Yaxud cinayətkar bu qədər sadəlövh ola bilərmi?
Təbii ki, ölkənin təhlükəsziliyinə həssas yanaşmaq lazımdır. Hüquq mühafizə orqanları bütün zəruri addımları atmalıdır. Bu yazıda məqsədimiz polisin işinə kölgə salmaq deyil. Polis əmri yerinə yetirməli və qanunu pozanlar haqqında ölçü götürməlidir.
Amma Nardaranla bağlı əməliyyatlar və sonradan bu əməliyyatların Gəncəyə, Lənkərana sıçraması, daha sonra Maştağada əməliyyat keçirilməsi bəzi suallar doğurur.
Həm də bu suaların yaranması üçün kifayət qədər əsaslar var. Çünki, müxalifət faallarına qarşı bugünə qədər silah və narkotika ittihamı çox olub. Kiminsə cibindən avtomat gülləsi, kiminsə evindən silah-sursat, kiminsə cibindən tank əleyhinə qumbara “tapılıb”.
Məsələ burasındadır ki, Tale Bağırzadə həbs olunub, deyilənə görə, onun adamlarında silah tapılıb. 1 həftə sonra isə Maştağada Tale Bağırzadənin müavininin evindən silah tapılır. Yaxud Gəncədə, Lənkəranda “Müsəlman Birliyini”nin üzvlərinin evindən silah tapırlar.
Bu nə qədər məntiqlidir? Tale Bağırzadə həbs olunubsa, onun müavini hansı ağılla bu həbsdən sonra evində silah saxlayar? Axı, bir terrorçu, dövlət çevrilişi etmək fikrində olan adam bu qədər sadəlövh ola bilməz. Hələ ilk gündən Tale Bağırzadənin adamlarında silah olması inandırcı görünmürdü. Çünki, mütəmadi olaraq izləndiyini bilən adam heç vaxt üstündə qumbara, silah gəzdirə bilməz. Indiki halda isə Nardarandakı vəziyyət hökumətin təbliğatı ilə üst-üstə düşmür. Rəsmi açıqlama budur ki, 3-4 avtomat və qumbara tapılıb. Yəni reallıq təqdim edilən kimi olsaydı, Nardaranda külli miqdarda silah-sursat tapılmalıydı.
Ona görə də bu pərtliyi aradan götürmək, deyilənləri təsdiqləmək üçün müxtəlif yerlərdən silah “tapmağa” başlayıblar. Sanki, Tale Bağırzadənin müxtəlif rayonlardakı tərəfdaşları silahı çiynindən asıb evində oturub və polisin əməliyytını gözləyirlər.
Yəni bu qədər primitiv, məntiqə uyğun olmayan əməliyyatlar daha ciddi suallar ortaya çıxarır. Heç olmasa bu silah-sursatlar əməliyyata start verilən gün tapılsaydı, məntiqli görünərdi.
Biz hazırda qarşı tərəfi dinləyə bilmədiyimiz üçün qarşı tərəfin hüquqlarına da hörmətlə yanaşmalıyıq. Ona görə də bu yanaşmaların ortaya çıxması ədalətlidir.
Ümumi mənzərəni nəzərdən keçirəndə məqsədin tamam başqa olduğu və Nardaran əməliyyatlarının arxasında hökumət maraqlarının dayandığı daha real görünür.
Samir