Azərbaycan Beynəlxalq Bankının sabiq sədri Cahangir Hacıyev həbs edilib.
Strateq.az xəbər verir ki, maliyyə xəyanətində suçlanan Cahangir Hacıyev dünən gecə saatlarında DİN-in müvafiq qurumlarının keçirdiyi əməliyyat zamanı saxlanılıb.
Virtualaz.org saytı isə yazır ki, hüquq-mühafizə orqanlarından öyrəndiyinə görə, Cahangir Hacıyev həbs olunmayıb. Onu dekabrın 4-də növbəti dəfə DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində (“Bandotdel”) dindirməyə çağırıblar. Ondan “Beynəlxalq Bank işi” ilə bağlı ifadələr alınır.
Lakin strateq.az-ın yaydığı xəbəri Daxili İşlər Nazirliyindən təsdiqləyiblər. Nazirlikdən APA-ya bildirilib ki, C.Hacıyev DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılıb.
“Qafqazinfo.az” saytı isə məlumat yayıb ki, Cahangir Hacıyev barəsində Nərimanov rayon məhkəməsinin qərarı ilə 4 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Sabiq bankir Cinayət Məcəlləsinin 178.3.2 – dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə və 179.3.2 – külli miqdarda mənimsəmə maddələri ilə ittiham edilir.
Canahgir Hacıyev həm də 17 oktyabrda vəzifəsindən uzaqlaşdırılan Milli Təhlükəsizlik naziri Eldar Mahmudovun qudasıdır. Onun bir neçə dəfə həbs olunduğu xəbəri yayılsa da, məlumatlar öz təsdiqini tapmamışdı.