Əliyevin bəyanatı daxili auditoriyaya hesablanıb

Razi Nurullayev: «Yaxın vaxtlarda bu istiqamətdə hansısa praktik addımların atılacağı istisna edilir»

Ölkə başçısı Ilham Əliyev növbəti dəfə müharibə bəyanatı ilə çıxış edib. Onun belə bəyanatları dəfələrlə səslənib. Lakin son dövrlərdə onların sayı xeyli azalmışdı. Xüsusilə də Ilham Əliyev müharibə etməməklə bağlı öhdəliyi nəzərdə tutan Moskva bəyannaməsinə imza atandan, həmçinin ATƏT-in Minsk qrupunun həmsədr ölkələrin prezidentlərinin məlum bəyanatından sonra bu tip bəyanatların sayı kəskin azalmışdı. Lakin bu günlərdə rayonlara səfəri zamanı prezident bildirib ki, məsələ danışıqlar yolu ilə həll olunmasa, müharibə qaçılmazdır. Bəs ölkə başçısının bu bəyanatı səsləndirməsinə səbəb nədi? Hər zaman olduğu kimi, bu fikirlər daxili auditoriya üçün hesablanıb, yoxsa həqiqətən də müharibə ehtimalı mümkündür?
Politoloq Razi Nurullayev bu tip bəyanatların dəfələrlə səsləndiyini, lakin ortada müharibə ilə bağlı ciddi hazırlığın olmadığını deyir. Bununla belə, Ilham Əliyevin müharibənin başlaya biləcəyi ilə bağlı dedikləri daxili auditoriya ilə yanaşı, beynəlxalq ictimaiyyətə bir ismarıcdı. Hakimiyyət bununla Ermənistanla danışıqların mənasız olduğunu göstərmək istəyir. Amma bununla belə yaxın vaxtlarda bu istiqamətdə hansısa praktik addımların atılacağı istisna edilir.     
Ekspertin sözlərinə görə, artıq cəmiyyətdə də iqtidarın Dağlıq Qarabağı xilas edəcəyi ilə bağlı birmənalı fikir yoxdu. Çünki uzun illərdi hakimiyyət Qarabağı azad edəcəyi ilə bağlı vədlər verir. Lakin ortada heç nə yoxdu. Cəmiyyətdəki inamsızlığı aradan qaldırmaq, eyni zamanda beynəlxalq təşkilatları fəallaşdırmaq üçün Ilham Əliyev bu tip bəyanat səsləndirib.
Ekspertin fikrincə, Azərbaycan müəyyən əməliyyatlar apara bilərdi. Amma bu halda onun müharibədən qələbə ilə çıxacağına heç bir zəmanət yoxdu. Çünki beynəlxalq aləm Azərbaycanın müharibəyə başlamasına imkan verə bilməz. Digər tərəfdən Rusiya Azərbaycanın bu müharibədə uduzması üçün əlindən gələni edəcək.
R.Nurullayevin sözlərinə görə, Azərbaycan bu məsələdə ilk növbədə Türkiyə faktorunu nəzərə almalıdı. Əks halda qardaş ölkənin dəstəyindən məhrum ola bilər.

Fizzə