Avropadan daha bir çağırış

Tomas Hammerberq: «Azərbaycan hakimiyyəti Leyla Yunusun və Insan Haqları evinin hüquqlarını bərpa etməlidir»

 

Avropa Şurasının insan hüquqları üzrə komissarı Tomas Hammerberq “Turan” agentliyinin xahişi ilə Azərbaycanda hüquq və azadlıqların pozulması ilə bağlı son faktları qiymətləndirib. O deyib: “Mən son vaxtlar bir çox hüquq müdafiəçisinin, həmçinin yerli və xarici QHT-nin öz fəaliyyətini həyata keçirərkən üzləşdiyi çətinliklərdən narahatam.
Bakının mərkəzində Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya Institutu də daxil olmaqla, bir neçə QHT-nin yerləşdiyi binanın dağıdılması məni xüsusilə narahat edir. Söküntünün başvermə şəraiti belə düşünməyə əsas verir ki, bu, fəaliyyətinə görə L.Yunusu cəzalandırmaq üçün məqsədyönlü şəkildə həyata keçirilib. Mən hakimiyyəti bu binanı sökənlərin məsuliyyətini araşdırmağa, mülkiyyət itkisinə görə adekvat kompensasiya ödəməyə çağırıram. Mən, həmçinin bu ilin martında Insan Haqları Evi hüquq müdafiə  fondunun Azərbaycan bölməsinin bağlanmasından narahatam. 
Ümid edirəm ki, Azərbaycan hakimiyyəti demokratik cəmiyyətin əsas hüquqlarından biri olan toplaşma azadlığı hüququ da daxil olmaqla, insan haqları sahəsindəki öhdəliklərə əməl edilməsi üçün real addımlar atacaq”.