Nardaran notları

elnur-astanbeyliElnur Astanbəyli

elnurastanbeyli@gmail.com

(Ikinci yazı)

Nardaranda 2015-ci il noyabr hadisələrinə bənzər olaylar 2002-ci ildə də yaşanmışdı. Qısaca xatırladaq: onda da silahlı qarşıdurma yaşanmış, onda da qan tökülmüş, bir nəfər Nardaran sakini ölmüş, polislər arasında yaralananlar olmuş, polis maşınları yandırılmışdı.

Onda nardaranlılar olayın kökünü sosial problemlərinə bağlamış, hökumət isə qarşıdurmanın Iranın təhriki ilə baş verdiyinə işarə vurmuşdu.

Bu xatırlatmanı etməkdə bircə məqsədim var, soruşmaq istəyirəm: rejim aradan keçən 13 ildə Nardaranı geri qazanmaq, ora bir gün daxili qoşunları ilə girməmək üçün nə etdi?!

Başqa vaxt “regionun lider dövləti” ilə öyünənlər doğrudanmı, 13 ildə Bakının qulağının dibindəki bir kəndin problemlərini sivil şəkildə həll etməkdə aciz qalmışdı? Doğrudanmı, polis gücü, silah son çarə idi? Doğrudanmı, Nardaranla bağlı narahatlıqları dialoqla aradan qaldırmaq mümkünsüzləşmişdi?

Kimsə qüsura baxmasın, bu suallar səslənməlidir, məsələnin bu tərəfi də sorğulanmalıdır.

Qubada camaatın bir dərdi-səri varsa, bunu həll etmək üçün orada insanların səbr kasasının daşmasını, kiçik bir qığılcımın partlayışa çevrilməsini, hansısa qiyamın yetişməsinimi gözləməkmi lazımdır? Gözləmək lazımdır, insanlar ayaqlansın, sonra da onların üzərinə qoşun göndərilsin və məsələ zor, zopa gücünə yoluna qoyulsun. Ismayıllı da elə. Nehrəmdə, Bənənyar da elə. Binədə sahibkarların ayaqlanması zamanı da elə.

Hadisələrin real mahiyyəti, motivləri fərqli ola bilər, mən burda müxtəlif zamanlardakı vətəndaş-hakimiyyət toqquşmalarını qətiyyən eyniləşdirmirəm, mənim indi anlatmaq istədiyim başqa şeydir: yaptokratiya doğrudanmı elə hesab edir ki, bütün etirazların, narazılıqların yeganə həll yolu polis gücüdür? Nardaranda iddia etdikləri kimi, Iran təhriki, Iran təsiri varsa, axı bunu önləməyin yolu ancaq qandan keçməməlidir. Qan hər problemdən çıxış yolu olmamalıdır və deyil də zatən. Hələ-hələ qarşındakı əqidəsindən, dünyagörüşündən asılı olmayaraq, öz vətəndaşındırsa, bu, ümumiyyətlə, qəbuledilməzdir. Dövlət öz vətəndaşını itirmək yox, qazanmaq haqqında düşünməlidir. Dövlətin öncəliyi hardasa dörd vətəndaşını öldürməkdən əvvəl onları yaşatmaq, əgər yanlış yoldadırlarsa, həmin yoldan döndərmək, doğru yola yönləndirmək olmalıdır. Dövlət bunun üçün bütün sivil imkanları sonadək səfərbər etməyi bacarmalıdır.

Amma nə yazıq ki, bütün bunları YAP hakimiyyətindən gözləmək artıq çətin məsələdir. Ortada “dövlət” adına bir ovuc adamın hüdudsuz hakimiyyəti varsa, bu, hətta qeyri-mümkün işdir.

Heç kim özünü aldatmasın: bu gün hansısa kənddə dini radikalizmi ifadə edən şüarlar, rəmzlər yığışdırılırsa, bu heç nəyi həll etmir. Nəticə ilə mübarizə əbəsdir. Səbəblər araşdırılmalı, səbəblər üzərində düşünülməli, səbəblər aradan qaldırılmalıdır. Səbəblər qaldıqca, nəticələr dəyişməyəcək. Axı necə ola bilər, sən güclü dövlətsən, hətta o qədər güclüsən, bütün dünya sənə heyranlıq duyur, “inkişafın Azərbaycan model”ini öyrənmək üçün əldən-ayaqdan gedir, amma öz ölkəndə kimlərsə Irana heyranlıq duyur? Kimlərsə Rusiya təəssübü çəkir, kimlərsə Səudiyyə Ərəbistanı aşiqidir? Niyə hətta Gürcüstandakı həyat tərzinə belə, həsəd aparır sənin vətəndaşların? Niyə onlar beş-üç manat üçün xarici missionerlərin təsiri altına düşürlər? Niyə bu ölkənin insanları sizin, haqqında təntənə ilə danışdığınız “analoqsuz inkişafı”nızı, yaratdığınız xoş güzəranı, yerüstü cənnəti qoyub Suriyada, Iraqda “cənnətə düşmək” uğrunda qanlı yarışa girirlər?! Bu suallar cavabsız qalmamalıdır, çünki hakimiyyətdəkilər o sualların cavabı üzərində baş sındırmadıqca acı nümunələr, nə yazıq ki, təkrarlanmaqda davam edəcək.

Yaptokratlar izah etməlidirlər görək: bir yandan kimlərisə 2 dövlətin konstitusion quruluşunu dəyişmək” cəhdində, dini ekstremizmdə günahlandırıb həbsə atarkən, niyə o biri tərəfdən də Azərbaycanın Respublika quruluşunun qatı tərəfdarı olan Ilqar Məmmədov qondarma ittihamlarla həbsə atılır? Kimlərisə hakimiyyətə qarşı “silahlı mübarizəyə hazırlaşdığına” görə həbs edirsiniz, bəs hakimiyyətlə sivil, siyasi mübarizədən qeyri-yol tanımayan Tofiq Yaqublu kimi adamlara niyə saxta, sifarişli məhkəmələr qurursunuz?