«Polis idarəsində üzrxahlıq elədilər, artıq məsələ həll olunub…»
Azərbaycan Ziyalılar Birliyinin sədri, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, kinodramaturq Eldəniz Quliyevin Irana gedərkən sərhəddə saxlanılıb polisə təhvil verilməsi texniki səhvin nəticəsi olub. Bu barədə “Azadlıq”a açıqlama verən Eldəniz Quliyev bildirib ki, ölkədən buraxılmaması və 8 saata yaxın polis şöbəsində saxlanılmasının səbəbini öyrənmək üçün dekabrın 4-də Nəsimi Rayon Polis Idarəsinə gedib. Kinodramaturq idarənin istintaq şöbəsinin rəisi Oruc Əmiraslanovla görüşüb.
Qeyd edək ki, Astara sərhəd-buraxılış məntəqəsində Eldəniz Quliyevə ölkədən buraxılmamasına səbəb kimi, Nəsimi Rayon Polis Idarəsinin müvafiq qərarı göstərilib.
“Üzrxahlıq elədilər, bildirdilər ki, texniki səhv olub. Qeyd olundu ki, artıq Daxili Işlər Nazirliyinə müraciət edilib və problem həllini tapıb”, – deyə Eldəniz Quliyev bildirib.
Texniki səhvin nədən ibarət olmasına gəlincə, daxili işlər naziri Ramil Usubovun iddiası əsasında Nəsimi Rayon Məhkəməsinin Eldəniz Quliyev barədə hökmündə əksini tapmış 1000 manatlıq cərimə və 480 saat ictimai işlər cəzası ödəniləndən sonra Ədliyyə Nazirliyi kinodramaturqun ölkədən çıxışına qadağanı ləğv etsə də, Nəsimi Rayon Polis Idarəsi sistemdə bunu aradan qaldırmayıbmış.
Irana həm beynəlxalq kino konfransında iştirak, həm də müalicə məqsədilə səfər etmək istədiyini deyən Eldəniz Quliyev problem həll olunmasına baxmayaraq, yaxın günlərdə ora getmək niyyətində deyil: “Çox əziyyət çəkdim, adam hər şeyi açıb danışa bilmir. Ona görə bu tezliklə yenidən yola çıxa bilmərəm. Həm də konfransda mənim çıxışım nəzərdə tutulmuşdu. O da artıq keçdi. Amma bir-iki aydan sonra müalicə üçün Irana gedəcəm”.
Xatırladaq ki, Eldəniz Quliyev dekabrın 3-də Irana gedərkən Astaradakı sərhəd-buraxılış məntəqəsində saxlanılaraq polisə təhvil verilib. Ona deyilib ki, ölkədən çıxışına qadağa var. Kinodramaturq təxminən 8 saat Astara Rayon Polis Şöbəsində saxlanılandan sonra iltizam alınaraq buraxılıb.
Aytən Məmmədova




