«Növbəti devalvasiya dağıdıcı olacaq»

nemet-eliyevNemət Əliyev: «Bank sisteminin tam çökmə ehtimalı var»

Amerikanın ən nüfuzlu banklarından biri “Bank of Amerika Merrill Lynch” Azərbaycan Mərkəzi Bankını manatın kursunu süni şəkildə stabil saxlamaq siyasətindən imtina etməyə çağırdığı barədə məlumat vermişdik.

Məlumatda deyilir ki, neftin qiymətinin kəskin düşməsi bir sıra milli valyutaların da dəyərdən düşməsinə səbəb olub. Kanada dollarından Norveç kronuna, Qazaxıstan təngəsindən Rusiya rubluna qədər bir çox valyutalar ABŞ dollarına nisbətdə dəyər itirib.

Belə vəziyyətdə mərkəzi banklar fərqli taktikalar tətbiq edirlər. Rusiya Mərkəzi Bankı rublun kursunu sərbəst buraxaraq strateji valyuta ehtiyatlarına dəyən zərbəni yumşalda bilib. Bu, həmçinin Rusiyanın neft şirkətlərinin maliyyə göstəricilərinə də müsbət təsir edib.

“Bank of America” qeyd edir ki, Mərkəzi Bank manatın kursunu sabit saxlamaq üçün öz ehtiyatlarının az qala yarısını xərcləyib.

“İndiki situasiyada, neftin qiymətinin düşmə tendensiyasını davam etdirdiyi bir vaxtda bu monetar siyasətin davam etdirilməsi qeyri-real görünür. “Bank of America” hesab edir ki, Azərbaycan manatın kursunu dollara nisbətdə sabit saxlamaq siyasətini yaxın müddət ərzində dəyişməlidir: ya manatı yenidən 30-35 faiz devalvasiyasını həyata keçirməlidir, ya da Rusiya və Qazaxıstan kimi sərbəst üzən məzənnə siyasətini tətbiq etməlidir”- deyə məlumatda bildirilir.

Dünyaca məhşur bir bankın belə bir açıqlama ilə çıxış etməsi maraq doğurur. Əslində bu açıqlama hökuməti təcili tədbirlər görməyə vadar etməlidir. Elə Mərkəzi Bankın son məlumatı da ölkədəki vəziyyət barədə tam ətraflı fikir yaradır. Son ayda Mərkəzi Bankın valyuta ehtiyatları daha 600 milyon azalıb. Bu tendensiya isə valyuta ehtiyatlarının gələcəyi baxımından yaxşı heç nə vəd etmir.

İqtisadçı Nemət Əliyev hesab edir ki, “Bank of America” Azərbaycanda baş verənlərin mahiyyətinə və məntiqinə uyğun olaraq açıqlama ilə çıxış edib və bank vəziyyətdən çıxış yolunu göstərir. Azərbaycan iqtisadiyyatının və onun maliyyə, pul sisteminin olduqca bərbad vəziyyətdə olduğunu deyən N.Əliyev vurğuladı ki, uzun illər ərzində bu sahədə idarəçilik elə bir vəziyyətə salınıb ki, vəziyyətdən çıxmaq mümkün deyil: «Bu proqnozlar hardan qaynaqlanır. Dövlət Neft Fondu dövlət büdcəsinin əsas donuru sayılır. Neft Fondu ilin əvvəlindən dövlət büdcəsinə 10.4 milyard manat ödəmə həyata keçirməli idi. Bu istiqamətdə verilən doqquz aylıq məlumatlardan məlum olur ki, Neft Fondunun bu müddət ərzində gəlirləri 5.5 milyard olub. İlin sonuna qədər olan ayları da nəzərə alsaq ən yaxşı halda Neft Fondunun büdcəyə verə biləcəyi vəsaitlər 7.3 milyard ola bilər. Belə olacağı halda Dövlət Neft Fondu 3 milyard vəsaiti dövlət büdcəsinə ödəyə bilməyəcək. O zaman bu vəsait nəin hesabına təmin olunmalıdır. Bu hələ büdcənin gəlirləri üzrə olan öhdəliklərin yerinə yetirilməsindən gedir. Başqa cür hesablama aparsaq doqquz ayın yekunu üzrə əldə olunan 5.5 milyard manat 5.2 milyard dollar edir. Deməli ən yaxşı halda büdcəyə 6.9 milyard dollar daxil olacaqdır. O zaman 1.8 milyard kəsir əmələ gəlir. Bu 1.8 milyard kəsiri ödəmək üçünsə Neft Fondu 3 milyard manat vəsait düzərtməlidir».

N.Əliyev onu da bildirdi ki, manatın devalvasiyaya getməsini şərtləndirən bir səbəb büdcə kəsirinin yaranmasıdır. N.ƏLiyevin sözlərinə görə, hökumət belə bir məqamda qeyri-neft sektorunu inkişaf etdirmək əvəzinə iqtisadiyyata milyardlarla ziyan vuran yolu seçir: «Hələ “Bank of Amerika» Azərbaycan reallığı nəzərə alınarsa, yaxşı proqnoz verib. Hazırda Azərbaycanda elə bir vəziyyət yaranıb ki, hökumət üçün başqa üsul qalmayıb. Hökumətin Neft Fondunun xaricdəki aktivlərini ölkəyə gətirmək də qeyri-mümkündür. Hökumətin son addımlarını da nəzərə alsaq, demək olar ki, devalvasiya çox realldır. Mərkəzi Bank açıqlamalarına diqqət yetirsək görərik ki, son aylar sürətli şəkildə manat-dollar, manat-avro məsələsində dəyişmələr müşahidə olunur. Bu isə Mərkəzi Bankın əhaliyə növbəti sarsıdıcı zərbələr endirə biləcəyi anlamına gəlir».

N.Əliyev hesab edir ki, növbəti devalvasiyanın fəsadları daha ciddi olacaq. Bu dəfə ölkənin bank sisteminin tam çökmə ehtimalı var.

Xəyal