə yox, yerdə görəcəklər”.

Hörmətli Ramiz Mehdiyevın nəzərinə çatdırmaq istəyirik ki,  “Pencəyimi çiynimə atıb, Xankəndinə gedərəm” fikrinin kimə aid olduğunu xatırlasın və oxlokratik şüarlarla hakimiyyətə gəlməyi Elçibəy hakimiyyətinə sırımasın. Əbülfəz Elçibəy vuruşurdu, “lazım gələrsə” demirdi və mütəmadi olaraq, Yerevanın mərkəzi meydanında onun müqəvvası yandırılırdı. 17 ildir ordumuzda həlak olan əsgərlərimizin sayı, Elçibəy dövrünün vuruşan ordusundakı həlak olanların sayına yaxınlaşır, siz isə hələ də, ölkədə populist şüar müsabiqəsi keçirirsiniz.
2. Əli Əhmədov, YAP-ın icraçı katibi: “YAP yeni Azərbaycanı yaratmaqdan ötrü yaradılıb”.
Qohum-əqrabanın vəzifədə olması, gəlir gətirən obyektlərin durmadan artması, qapıda dayanan 100 minlik maşın, bron deputat yeri, yumşaq kreslo, hərdən insanları romantikliyə, şeir yazmağa, mahnı bəstələməyə sürükləyir. Hətta başqa partiyalara mədəni şəkildə “uçun burdan” deyilsə, inciməmək lazımdır.
3. Əli Həsənov, PA-nın şöbə müdiri: “Sən bu xalqın dərdini çəkəndinsə, niyə Azərbaycan xalqından oğurladığın sərvətləri neçə ildir, xaricdə dağıdırsan! Belə məsələləri görəndə, bu müxalifətə görə sadəcə utanıram”.
Rəsul Quliyevi hədəfə alan şöbə müdiri, iddia edir ki, hazırda iqtidar nümayəndələrinin heç birisinin xaricdə mülkü yoxdur, bir oğru vardı, onu da qovduq getdi. Indi Azərbaycan məmurlarının başı inkişafa elə qarışıb ki, heç özləri haqda düşünmürlər. Düzdür, hərdən dövlət nəşriyyatının bir hissəsinə göz dikənlər olur, amma vaxt olmur bunları reallaşdırmağa.
4. Rəcəb Teyyub Ərdoğan, Türkiyənin baş naziri: “Əgər sən bir lider olaraq özünə güvənirsənsə, sandıqları açarsan. O sandıqlar səni iqtidara gətirirsə, o ölkəni idarə edərsən. Gün gələcək, sən də gedəcəksən. O kreslolar ömürlük deyil. O kreslolar keçicidir”.
Diktatorlar nə yazıq ki, bu həqiqəti dərk edəndə oturmağa, nə kreslosu, nə də sözünü eşidə biləcək xalqı olur, yeganə arzuları sağ-salamat öz ölkəsini tərk etmək olur.
5. Rəbiyyət Aslanova, deputat: “Bəzən biz beynəlxalq etirafa nail olan insanı, sonra milli etiraf səviyyəsinə yüksəldirik. Amma gəlin milli etirafa nail olan insanı beynəlxalq etirafa hazırlayaq və onu dünyaya təqdim edək”.
Xanım deputatdan növbəti qəliz, rəngarəg açıqlamaya cavab olaraq bildirmək istəyirik ki, Azərbaycanın hər hansı aliminin “dünya etiraf”ına layiq görülməsi prezident aparatı ilə razılaşdırılmır və heç bir ölkəyə kvota ayrılmır. “Milli etiraf”a nail olan (!) akademik dünyada tanınmırsa, mütləq tanınandan qisas alır, bax bunu, həqiqətən təqdim etmək lazımdır.      
6. Yusif Hidayətov, Tibb Universitetinin dosenti: “Mənim kitablarımı tələbələr lazım olanda kitabxanadan götürüb oxuyur. Lakin Canbaxış müəllim kafedraya müdir təyin olunandan sonra mənə dedi ki, kitabı onun adı birinci olmaq şərti ilə, nəşr etdirək, satışı isə onun boynuna, burada xeyli pul qazanmaq olar”.
Hazırda Canbaxış müəllim 125 min dollarlıq “CIP”də gəzir, özü də deyirlər, heç kəs kitab oxumur.
7. Gülər Əhmədova, deputat: “Əlbəttə, Əvəz Zeynallı başa düşür ki, mənimlə təkbətək qalanda ortadakı faktlara cavab verməli olacaq”.
Mən istər-istəməz Gülər Əhmədovanın nəzarətində olan “Mərkəz” saytının, “Azadlıq” deyə qışqırdığına görə saxlanılan (!) 5 yaşlı körpənin anası haqda təhqiramiz, həqiqətə uyğun olmayan “operativ” məlumat verməsini xatırlayıram. Xəbəri isə bir yüngül əxlaqlı qadından “almışdılar”. Uşaq Fondu rəhbərini, 5 yaşlı uşağın taleyi maraqlandırmadı. Oxşar hərəkət isə, hazırda 2 məsum körpəni ata qayğısından mərhum edib.
8. Tahir Süleymanov, “Neftçi” klubunun vitse-prezidenti:  “Bizə 90-cı dəqiqədəki penalti yox, 10-cu dəqiqədəki halal penalti lazımıydı”.
Qafqaz Müsəlmanları Idarəsinə muştuluq! Kolbasa, sosiska, indi də penalti…
9. Zirəddin Rzayev, şou-biznes görücüsü: “2013-cü ildə xalq artisti Faiq Ağayevin bir, müğənni Elnur Məmmədovun isə biri qız biri oğlan olmaqla iki övladı dünyaya gələcək. Aygün Kazımova isə ərə getməyəcək, Namiq Qaraçuxurlu isə evlənəcək”.
Allah sənə rəhmət eləsin, Mirzə Cəlil…