iabbasov

İsmət Abbasovun milyonluq maxinasiyası

Nazirə yaxın «SS» tikinti firması büdcə vəsaitlərini talan edir

Bakının Sabunçu rayonu, Zabrat-1 qəsəbə sakini Çingiz Abdullayevi narahat edən məsələ “Azadlıq”a qədər yol alıb. O, nazir Ismət Abbasovun “SS” tikinti firmasının maxinasiyaları barədə söz açıb: “Nazir həmin firmanın rəhbəri Saday Hümbətovla əvvəlcədən əlbir olaraq iş görüb.
Büdcədən baytarlıq xidmətinin regionlarda idarələrinin tikintisi üçün Ağcabədi, Şəmkir, Göy-göl, Gəncə, Bərdə, Zərdab, Zaqatala və Ağstafa rayonlarında nəzərdə tutulan inzibati binaların tikintisi üçün 4-5 milyon manat pul ayrılmasına baxmayaraq firmanın rəhbəri Saday Hümbətov kənd təsərrüfatı nazirliyinin ən yüksək vəzifəli şəxslərilə qabaqcadan əlbir olaraq Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə xanımla birlikdə həmin vəsaitin 1-1,5  milyonunu  talan edib. Layihədə nəzərdə tutulan işlərin heç biri görülməyib, hətta özül üçün nəzərdə tutulan betonun tökülməsində belə çox böyük tikinti pozuntularına yol verilib”.
Çingiz Abdullayev deyir ki, bu haqda dövlət başçısına, FHN, Iqtisadi Inkişaf Nazirliyinə məlumat verildiyi halda həmin pozuntuların araşdırılması əvəzinə Baytarlıq Xidmətinin rəisi dövlət başçısına yalan məlumat verərək yazılı şəkildə tikintidə heç bir qanun pozuntusunun olmamasını bildirib: “Bütün tikdiyi inzibati binalarda pozuntulara yol verən tikinti firması dövlət büdcəsindən ayrılan pulları talan edərək özü üçün ofis, maşın, mənzil alaraq pulu mənimsəyib. ”SS” tikinti firmasının rəhbərliyi kənd təsərrüfatı naziri Ismət Abbasova arxalanaraq Baytarlıq Xidmətinin keyfiyyətini yüksəltmək əvəzinə öz maddi durumlarını yüksəldib.
Dünyanın heç bir ölkəsində kənd təsərrüfatı mallarının qiyməti Azərbaycandakı qədər yüksək deyil, yalnız dövlət büdcəsini talamaqla məşğul olan KTN dövlətə və xalqa da xeyir gətirməyib. Bu nazirliyin bir məqsədi var, o da talamaq, dağıtmaq, saxta rəqəmlərlə xalqı aldatmaqdır”.

Sosial şöbə