Inşallah, tezliklə bu əzabdan qurtularsınız, Əli müəllim!

Həmişə o fikirdə olmuşam, bütün faciəvi və biabırçı açıqlamalarına baxmayaraq, yenə də o düşüncədə dirənməkdə davam edirəm ki, bu hakimiyyətin gözünün görəcəyi, olanı-qalanı, sadiq bir intellekti varsa, o da Əli Həsənovdur.

Amma binəva neyləsin ki, heç bir yalan, heç bir siyasi manevr, heç bir müqayisə hakimiyyətin eyiblərini ört-basdır etmək və əsaslandırmaq gücündə deyil. Günah keçisi tapmaq lazımdır, amma necə? Müxalifəti nə deyib günahkar çıxartsın Əli müəllim? Prezident gedib Dubayda nə az, nə çox, düz 4 villa alır və beynəlxalq mətbuat bunu yazır, biçarə Əli müəllimi verirlər qabağa. Di gəl, bu zıppıltının qarşısında söz tap, danış, görüm necə danışırsan!
Yenə qabiliyyətli siyasətçidir Əli Həsənov, əcəb də çevik beyni var: iki daşın arasında Ilham Əliyevin qudasının geniş maliyyə imkanlarına malik iş adamı olduğunu dedi və sözündən belə çıxdı ki, Dubaydakı villaları Araz Ağalarov milli adət-ənənəmizə uyğun olaraq, “başlıq parası” kimi qız evinə hədiyyə edib. Neyləməliydi? Dubaydakı villaların alınmasında müxalifəti günahkar çıxarmalıdı?
Adamın boyuna bir vəzifə biçib oturdublar orda və bütün çatışmazlıqların baiskarı kimi müxalifəti yıxıb-sürümək lazım olduğunu tapşırıblar. Yaxşı, Əli müəllim nə desin? Desin ki, Oğuz-Qəbələ-Bakı su borusunun belə zay, keyfiyyətsiz çəkilməsinin, yüz milyonlarla yeyintinin günahkarı rüşvətxor Isa Qəmbərdir? Yoxsa, Heydər Əliyev Muzeyinin tikintisinə 1 milyard manat vəsait ayrılmasının səbəbkarı korrupsioner Əli Kərimlidir? Sahibkarların anasını ağladan, ölkə vətəndaşlarını mələdən, Kürdəxanıda əla bir təcridxana tikib yeni iş yeri açan və özgür insanlara 10-15 il iş verən, Rafiq Əliyevi işdən qovduran müxalifətdirmi ki, Əli müəllim yapışsın onların yaxasından, atsın xalqın ayaqları altına!..
Rafiq Əliyev dedim, Rafiq Tağını xatırladım. Dünən Azərbaycandakı söz azadlığının vəziyyətini özündə tam mənası ilə əks etdirən bu sui-qəsdlə bağlı maraqlı məlumat aldım. Dostlar danışır ki, cinayət işini aparan müstəntiq Rafiq Tağının doğmalarına əla bir tapşırıq verib: deyib, gedin hadisə yerinə, axtarın, cinayət aləti olan bıçağı tapıb gətirin! Görürsünüzmü hakimiyyətin Rafiq Tağının bıçaqlanmasına verdiyi reaksiyanı? Müstəntiq zəhmət çəkib cinayət alətini axtarmaq belə istəmir və bu xəbər ildırım sürətilə ölkəyə yayılır. Belə vəziyyətdə Əli Həsənov nə qayırsın? Günahı kimin boynuna atsın? Elmar Hüseynovu qətl, Bahəddin Həziyevi şikəst edənlər tapılmadığına görə Əli müəllim kimi suçlasın? Müxalifətimi?
Ümid qalır “ümummilli” problem olan Dağlıq Qarabağ məsələsinə. Əli Həsənov da məhz bunu edir, deyir ki, müxalifət Dağlıq Qarabağı ermənilərə verməyə hazırdır. Sübut?
Əlbəttə var: 1992-ci ilin sonlarına doğru Azərbaycan Milli Ordusu Qarabağda uğurlu hərbi əməliyyatlar keçirərkən və Dağlıq Qarabağı ermənilərdən təmizləyərkən Naxçıvan Muxtar Respublikası Ermənistanla bir-birinə hücum etməmək və atəşkas haqqında müqavilə imzaladı. Nəticədə ermənilər Naxçıvan sərhədində saxladıqları yeganə ordunu – Sasun David korpusunu da Qarabağa gətirməklə müharibənin taleyini dəyişdilər. Həmin vaxt Xalq Cəbhəsi hakimiyyətdəydi və Naxçıvanın özbaşına verdiyi qərarın məsuliyyətini daşıyırdı. Ancaq bir dəqiqə, həmin vaxt Naxçıvan Ali Məclisinin sədri Heydər Əliyev, Naxçıvandakı korpusun komandiri isə hazırkı müdafiə naziri Səfər Əbiyev idi, axı!
Alınmadı. Baxın və görün ki, Əli Həsənovu nə günlərə salırlar. Adam gül kimi söz deyir, çiçək kimi arqument tapır, ancaq əsaslanmağa gələndə içindən bir hoqqa çıxır. Indi Əli müəllim Qarabağın verilməsi məsələsini müxalifətə necə yükləsin? Dediyi bu yalanı necə faktlaşdırsın?
Bunları yadına sala-sala xəyalən Afrikaya səfər edən Əli Həsənov unikal bir təklif də verir – əlbəttə, söhbət müxalifətin əlinə silah alıb hakimiyyətə qarşı vuruşmasını təqdir etməkdən gedir. Əli müəllim, hətta silahlı qarşıdurmanı belə, təqdir edir. Niyə?
Çünki artıq yorulub, usanıb, taqəti qalmayıb. Adam nə qədər Azərbaycan hakimiyyətinin etdiyi qanunsuzluqlara don geydirməlidir? Nə vaxta qədər sərbəst toplaşmaq azadlığından istifadə etməyə çalışan, azad söz uğrunda çalışan Azərbaycan vətəndaşlarını, jurnalistləri, baş redaktorları şərləyib türməyə soxacaqlar, Əli müəllim də hamısına bir “əsas” düzəldəcək? Nə vaxta qədər?
Əli müəllim doğru deyir, dünyanın heç bir hakimiyyəti istəməz ki, “onun cəmiyyətində azadlıqdan məhrum edilən” insanlar olsun. Amma Əli müəllim neyləsin ki, Azərbaycan hakimiyyəti bunu istəyir və günahsızları tutub içəri soxur.
Bezib, o da bezib. Artıq, hamı bezib, Əli müəllim, bir az da səbr edin, inşallah, bu əzabdan qurtararsınız!