“Kurtlar vadisi” hüquq müdafiəçisinin axırına necə çıxdı?

Xasməmmədovlar ailəsi: «Taleh əvvəl-axır həbs ediləcəyini deyirdi»

Taleh Xasməmmədovu Ucara DIN adıyla çağırıb əlində olan sənədləri aldıqdan sonra həbs ediblər

Türkiyəni dünyaya tanıtdıran dizilərdən biri də “Kurtlar vadisi”dir. Kino qəhrəmanları haqsızlığa, avtoritar düşüncəylə hərəkət edən qruplara qarşı mübarizə aparır və sonda qələbə çalır. “Kurtlar vadisi”nin əsas leytmotivində həm də dövlətin marağı və imici dayanır. Indi bizdə uşaqlar da özlərini Polata, Mematiyə, Abdulheyə, Çakıra oxşadırlar. Valideynlər təzə doğulmuş övladlarına da bu adları qoyurlar. Bir sözlə, adları çəkilən insanlar həyatda (bəlkə də) başqa cür olsalar da, kino ilə milyonların qəlbinə yol tapıblar.

Azərbaycansayağı “Kurtlar Vadisi”

Azərbaycanda da “Kurtlar Vadisi” var. Ancaq dizi kimi yox, reallıqda. Bu, xəyal deyil, gerçəklikdir. Və bu gerçəkliyin qəhrəmanları özlərinə Polat, Memati, Abdulhey, Çakır adını götürsələr də, mübarizəni avtoritarizmə deyil, xalqa qarşı aparırlar. Yəni bizim qurdlarımız özünə bir vadi seçərək insanlara qan uddururlar. Onlara qarşı çıxanlar isə min bir adla ya öldürülür, ya da dama basılır. Elə hüquq müdafiəçisi, “Qanun və Hüquq 2010” MMC-nin rəhbəri Taleh Xasməmmədov kimi…

Xasməmmədov Göyçayda yaşasa da “Kurtlar Vadisi”nin kök atdığı Ucarda insanların hüquqlarını qorumağa çalışırdı. Əsas məqsədi dizini reallığa çevirib insanları insanlıqdan çıxaran, onlara olmazın bəlalar bəxş edən, qız və gəlinlərin namusuna toxunan kəsləri cinayət məsuliyyətinə cəlb etməkdir. Ancaq bu işin üstünü açdığı üçün özü cinayət məsuliyyətinə cəlb olunur. Necə?
Hüquq müdafiəçisi “Kurtlar Vadisi”nin izinə düşdüyü üçün ona təzyiqlər, hədə-qorxular edilir. Geri çəkilmədən işin sonuna qədər getməyə çalışır və həbsini qətiləşdirir.
Lap başdan başlayaq, “Kurtlar Vadisi”nin zərərçəkənlərini dinləyə-dinləyə…

“Kurtlar Vadisi”nin qurbanları danışır

Ucar sakini Fərqanə Məmmədova bu il oktyabrın 30-da gecə saat 4 radələrində həyətə çıxaraq talvardan özünü asmaq istəyib. Səsə çıxan həyat yoldaşı Nizami Məmmədov intiharın qarşısını alıb. Səbəb isə polisin və rayon prokurorluğunun qanunsuz əməlləri olub. Fərqanə Məmmədova deyir: “3 ay əvvəl oğlum Sadiq Məmmədov və kürəkənim Müşfiq Qarayev Cinayət Məcəlləsinin 221.1 və 221.2.2-ci maddələri ilə təqsirli bilinərək onlar barəsində həbs-qətimkan tədbiri seçilib. Halbuki hadisə planlı şəkildə Ucardakı Azadın, Cahangirin, Cavidanın və mülki geyimli polis əməkdaşlarının bizi döyməsi ilə başlayıb. Ucar Rayon Polis Şöbəsinin rəis müavini Ilham Əhmədov hamilə qızımı döyərək bətnindəki körpəni tələf edib. 7-8 yaşlarında nəvələrimi polis şöbəsində beton üzərində yatırdıb. Daha sonra ailəmizi 24 saat ac-susuz polis şöbəsinin həyətindəki itlər üçün ayrılmış yerdə saxlayıblar”.

