Rafiq Tağının bıçağı kimin əlində olub?

Yazıçını öldürmək qərarını verən mərkəz…

Sui-qəsddən sui-istifadə

Srağagün gecə yazıçı Rafiq Tağını ölümünə bıçaqlayıblar. Rafiq Tağı istedadlı yazarlardan olsa da, Azərbaycan cəmiyyətində dini tənqid edən yazılarına görə daha çox tanınıb. Buna görə də bir çoxları, təbii ki, onun dindar çevrələr tərəfindən cəzalandırıldığını ehtimal edəcəklər. Ola bilər ki, bu, həqiqətdir, amma həqiqət olduğu üçün yox, ən rahat təsəvvür edildiyi üçün ilk versiyalar sırasında dayanacaq.

Daha mürəkkəb versiyalar varmı?

Başqa variantları bir kənara qoyub ehtimal edək ki, Rafiq Tağını hansısa dini qrup cəzalandırıb. Bu halda, bu cəza əməliyyatı Azərbaycanın ən yeni tarixində yad fikirliliyə görə ilk cəzalandırma olacaq. Bu, Azərbaycan cəmiyyəti üçün səciyyəvi haldırmı? Ən müxtəlif məzhəblərin yanaşı mövcud olduğu, bir-birini təkzib edən dini teologiyaların bir-birinə toxunmadan yayıldığı Azərbaycanda Rafiq Tağı dini zəmində cəzalandırılmaq üçün ən zəif nöqtədir. Üstəlik, antiIslam çıxışına görə rəsmən cəzalandırılmış, bəlli bir müddət həbs yatmış birisidir. Son zamanlarda isə onun din haqqında xüsusilə sərt sayılacaq fikirləri qeydə alınmayıb.
Buna görə də “din versiyası”, sadəcə, cəzalandırılma yox, həm də hansısa çevrələrin taktiki məqsədi kimi nəzərdən keçirilə bilər. Bu da həmin versiyanın içində diqqəti çəkən məqamlardan biri kimi qeydə alınmalıdır.
Yəni, Rafiq Tağı Rafiq Tağını yox, başqalarını cəzalandırmaq üçün bıçaqlana bilər.

***

Əgər Rafiq Tağının cəzalandırılması, sadəcə, hansısa radikal dindarın (qrupun) təşəbbüsüdürsə, deməli, Azərbaycanda radikal Islamın qismən baş tutmuş ilk terror əməliyyatı həyata keçirilib. Son 7-8 ildə dini ideologiya üzərində bir neçə terror aktının planlaşdırıldığı səs-küylə qeyd edilib. Bunların arasında ağlabatanı da, qovuq kimi görünənləri də olub. Amma bu təşəbbüslərin heç biri konkret şəxsi məhv etmək kimi bir planı nəzərdə tutmayıb. Dini qrupların səfirliklərə basqınından tutmuş dövlət çevrilişinə qədər təşəbbüslərinin olduğu iddia edilib, bir seriyadan, hətta bir qrup insan baş tutmuş dövlət çevrilişinin memarları kimi həbsdə yatırlar. Son zamanlar siyasi fəaliyyətini gücləndirmək istəyən Islam partiyasının lideri və üzvləri də buna bənzər ittihamlarla həbsə alınıblar. Amma bütün bu hallarda heç kim konkret kimisə öldürmək cəhdində ittiham edilməyib. Maraqlıdır ki, Islam partiyasının üzvlərini bir cəbbəxanalıq silah-sursatla “tutsalar” da, onların bu silahlardan kimə qarşı istifadə edəcəklərilə bağlı heç bir dəlil-sübut, heç bir tutarlı arqument ortalıqda görünmədi.
O da doğrudur ki, 2006-cı il noyabr ayının 21-də Rafiq Tağının öldürülməsi ilə bağlı Iran ayətullahı Mürtəza Bani Fəzl fətva vermişdi. Ayətullah Fəzl Rafiq Tağını öldürəcək şəxsə öz evini bağışlayacağını vəd etmişdi. Əgər bu sui-qəsddə Iran izi varsa, deməli, kəşfiyyat ayətullah Fəzlin mənzillərinin siyahısını çıxarmalı olacaq.
Amma fakt da budur ki, Azərbaycanda siyasi qətllərin bu vaxta qədərki siyahısında “din versiyası” ilə üst-üstə düşəni yoxdur.

