Insanlar üçün kimdənsə, nədənsə müsbət impuls almaq nə qədər önəmli və vacibdir! Şəxsən mənim buna zərrə qədər şübhəm yoxdur. Əgər kimsə sizə deyirsə ki, o, ümidlərə qapılmır və ümidlərlə yaşamır, inanmayın ona! Insan çörəyə və suya möhtac olduğu kimi, ümidə də möhtacdır, ümidsiz insan isə tükənmiş bir məxluqdur.
Mənim üçün bəlkə də ən qəfil fikir bir din adamının çıxışından oxuduğum fikir olub. Həmin ilahiyyatçı (həm də həkim və özü də professor) demişdi ki, insanı ölümə də hazırlamaq lazımdır! Bəli, həmin vaxt insan maddi dünya ilə bağlı bütün ümidlərdən əl çəkir, daha heç nəyə ümid bəsləmir, özünün öləcəyini yəqinləşdirir. Lakin insan təxəyyülü təkcə maddi dünya ilə yekunlaşırmı? Əsla! O, yenə ümid edir, bəli, Tanrının mərhəmətini qazanacağına və bağışlanacağına ümid bəsləyir. Bəlkə deyəcəksiniz ki, indi hamı, o cümlədən də bu sətirlərin müəllifi ilahiyyata qapılıb. Yox, belə deyil. Sadəcə, mən fikirləşirəm ki, ümid də insan üçün sosial ümmunitetdir (təkcə sosialmı?). Məsələn, bu günə qədər həkimlər A.Puşkinin həkimini qınayırlar və belə hesab edirlər ki, əgər o, şairə öləcəyi haqda acı həqiqəti deməsəydi bəlkə də orqanizm bütün gücünü toplayar və şair xilas olardı! Doğrudan da, bəlkə elə belə də olacaqdı?! Kim bilir?!..
Mənim bu sətirləri yazmaqda fikrim heç də ümid haqda bir esse quraşdırmaq deyildi. Sadəcə, bu sosial mühit və ətrafdakı siyasi gerçəkliklər bizi boğur, “nəfəs almaq” ildən ilə çətinləşir. Əgər özümüz ümidsizləşiriksə başqalarına necə ümid verək? Mən bu haqda çox fikirləşirəm. Mənə elə gəlir ki, sosial – demokrat Bernşteyn kimi insanla açıq danışmaq lazımdır və onu məqsəd adlı bir gözləntinin ağır, çox ağır bir yükündən xilas etmək lazımdır. O deyirdi ki, məqsəd heçdir, əsas hərəkətdir və daim hərəkət etmək lazımdır! Son məqsəd haqda düşüncələr, qayğılar və tərəddüdlər bizi çox yorur, üzür. Bir addım atmamışdan dərhal onun nəticə və məqsədləri haqda düşünürük. Dərhal da tərəddüdlər yaranır: alınacaqmı? Bu “Alınacaqmı?” sualı ayaqlarımızda buxova və zəncirə çevrilir, bizi addım atmağa qoymur. Üstəgəl, insanların vərdiş etdiyi məşhur sual var: sözünü ağzından çıxarmamış dərhal soruşurlar ki, axı, məqsədin nədir? Mənim bir seminar yadıma gəlir. Bu, Moskvada olmuşdu. Kvant kosmologiyasının lap yenicə meydana çıxdığı vaxt onun yaradıcılarından biri, hal-hazırda xaricdə yaşayan A.Linde çıxışını “Mən özüm də bütün bunları dumanlı şəkildə başa düşürəm” deməklə başladı. O vaxt bu, heç kimə qəribə görünmədi. Indi bir söz deyəndə hamı dərhal onun bütün təfərrüatlarını soruşur: necə olacaq, nə nəticə verəcək? Adam həqiqəti deməyə qorxur. Bəli, deməyə qorxursan ki, axı, mən özüm də bilmirəm…
Bəli, dayanmadan, fasiləsiz olaraq azadlıq və demokratiya uğrunda mübarizə aparmaq lazımdır. Nəticəsi nə olacaq və biz nəyə nail olacağıq? Bilmirəm, bilmirik və hətta bilmirlər də! Onu bilirəm ki, dayanmaq olmaz, hərəkət etmək lazımdır, yazmaq, müsahibələr vermək, insanlara izah etmək lazımdır… Nəticə haqda isə heç nə bilmirəm. Buradaca son illərin bir siyasi lətifəsi yadıma düşür. Əslindəsə bu, lətifə deyil, olan bir hadisədir. Hamı deyirdi ki, bir yeni Lenin tapılmır ki, təzə “Nə etməli”, yaxud da yeni “Aprel tezisləri” yazsın! Bəli, bu, müxalif düşərgədə ən çox eşidilən siyasi gileydir. Amma yeni Leninə ehtiyac varmı? Bunu etmək olar, amma o beşillik planların təkrarı olacaq: ortaya plan qoyulacaq və bu plana çatmaq üçün bütün itkilərə gediləcək! Amma biz bunu görmüşük! Bu yol da böyük insan resurslarına və təbii ehtiyatlara baxmayraq, 70 ildən çox çəkə bilmədi!
Kiçik sözardı
Bəlkə də on ildən artıqdır ki, fəal siyasi fəaliyyətdən uzaqlaşmışam. Amma yazmağa, danışmağa bir gün də ara verməmişəm: yazmışam, danışmışam! Bunu niyə deyirəm? Mən özümü daim isanlar qarşısında hiss edirəm. Daim də insanların önündə olan şəxslərə yönələ biləcək sualları xəyalən olsa da hiss etməyə çalışıram. Insanlar nə soruşa bilər? Onlar nəyi tələb edə bilər? Daim bu məsuliyyəti hiss edirəm: cavab vermək məsuliyyətini…



