Almaniya parlamentində ölkənin Suriyada özünü İslam Dövləti adlandıran qruplaşmaya qarşı mübarizə üçün hərbi dəstəklə bağlı səsvermə baş tutacaq.
Deputatların mübahisəli planı dəstəkləyəcəyi gözlənilir, BBC-nin Berlindəki müxbiri xəbər verir.
Bundan sonra Tornado kəşfiyyat təyyarələrinin, hərbi dəniz freqatı və 1,200 hərbçinin regiona göndəriləcəyi bildirilir. Lakin alman qüvvələri döyüşlərdə iştirak etməyəcək.
Səsvermə ötən ay baş vermiş Paris hücumlarının ardından Fransanın müraciətindən sonraya təsadüf edir.
Cümə axşamı, Böyük Britaniya deputatları Suriyada hava kampaniyasının lehinə səs verəndən bir neçə saat sonra Britaniya Suriyada İD-ə qarşı ilk hava zərbələrini həyata keçirib.
Almaniyalı deputatların təklifi cümə günü təsdiqləyəcəkləri gözlənilsə də, bir çoxları bunu “könülsüz” edəcəklərini bildiriblər, BBC-nin Berlin müxbiri Jenny Hill məlumat verir.
Bəzi deputatlar missiyanın genişləndirilməsi ilə bağlı narahatlıq ifadə ediblər.
Nazirlər hesab edirlər ki, indi Almaniya İD-in hədəfidir. Həmçinin, onlar Fransa ilə həmrəylik nümayiş etdirmək istəyirlər, müxbirimiz əlavə edir.
Almaniya silahlı qüvvələr birliyi aydın şəkildə məqsəd müəyyən edilmən münaqişəyə girməyə qarşı xəbərdarlıq edib.
Yaşıllar Partiyasının sədri Simone Peter missiyanın hüquqi bazası ilə bağlı narahatlığını bildirib.
Əgər qərar təsdiq olunsa, bu Almaniyanın xaricdə ən böyük hərbi əməliyyatı olacaq.
İndiyə qədər Almaniyanın ən böyük xarici missiyası Əfqanıstanda olub, amma tədricən o qüvvələrin sayı azaldılıb.
Ötən həftə Almaniya İD yaraqlılarına qarşı mübarizədə fransız qoşunlarına qoşulmaq üçün Maliyə 650 əsgər göndərmək barədə qərar qəbul edib.
Alman ordusunun 700 əsgəri isə NATO-nun Kosovoda vəziyyəti stabilləşdirmək əməliyyatının bir hissəsidir.