2015-ci ilin yanvar-noyabr ayları ərzində Azərbaycan Dövlət Neft Fondu (ARDNF) “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokundan hasil edilən mənfəət neftinin və “Şahdəniz” yatağından hasil edilən mənfəət qazının satışından 6 mlrd. 560 mln. dollar gəlir əldə edib. Bu barədə fonddan məlumat verilib.
ARDNF-in məlumatına əsasən, bu məbləğin 6 mlrd. 258 mln. dolları AÇG blokundan hasil edilmiş mənfəət neftinin, 302 mln. dollrı “Şahdəniz” yatağından hasil edilmiş mənfəət qazının satışından daxilolmaların payına düşüb.
Müqayisə üçün qeyd edək ki, təkcə 2014-cü ilin yanvar-sentyabr ayları ərzində Dövlət Neft Fondunun neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 9 969,6 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 9 947,8 milyon manat təşkil etmişdi.
“Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinsulu hissəsinin işlənməsi haqqında müqavilə 1994-cü il sentyabrın 20-də imzalanıb və elə həmin il dekabrın 12-də qüvvəyə minib. Layihənin iştirakçıları Britaniyanın BP (35,78%), Amerikanın “Chevron” (11,27%), “ExxonMobil” (8,0006%), Hindistanın “ONGC Videsh Limited” (2,72%), Yaponiyanın “Inpex” (10,96%), “Itochu” (4,3%), Azərbaycanın SOCAR (11,65%), Norveçin “Statoil” (8,56%), Türkiyənin TPAO (6,75%) şirkətləridir.
“Şahdəniz” yatağının işlənməsi haqqında müqavilə 1996-cı il iyunun 4-də Bakıda imzalanıb və elə həmin il oktyabrın 17-də Milli Məclisdə ratifikasiya edilib. “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator – 28,8%), “Petronas” (15,5%), SOCAR (16,7%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.
1999-cu ildə yaradılmış ARDNF-də neft müqavilələrinin reallaşmasından, əsasən dövlətin mənfəət neftinin satışından, ölkə ərazisində neft və qaz nəqlinə görə tranzit tariflərindən, dövlət əmlakının icarəsindən və digər mənbələrdən daxil olan gəlirlər toplanır.