Ölkə başçısı Naxçıvan xanının fəaliyyətindən niyə razı qalıb?
Ölkə başçısı Ilham Əliyevin Naxçıvan səfəri başa çatdı. Prezident Naxçıvanda bir neçə obyektin lentini kəsib və həmişəki kimi ürəyindən keçənləri danışıb. Ən əsası isə bildirib ki, Vasif Talıbovun faəliyyətini yüksək qiymətlənidirir.
Bəli, ölkə başçısı Azərbaycanın loboratoriyası sayılan Naxçıvandakı vəziyyətdən çox razı qalıb. Çünki, bu hakimiyyətə məhz “Naxçıvan modeli” lazımdır. Daha dəqiq desək, ölkə başçısı “Vasif Talıbov modeli”nə heyran qalıb.
Naxçıvandakı eybəcər idarəetmədən hamımız xəbərdarıq. Müstəqil mətbuat nümunələrinin yasaq edildiyi, dini mərasimlərə qadağa qoyulduğu, yalnız bir ailənin hökmran olduğu, müxalifət fəallarına zülm edildiyi məkandan söhbət gedir.
Bugünə qədər Naxçıvan haqqında eşitdiyimiz müsbət xəbər budur ki, şəhərdə təmizlik var. Amma sahibkarlara zülm edilməsi, insanlara siyasi baxışlarına görə işgəncə verilməsi, yeni “ənənə”lərin yaranması haqqında tez-tez eşidirik.
Əgər Naxçıvanda işsizlik hökm sürürsə, insanlar şəhəri tərk etməyə məcbur qalıbsa, elmin, təhsilin, səhiyyənin geriləməsi müşahidə olunursa, bütün iqtisadi rıçaqlar bir ailənin əlindədirsə, Ilham Əliyevi razı salan nə olub?
Görünür, Naxçıvan loborotoriyasında testdən keçən “məhsul”ların Azərbaycanın başqa bölgələrində uğurla dövr etməsi ölkə başçısının xoşuna gəlib. Və buna görə də Ilham Əliyev “Talıbov strategiyası”ndan razı qalıb. Yeri gəlmişkən, son günlər Naxçıvanda AXCP üzvlərinə qarşı növbəti təxribat start götürüb və cəbhəçilər qondarma ittihamlarla həbs edilib. Yəqin belə “xırdalıq”lara da Vasif Talıbovun diqqətli yanaşması ölkə başçısını bəxtiyar edib.
21-ci əsrdə öləkələr yeni ixtiralara can atır, qabaqcıl təhsil, səhiyyə, hüquq nümunələri ölkələrə tətbiq edilir, iqtisadi-siyasi naliyyətlər əldə olunur, demokratik ənənələr formalaşır. Bizim ölkədə isə “Vasif Talıbov modeli” təqdir edilir. Vicdanla fəaliyyət göstərən hüquqşünası, jurnalisti, siyasətçini zindana atıb, bütün azadlıqları məhdudlaşdıran adamlara meydan verilir.
Qısası, Ilham Əliyev əmin oldu ki, Naxçıvan etibarlı əllərdədi və avtortar siyasətə zərrə qədər təhdid yoxdur.
Samir