Mehman Əliyev: «Bu ölkədə ən çox qrant alan Azərbaycan hökumətidir»
Bakı Dövlət Universitetinin rektoru, deputat Abel Məhərrəmovun “Media forum”a müsahibəsində maraqlı məqamlaryer alıb. Belə məqamlardan biri də rektorun qrant alan və verən təşkilatlarla bağlı açıqlamasıdır. A.Məhərrəmov bu məqama Ziyalılar Forumunun fəaliyyətinə qiymət verərkən toxunub: “Açıq şəkildə deməliyəm ki, bu adamların əksəriyyəti müxalifət qüvvəsi kimi ordan-burdan, xaricdən qrant alır. Qrant verənlərin də, alanların da məqsədi bu qüvvələri Azərbaycanda gücləndirmək, dövlətçiliyə qarşı fəaliyyətə sövq etməkdir”.
“Turan” Informasiya Agentliyinin direktoru Mehman Əliyev Abel Məhərrəmovun bu açıqlamasını cəfəngiyyat adlandırıb: “Bu ölkədə ən çox qrant alan Azərbaycan hökumətidir. Əgər onlar Azərbaycan hakimiyyətinin dövlətçiliyin əleyhinə işlədiyini hesab edirlərsə, qoy, üzr istəsinlər və vəzifələrindən istefa versinlər. Hökumətdə təmsil olunanların çoxu, elə Əli Həsənovun özü kifayət qədər qrant alıb. Vaxtilə Beynəlxalq Mətbuat Mərkəzi Əli Həsənovun aldığı bu qrantla ərsəyə gəlmişdi”.
M.Əliyevin fikrincə, A.Məhərrəmov, eləcə də hakimiyyətdə təmsil olunanlar əvvəlcə sözü deyir, sonra fikirləşirlər: “Bunların bir problemi var ki, əvvəl deyirlər, sonra fikirləşirlər. Əvvəl fikirləş, sonra danış da. Həm də bunlara elə gəlir ki, hökumət qrant ala bilər, başqaları yox. Qrant alanlar dövlətçiliyin əleyhinə işləyirsə, bunu üzə çıxara bilən xüsusi xidmət orqanları var. Qoy, tutub üzə çıxarsınlar ki, filan təşkilat Azərbaycan əleyhinə işləyir. Bilirlər ki, belə bir şey yoxdur. Abel Məhərrəmov da cəfəngiyyat danışır”.


