Yazara terrorun legitimləşdirilməsi

Ötən şənbə günü Azərbaycanın son illərdəki tarixinin növbəti utancverici, namussuz səhifələrindən biri yazıldı. Bir yazıçı, söz adamı bıçaqlandı. Rafiq Tağıya qanlı, xain hücum Azərbaycanda söz və ifadə azadlığına hücumdur. Bunun başqa adı yoxdur.

Rafiq bəylə bizi birləşdirən heç bir ortaq dəyər yoxdur. Siyasi dünyagörüşünü, ümumiyyətlə, qəbul etmirəm. Adamlara və hadisələrə ictimai münasibətini kökündən yanlış sayıram.
Amma bunların heç biri nə mənim, nə də başqalarının Rafiq Tağının bıçaqlanmasına səssiz, seyrçi qalmasına əsas vermir. Ona vurulan bıçaqlar həm də bu ölkədə söz və ifadə azadlığına saplanmışdır.
Aylar əvvəl Rafiq bəylə bir polemika keçmişdi aramızda. O polemika Rafiq bəyin “ölkədə sabitliyi pozmaq istəyən qüvvələr”, “inqilab yolu ilə Azərbaycanda sabitliyi pozmaq istəyənlər” barədə xeyli dərəcədə Az.TV əhval-ruhiyyəli fikirlərindən sonra başlanmışdı. Mən Rafiq bəyə bir cavab yazmışdım, onun cavabı xeyli dərəcədə ağır olmuşdu.
Ancaq dəxli yoxdur, mən bu gün çox təəssüflənirəm ki, Rafiq Tağı bir az əvvələdək təriflədiyi “sabitlik şəraiti”ndə bıçaqlandı. Bizim bu ölkədə heç kimin can və mal güvənliyi olmadığına dair dediklərimiz nə yazıq ki, növbəti dəfə təsdiqini tapdı. Ən çox  da müəyyən fikir, düşüncə sahibi olan adamların həyatının tükdən asılı olduğuna, onları hər addımda dəhşətli bir təhlükənin izlədiyinə heç bir şübhə yeri qalmadı.
Bu amansız cinayət eyni zamanda Azərbaycanda illərdən bəri davam edən cəzasızlıq mühitinin məntiqi nəticəsidir. Bu günədək hakimiyyət fikir, söz, qələm adamlarına heç bir xain saldırının, heç bir vəhşi cinayətin üstünü açmadı, açmaqda maraqlı olmadı. Ölkədə yazarı, jurnalisti döymək, oğurlamaq, öldürmək normal hadisə kimi qəbul edilməyə başladı. Və baxın: sonucda biz bu cür cəzasızlığın növbəti acı bəhrəsini gördük!
Bu gün Azərbaycanda yazarla, jurnalistlə bıçaq, güllə, dubinka, armatur vasitəsi ilə hesablaşmaq artıq norma halını alıb. Kim xoşuna gəlməyən bir yazı oxuduqda, bir fikir eşitdikdə ilk ağlına gələn həmin yazı, fikir sahibini tapıb yortmaq, yabalamaq, başına torba keçirib bir gölün qırağına aparmaq, ölümünə çırpıb sonra da ayağının üstündən maşın sürməkdir. Şillə-təpiyin altına salmaqdır.
Azərbaycan hakimiyyəti indiyədək belə cinayətlərin, terrorların heç birini gün işığına çıxarmadığına görədir ki, hər kəs yazarla məhz o dildə danışmağı üstün tutur. Bəli, bir söz adamına veriləcək yeganə cavab şəkli sözdür. Bundan kənarda istənilən cavab forması acizliyin, çarəsizliyin, gerizəkalılığın, qoçu təfəkkürünün, lotu zehniyyətinin təcəllasından başqa bir şey deyil.
Rafiq Tağını kimlərin bıçaqladığının heç önəmi yoxdur. Önəmli olan niyə Azərbaycanda yazarla, jurnalistlə belə davranmağı özünə rəva görənlərin olmasıdır. Onlar kimdən ilhamlanırlar? Onları buna kim həvəsləndirir? Əvvəlcə bu sualın cavabı tapılmalı, əvvəlcə bu zərərli, şərəfsiz tendensiyaya son qoyulmalıdır. Azərbaycan hakimiyyəti başa düşməlidir ki, o, öz ölkəsindəki jurnalisti, qələm adamını şərləməyə, dubinkalamağa, döyməyə davam etdikcə, artıq bu, cəmiyyətdə legitimlik statusu qazanır, bütün kəsimlərə sirayət edir.
Yadımdadır, bir neçə ay əvvəl bir futbolçu idman qəzetlərindən birinin redaksiyasına gəlmiş, özü haqqında tənqidi yazıya cavab olaraq baş redaktoru döymüşdü. Rafiq  Tağının bıçaqlanmasında isə ifrat islamçılardan şübhələnirlər. Görürsünüz, yazarı, qələm adamını ən müxtəlif  adamlar döyə, onun həyatına qəsd edə bilirlər – futbolçu, radikal islamçı… Ona görə deyirəm, söz və ifadə azadlığına hücuma keçmiş cinayətkarın, terrorçunun kimliyi şərti  məsələdir. Vacib olan odur ki, bu hakimiyyət yazarla, qəzetçi ilə, yeganə silahı qələm olan adamlarla zor, zopa, qurğuşun dilində danışmaqla, yazı adamlarına namussuz, çirkin hücumları malalamaqla, onların üstünü açmamaqla, indiyədək söz və ifadə azadlığına uzanan xain əlləri  kəsməməklə hər birimizin başına oxşar vəhşiliyin gətirilməsini bəri başdan legitimləşdirib.
Və yəqin ki, Rafiq Tağı sonuncu olmayacaq. Necə ki, birinci deyil. Elmarın qatilləri və qətlin sifarişçiləri tapılmayana, indiyədək onlarla jurnalistin, yazarın qanını tökənlərin gerçək kimliyi üzə çıxmayanadək belə də davam edəcək. Hər bu cür cinayətdən sonra “Növbədə kimdir?” deyə bir-birimizin üzünə baxacağıq. Sanki vidalaşırıqmış kimi…