Fərqanə Məmmədova belə bir hadisənin baş verməsində günahkar qismində rayon polis şöbəsinin müstəntiqi Nazim Əhmədovu görür. Fikrini belə əsaslandırır: “Nazim Əhmədovun düz 10 il öncə bizimlə ədavəti olub. O, qızımı almaq istəyib, ancaq biz razılaşmamışıq. O vaxtdan bunu qisas kimi ürəyində saxlayıb”.
Məmmədovlar ailəsi şikayətçi qismində Taleh Xasməmmədovun yanına gedir. Belə qərara gəlirlər ki, onların tapdanmış hüquqlarını o qorusun. Peşə borcunu yerinə yetirən hüquq müdafiəçisi işi təmənnasız öz üzərinə götürür: “Qısa zamanda Taleh böyük işlərin üstünü açır. Bunu görən polislər bizə təzyiq edirdilər ki, müdafiəmizin təşkilini ona həvalə etməyək. Bizə yalandan deyirdilər ki, o, ”dələduzdu”. Düzü, bir az çəkindik. Qorxduq ki, polislərlə əlbir olar. Çünki biz haqqımızı qorumaq üçün bir neçə vəkilə müraciət etsək də, heç kim yaxın durmadı”.
Şikayətçilər deyir ki, onlar geri çəkilsələr də Taleh işini davam etdirib “Kurtlar Vadisi”nin qəhrəmanlarının üzərinə yeriyir.
Bizimlə söhbət edən “Kurtlar Vadisi”nin ikinci qurbanı Süsanə Hüseynovanın sözlərinə görə, oğlu Fuad Hüseynovu qanunsuz yerə, qisasçılıq məqsədiylə həbs ediblər. Çünki oğlu kriminogen durumu ağır olan Ucarda çoxlarına başağrısı yaradırdı. Fuad “Polat” kimi tanınan Şahlar Ələkbərovun, “Memati” rolunda çıxış edən Elçin Əliyevin iç üzünü açıb. Buna görə də 2010-cu il iyulun 3-də onu şərləyib həbs edirlər. Zərərçəkmiş kimi Akif Cəfərov göstərilir. Halbuki Akif məhkəmə proseslərində Fuadın ona heç bir xətər yetirmədiyini deyib. Nədənsə “hörmətli” hakim bu faktı qeydə almayıb. Hazırda Akif Cəfərov da diqqət mərkəzindədir. Və onu Fuad Hüseynovun apelyasiya şikayətinə qədər həbs etmək istəyirlər. Bu işi də Taleh Xasməmmədov üzərinə götürür və araşdırmalara başlayır. Nəticədə böyük bir qrupun sözün əsl mənasında Ucar sakinlərinə divan tutduğunu ortaya çıxarır.

Taleh Xasməmmədov necə həbs olundu?

Hüquq müdafiəçisinin ailəsi ilə söhbət edirik. Anası Gülbuta Xasməmmədova oğlunu sonuncu dəfə noyabrın 12-də – konstitusiya günü gördüyünü deyir: “Noyabrın 12-də saat 18 radələrində Talehə qəfil zəng gəlir. Zəng edənlər özlərini Natiq və Orxan adıyla Daxili Işlər Nazirliyinin əməkdaşları kimi təqdim edirlər. Onunla Ucarda görüşüb böyük bir cinayət faktı ilə bağlı söhbət etmək istədiklərini deyirlər. Bildirirlər ki, əlində olan bütün sənədləri gətirsin və onlar da öz növbəsində ”Kurtlar Vadisi”nin üzvlərini həbs etsinlər. Taleh evdən gedəndə hər şeyin yaxşı olacağını dedi. Bir neçə gün əvvəl həmin o şəxslərlə Göyçayda kafelərin birində görüşüb məsələni müzakirə ediblər. Ucar rayon polis idarəsində, sən demə, oğlumu aldadıblar. Əlində olan bütün sənədləri alandan sonra həbs ediblər”.
“Ona deyirdim ki, niyə bu işə qol qoymusan. Sənin iki uşağın var. Başını aşağı sal, ailəni dolandır. O isə cavab verirdi ki, hamı sussa bəs bu qanunsuzluğun qarşısını kim alacaq? Tez-tez ona ”bu millətin dərdi sənə qalıb” deyə sual edirdim, cavab verməyib işini görürdü. Haqsız yerə həbs olunub, ancaq onunla fəxr edirəm. Pis iş görüb bizim başımızı aşağı etməyib” – deyə, ana göz yaşlarını silə-silə sonuncu cümləni təkrar edir.