Rafiq Tağı olayı isə baş tutmuş sui-qəsddir

Bizim şəraitdə bu olay seriyalı həbslərin səbəbi ola bilər. Şübhəsiz, istintaq və əməliyyatçılar bu qəsdlə bağlı araşdırmaların gedişində çoxlu insanların prosesə cəlb olunmasını “təmin edəcəklər”. Adətən, belə olur. Üstü açılmamış, yaxud açıldığı şübhə doğuran cinayət əməllərinin, – üstəlik, bu əməllər ictimai-siyasi motiv daşıya bilərsə, – sonunda ssenari mürəkkəbləşdirilir, ağlagəlməz variantlar üzərində versiyalar qurulur, onlarla adam istintaqa cəlb edilir, həbs olunur, “yararlı” yarımsiyasi bir versiya seçilib cəmiyyətə təqdim olunur.
Əgər Rafiq Tağının bıçaqlanmasının səbəbləri və səbəbkarı qısa müddətdə müəyyən edilməsə, nəticə, şübhəsiz belə olacaq.
“Din versiyası” təşkil edilmiş ssenari də ola bilər. Bu halda, Azərbaycanda dini fundamentalizmin kök atdığını sübut etmək istəyən hansısa çevrələr Rafiq Tağını böyük məmnuniyyətlə hədəf olaraq müəyyənləşdirə bilərlər.
Ağla gələn Iran faktoru da əhəmiyyətli versiya kimi qəbul edilə bilər. Amma indiki ərəfədə, bu, az ağlabatandır. Indi dünyanın hər yerində Iranın siyasi qətllər planlaşdırdığı barədə rəsmi və aşkar şüarlar səsləndirilir. Bu siyasi qətl planları Iranın vurulmasını zəruri edən başlıca səbəblər siyahısına salınır. Əgər Irana bağlı çevrələr bu qəsddə iştirak ediblərsə, bu, Irana qarşı əlavə, həm də təkzibolunmaz arqumentlərdən biri sayılacaq.
Amma bu, birbaşa dini-siyasi akt olmaya da bilər. Yaxud da, dini fundamentalizm təhlükəsinin mövcudluğunu sübut etmək istəyənlərin proyekti də ola bilər.

***

Ağla daha rahat, əziyyətsiz gələn “din versiyası” həqiqət olmuş olsa belə, bu, Azərbaycanda sabitliyin olmadığını, yaxud saxta sabitliyin olduğunu sübut edən arqumentlərin siyahısına yazılmalıdır. Deməli, Azərbaycan cəmiyyəti ictimai müzakirələrdən, siyasi polemikalardan kənarda saxlanıldığı üçün bu cür ekstremist nəticələrin ortalığa çıxması təbii qəbul edilməlidir. (Əlbəttə, bunun da cavabı var: siyasi polemikalar, aşkar ictimai müzakirələr üçün təsəvvür edilə biləcək bütün şəraitin olduğu Norveçdə belə, dini-etnik zəmində terror aktı baş verdi. Amma Norveç kimi cəmiyyətlər üçün bu, nadir görsəniş idi, ağlagəlməz idi. Üstəlik, Norveç polisi, hətta bu ağlagəlməz cinayət şəbəkəsinin də üstünü ən qısa müddətdə açdı. Məlum oldu ki, bu, bütün Avropada şəbəkə qurmağa çalışan bir qrupun özünə “mandat almaq” istəyidir. Norveçli terrorçu bu “mandatı”  almaq üçün nə müsəlman axtarmışdı, nə də ərəb: elə öz norveçlilərini qətlə yetirmişdi).

***

Balaca Azərbaycanda indi “dini-terror qruplaşması” kimi sənədləşdirilən və həbsxanalarda saxlanılan onlarla insan var. Bunlar Islamın fərqli məzhəblərini intixab edən adamlardır. Güc strukturları zaman-zaman gah sünni, gah şiə məzhəbindən olan ən müxtəlif təriqət radikallarını “səfərbərliyə” almaqla məşğul olur. Bu insanları həbsxanalara aparan səbəblər arasında qondarma ittihamların çəkisi gizlədilə bilməyəcək dərəcədə qabarıqdır. Bu qədər insan həbs edilir, amma əməli nəticə yoxdur: Rafiq Tağı şəhər polis Idarəsinin beş addımlığında bıçaqlanır.
Yeri gəlmişkən, Rafiq Tağının ehtimal edilən qatilinin cinayət yerini müəyyənləşdirməsi də müəmmalıdır. Yazıçı Şəhər Polis Idarəsinin lap yaxınlığında yaşayır. Cinayətkar da onu izləyib elə burada yaxalayır. Rafiq Tağını yaxalayıb bıçaqlamaq üçün başqa yer tapa bilmir. Cinayətkarlar, bir qayda olaraq, cinayət əməliyyatını planlaşdırır, əməliyyatı həyata keçirmək üçün əməliyyat şəraitini müəyyən edir və nəhayət, son addımı atırlar. Bu, orta və ağır cinayət xarakterli əməllərin hamısı üçün xarakterikdir. Hətta ev oğruları belə, seçdikləri obyektin uzunmüddətli müşahidəsini aparırlar. Bir adamı məqsədli şəkildə bıçaqlamaq (öldürməyi nəzərdə tutaraq) da bu qəbildən olan ağır, yəni planlaşdırılan cinayətlərdəndir. Hansısa cinayətkarın bu əməliyyatı polisin qulağının dibində həyata keçirmək qərarının bətnində suallar yatır.

***

Yeri gəlmişkən, Rafiq Tağıya qarşı sui-qəsd xəbəri ilk növbədə “din versiyası”nı ağla gətirir. Qeyd etdiyimiz kimi, rahat təsəvvür edildiyinə görə. Bu versiyadan kimlərsə sui-istifadə edə bilməzlərmi?
Bu zamana qədər ölkədə təşkil edilən qətllərin, insanların sağlamlığına qarşı qəsdlərin, üstü açılan və ya açılmayan bir çox məkrli niyyətlərin bir ucunun inzibati orqanlara gedib çıxdığına dair çoxlu sayda faktlar da var, ehtimallar da. Bu da həmin məkrli niyyətlərdən biri ola bilər və “Rafiq Tağını dindarlar bıçaqladı” kimi ağla ən rahat gələn versiyanın həqiqilik dərəcəsi, yerli-dibli, olmaya da bilər…

Informasiya şöbəsi