elnurastanbeyli@gmail.com
(Birinci yazı)
Hökumət qoşunlarının Nardaranda Azərbaycan bayrağı sancmasına dair AzTV-nin videokadrlarını izlədinizmi? Mən sosial şəbəkədəki paylaşımlardan gördüm. Nə hiss etdim?
Bir: utandım. 20 faiz torpağı yadelli işğalı altında olan, 22 ildə həmin o işğaldakı torpaqlardan iki qarışı azad edilməyən bir ölkənin hökumətinin Bakının qulağının dibindəki hansısa kəndə bayraq sancmasını az qala “Istanbulun fəthi” kimi təqdim etməsindən utandım.
Iki: güldüm. Nardarana təntənəli şəkildə üçrəngli bayraq sancdıqları gün təzəlikcə deputat təyin etdikləri bir cavan yapçının o üçrəngli bayrağı ilk dəfə dalğalandıran Rəsulzadə haqqında iftira və həqarətləri yayılmışdı. “Təsadüfün də bu qədəri!” dedim, taleyin ironiyasına güldüm.
Üç: qəzəbləndim. Guya Nardaranda Azərbaycanın konstitusiya quruluşu bərpa edilibmiş! Guya orada artıq Azərbaycan qanunları işləyəcəkmiş! Azərbaycanda hər yer Nardaran deyil, bəs orada niyə Konstitusiyanı saya salan, qanunlara hörmət edən yoxdur? MTN də Nardaran idimi, orada niyə vətəndaşların konstitusion haqlarını çeynəyib keçirmişlər, ən elementar hüquqnlarına tüpürürmüşlər?
***
Açığı, Nardaran mövzusunda birmənalı nəsə yazmaq çətindir. Bəli, bu qəsəbə problemli idi. Mən mərhum yazıçı Rafiq Tağının bir məqaləsi ilə bağlı 10 il öncə oradan necə aqressiya, nifrət püskürdüldüyünü heç vaxt unuda bilmirəm. Yaxud bu kənddəki bir çox dini mərasimlər zamanı Iranın ali dini rəhbərlərinin portretlərinin asılmasının anlamı nədir?
Digər tərəfdən, Nardaran problemi həll edilməli idi, ancaq bu cür yox. Elə etmək lazım idi ki, haqlı ikən haqsız duruma düşməyəsən. Belə problemləri polis gücü hesabına, inzibati-administrativ yollarla həll etmək artıq köhnəlmiş, effektsiz metoddur, Sovet ənənəsidir.
Bir az da açıqlayım: hansısa kənddə dini simvolları, dini bayraqları yığışdırmaqla nə dəyişir? Bununla sekulyar cəmiyyət, dünyəvi ölkə olmaq mümkündürmü? Ona qalsa, Sovet vaxtı camaat cibində zor-xoş “allahsızlar bileti” gəzdirirdi. Nəticəsi nə oldu? Bir zamanlar universitet auditoriyalarında ateizmdən dərs deyənlər indi həcidirlər, kərbəlayı, məşədidirlər.
Dünyəvi ölkə olmaq modern hüquqa sayğı duymaqla mümkündür. Dünyəvi ölkə olmaq üçün elə etmək lazımdır, insanların əli yerdən üzülməsin və onlar son ümid yeri, son çarə kimi üzünü göylərə tutmasın. Ədaləti yerdə bərpa etsən, heç kim onu göylərdən gözləməyəcək. Sən təhsil ocaqlarını məhv edəndə insanlar, əlbəttə, seyid ocaqlarına axışacaqlar. Sən səhiyyəni xaraba qoyanda, xəstəxanaları rüşvət və korrupsiya yuvasına çevirəndə, xalqın leksikonuna “ağ xalatlı cəlladlar”, “həkim terroru” kimi ifadələrin daxil olmasına rəvac verəndə adamlar, əlbəttə, şəfanı pirlərdə axtaracaqlar. Sənin məhkəmələrin çağdaş hüququ çeynəyib, pulla, sifarişlə hökm çıxaranda adamlar, əlbəttə, şəriət hökmünü özləyəcəklər.
Qısası, dünyəvi ölkə olmaq həmin ölkədə, Konstitusiyada yazıldığı kimi, “rəsmi, qanuniləşdirilmiş dinin mövcud olmaması”, ya da “dinin dövlətdən ayrılması” ilə bitmir. Dünyəvi ölkədə modern hüquq işləməlidir, onun iradəsi üzərində iradə olmamalıdır.
Ədalət anlayışı həyatın hər sahəsində əgəmən qılınmalıdır. Toplumun kiçik bir hissəsi inanılmaz təmtəraq, dəbdəbə içərisində yaşayarkən böyük bir hissəsi bir qarın çörəyə möhtac qalmamalıdır.
Cəmiyyət “seçilmişlərə” və “seçilməmişlərə” ayrılmamalı, hər kəsə eyni gözlə baxılmalı, hüquq hər kəs üçün eyni dərəcədə işləməli, hər kəs yaşadığı ölkənin nemətlərindən bərabərcə faydalana bilməlidir.
Təhsilə, mədəniyyətə, elmə sonuncu dərəcəli məsələ kimi baxılmamalıdır. Unudulmamalıdır ki, sizin ən qatı cinayətkar hesab etdiyiniz vətəndaşınızı geri qazanmağınızın, onu yenidən topluma qazandırmağınızın, onu bütün xoşagəlməz, arzuedilməz vərdişlərdən və meyllərdən xilas etməyinizin yolu məhz təhsildir, mədəniyyətdir.
Əks halda hər cür ekstremizm – etnik, irqi, o sıradan dini radikalizm qaçılmaz təhlükədir. Onların heç birini sadəcə, polis gücü ilə, administrativ resurslarla önləyə bilməzsiniz. Çağdaş dünyanın ən aydın, ən bilinən həqiqətidir bu!
Bu həqiqəti gözardı edərsinizsə, hər hansı bir məsələ ilə bağlı siz onu həll etdiyinizi düşünərkən, əslində o problemi daha da dərinləşdirmiş olduğunuz bir gün bütün çılpaqlığı ilə ortaya çıxar…