Hüquq müdafiəçisinin səhvi

Ana sonuncu işdən başqa heç bir işdə oğlunu günahkar saymır: “Onun ən böyük səhvi sonuncu işdə olub. O, dəqiqləşdirmə aparmadan səhv məlumat yayıb”.
Belə ki, Ülviyyə adlı qadın övladlığa götürdüyü Zülfiyyənin üç il əvvəl zorlandığını deyib. O vaxtdan Zülfiyyə Ucardan didərgin düşüb. Birdən-birə Zülfiyyə “peyda” olur. Təzyiqlər olduğu üçün Zülfiyyə özünə qəsd edir. Ülviyyə qızının ölüm xəbərini Talehə deyir. Hüquq müdafiəçisi dəqiqləşdirmə aparmadan tez bir zamanda aidiyyəti qurumlara və beynəlxalq təşkilatlara məlumat verir. Bu planı Ucar rayon Polis Şöbəsi Ülviyyənin əli ilə qurur. Səbəb isə Taleh Xasməmmədovun nüfuzuna xələl gətirmək, onu yalan informasiya verməkdə ittiham etmək olub. Ülviyyənin həyat yoldaşı Akif ÿCəfərov isə Zülfiyyə adlı qızının olmadığını deyir: “Taleh ürəyi yandığından aldanıb və Ülviyyəyə kömək edib. Ancaq həyat yoldaşım polislərin planını həyata keçirərək belə bir iş görüb”.
Hüquq müdafiəçisinin həyat yoldaşı Fəxriyyə Süleymanova Talehin evi sonuncu dəfə tərk etməsini belə təsvir edir: “Taleh evdən gedəndə Ucara çağırıldığını bildirdi. ”Bəlkə qayıtmadım, ancaq narahat olmayın” kəlməsini işlətdi”. Həyat yoldaşı Talehin Ucarla bağlı yazdıqları şikayətlərə diqqət edirmiş: “O, şikayətləri yazandan sonra diqqət edirdim. Bu işin nə olduğunu soruşanda heç bir cavab vermirdi. Dediyi bir kəlmə vardı – əvvəl-axır məni həbs edəcəklər”.
Gülnar Xasməmmədova qardaşı həbs olunandan depressiyadadır. Universitetə girmək arzusunda olan bu qız heç dərslərinə də ciddi hazırlaşa bilmir.
Talehin iki qız övladı var – Cansu və Aysu. Onlar atalarının xəstəxanada olduğunu zənn edirlər. Hər gün axşam qapıda onun yolunu gözləyirlər.
Talehin nənəsi Narıngül xala isə nəvəsinin nə işlə məşğul olduğunu bilməsə də, bildiyi bircə şey var – Talehi şərləyərək həbs ediblər.
Hüquq müdafiəçisinin hüquqlarını “Demokratiya və Vətəndaş Cəmiyyətinin Inkişafına Kömək” ictimai birliyinin rəhbəri Oqtay Isgəndərli qoruyur.

Kiçik sözardı…

Xasməmmədovlar ailəsi ilə sağollaşanda Aysu ağlayaraq bizlə getmək istəyir. Atasının yanına getdiyimizi düşünür. Ona “sabah atanı gətirəcəyik” vədini veririk, o isə inadla vədimizə əməl etməyimizi – atasının axşam evdə olmasını istəyir və ağlayır. Körpəni gözüyaşlı qoyub evdən çıxırıq…

Ramin DEKO,
Bakı-Göyçay-Bakı