Onlara alim demək olarmı? (Ikinci yazı)

Azərbaycanda elmlər namizədlərini alim adlandırırlar. Elmlər namizədləri də özlərini alim sayır. Yanlış yanaşmadır. Elmlər namizədinə ən yaxşə halda “elmi araşdırmaçı”“” və ya “elmi tədqiqatçı”“” demək olar. Bəzi elmlər namizədlərinə isə ümumiyyətlə, elmi araşdırmaçı da demək düzgün deyil, nədən ki, yazdıqlarının əsla elmə aidiyyətı yoxdur.

Indi sizə təqdim edəcəyim namizədlik dissertasiyalarının mövzularına nəzər salın və əminəm ki,  gəldiyim qənaətlə razılaşacaqsınız.
Lütfən, diqqətlə oxuyun:
– “Zoologiyanın tədrisində şagirdlərin fermer təsərrüfatı əməyinə hazırlaşdırılmasının imkan və yolları”;
– “Internat məktəbləri şəraitində böyüyə hörmət tərbiyəsi”;
– “Ibtidai siniflərədə ideya-siyasi tərbiyənin formalaşmasında Heydər Əliyev irsindən istifadənin elmi-pedoqoji əsasları”;
– “Azərbaycan cəmiyyətində intellektual elitanın formalaşmasında Heydər Əliyevin rolu”;
– “Cənubi Qafqazın qloballaşma proseslərinə inteqrasiyasında Heydər Əliyevin rolu”;
– “Heydər Əliyev və Azərbaycan mətbuatı”;
– “Camışlarda baş skeletinin ekoloji və yaş xüsusiyyətləri”;
– “Kiçik həcmli əl çiləyicisinin işləmə texnologiyasının və iş orqanlarının işlənməsi”;
– “Fermer təsərrüfatında peyinin təmizlənməsi”;
– “Azərbaycan respublikasının qəsəbələrində mənzil tikintisinin inkişafı”;
– “Pərpətöyündən müxtəlif çeşidli qida məhsulları istehsalının tədqiqi”;
– “Heydər Əliyevin diplomatiyadakı liderliyi”;
– “Naxçıvan MR-nın rayonları üzrə əkin sahələri və əkilmiş məhsulların bölüşdürülmə məsələsi”;
– “Azərbaycan Respublikasının milli təhsil quruculiuğunda Heydər Əliyevin rolu”;…
Dəyərli oxucu, elə buradaca sual edirəm, tanış olduğun bu dissertasiya mövzularının hansı birinin elmə aidiyyəti var? Son on ildə onlarla deyil, yüzərlə adam  belə cızma-qara sayəsində elmlər namizəd diplomuna layiq görülüb. Böyük ehtimalla onların əksəriyyəti universitetlərdə dərs deyir, müxtəlif imtiyazlara sahibdir və məclislərdə alim kimi başa keçirlər. Daha “istedadlıları” isə bir neçə ildən sonra doktorluq dissertasiyası müdafiə edərək, “elmlər doktoru”, professor titullarına yiyələnir.
Azərbaycan elmi bax belə inkişaf edir. Lap dürüstü inkişafda olan elm deyil, arxası olanların elmi titullarının inkişafıdır. Hakim elita arasında elmi adlara sahib olmaq dəbə minib. Bu gün vəzifə sahiblərinin böyük bir qisminin cibində “elmlər namizədi” diplomu var.
Cəmiyyətin yaxşı tanıdığı bəzi zatların dissertasiya mövzuları ilə tanış olmanız pis olmaz.
Yəqin ki, YAP-ın ağır artilleriyalarından olan Siyavuş Novruzovun hüquqşünas olduğunu bilirdiniz. Onun namizədlik dissertasiyasının mövzusu isə güman edirəm ki, oxucuların, xüsusən müxalif partiya təmsilçilərinin diqqətini çəkəcək.
“Seçki kampaniyasının planlaşdırılması və idarə olunması”. Siyavuş Novruzovun namizədlik mövzusunun adı yadınıza rejimin son 18 ildə keçirdiyi seçkiləri salacağına əminəm. Onu da xatırladım ki, Siyavuş müəllimin elmi rəhbəri YAP-ın qocaman üzvü professor Murtuz Ələsgərov olub.
YAP-ın və Milli Məclisin rəhbərliyinə daxil Bahar Muradova da elmlər namizədidir. “Ermənistan-Azərbaycan münaqişəsi və Dağlıq Qarabağ probleminin nizama salınmasında ATƏT-in rolu” mövzusunda dissertasiya yazıb. Elmi rəhbəri də tarix elmləri doktoru, professor Əli Həsənovdur. O Əli Həsənov ki, həm Prezident Administrasiyasında mühüm vəzifə tutur – şöbə müdiridir, həm Dövlət Idarəçilik Akademiyasında kafedra müdiri vəzifəsində çalışır. Və həm də elmi kadrlar hazırlanmasına enerji sərf edir.
“Müasir dövrdə Azərbaycan-Yaponiya münasibətləri”- Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbovun oğlu Rzanın, “Beynəlxalq təşkilatlar çərçivəsində beynəlxalq terrorizmə qarşı mübarizə”- Bakı meri Hacıbala Abutalıbovun oğlu Israfilin, “ Azərbaycan Respublikasının iqtisadi suverenliyi və beynəlxalq hüquq”- Müdafiə nazirimiz Səfər Əbiyevin oğlu Ruslanın, “Heydər Əliyev fondunun timsalında Azərbaycanda fond siyasəti”- dünənə qədər Səbayil rayonunun icra başçısı olmuş Sahib Ələkbərovun oğlu Anarın, “Beynəlxalq hüququn mütərəqqi inkişafında beynəlxalq təşkilatların rolu”- Milli Məclisin komissiya sədri Hadı Rəcəblinin oğlu Vüsalın, “Siyasi institutlar, etnosiyasi proseslərdə televiziyanın yeri və rolu” Ictimai TV-nin patronu Ismayıl Ömərovun müdafiə etdikləri elmi mövzuların adıdır.
Siyahını uzatmaq istəmirəm. Nədən ki, “Azərbaycanda elm inkişaf edir” deyənlərə sual verməyin vaxtıdır. Cənablar, budur elmin inkişafı?
Azərbaycanda elmin inkişafına birbaşa cavabdeh olan və məsuliyyət daşıyan Milli Elmlər Akademiyası var. O təşkilatın rəhbərləri olan akademiklər nə düşünürlər, gündən-günə çiçəklənən böyüyən “elm bazarından”“ bixəbərdirlər bəlkə?
Ümumiyyətlə, Elmlər Akademiyası Azərbaycanda elmi inkişaf etdirmək iqtidarındadırmı?  Akademiklərin özləri elmə nə verib? Növbəti yazını gözləyin…