Bakıya səfəri artıq başa çatmış Türkiyənin baş naziri Əhməd Davudoğlu burada bir sıra görüş və ziyarətlərlə yanaşı, Azərbaycan Diplomatik Akademiyasında da olub. O, Akademiyanın tələbə, müəllim heyəti və qonaqlar qarşısında çıxış edib. Baş nazir çıxışında Rusiya hərbi təyyarəsini vurmaları ilə yaranmış gərgin vəziyyət və Azərbaycan ərazilərinin işğal edilməsi mövzularına da toxunub.
Təyyarə böhranına görə Rusiyandan Türkiyənin ünvanına yağdırılan ittihamları rədd edən baş nazir bunları “Soyuq müharibə” dövrünün əlamətləri adlandırıb və Rusiya hökumətini bundan imtinaya çağırıb. Davudoğlu Kremlin Türkiyəyə qarşı sanksiya və hədələrinə, eləcə də Ankaranın Rusiyadan üzr istəməli olduğuna dair çağırışlara da sərt cavablar verib:
“İqtisadi sanksiyaların Türkiyə kimi qürurlu bir dövləti, türk xalqı kimi məğrur bir milləti diz çökdürəcəyini düşünənlər yanılırlar. Biz İstiqlal Savaşında ac qaldıq, amma boyun əymədik. Çanaqqala savaşında yeddi dövlətlə mücadilə etdik, amma boyun əymədik. İstiqlalımız, sərhədlərimizin toxunulmazlığı mövzu olduğunda, edə bilməyəcəyimiz fədakarlıq yoxdur.
Biz sərhədimizi qoruduğumuz üçün üzr üstəmərik, hesabımızı da yalnız əziz millətimiz qarşısında verərik…”.
Azərbaycan ərazilərinin işğalı barədə danışan Davudoğlu bu məsələdə Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını deyib:
“Can Azərbaycanın işgal altındakı torpaqları işgaldan qurtuluncaya qədər Türkiyə dövlətinin hər zaman Azərbaycanın yanında olacağını bir daha vurğulamaq istəyirəm. Buradan Ermənistana çağırış edirəm. Sizə aid olmayan torpaqları sülh içində öz sahibinə qaytarsanız Türkiyə-Gürcüstan-Azərbaycan arasında yaranan ittifaqa siz də qatıla bilərsiniz. Azərbaycanın hər qarış toprağı əzizdir və mütləq işğaldan azad edilməlidir”.

azadliq.info




