“Səidin dəstəsi” işi Eldar Mahmudova niyə lazım idi?

mahmudov-seidin-destesiMTN-in qondardığı cinayət işi ilə bağlı ilginc detallar

Eldar Mahmudovun nazirliyi dövründə həbs edilən Səid Dadaşbəyli və  digərilərinin valideynləri ölkə başçısı Ilham Əliyevə, baş prokuror Zakir Qaralova və milli təhlükəsizlik naziri vəzifəsini icra edən Mədət Quliyevə müraciət ünvanlayıblar.

Müraciətdə deyilir ki, “Səid Dadaşbəylinin dəstəsi” adı altında başlanan cinayət işi Azərbaycanda dövlət çevrilişi olmadığı halda saxtalaşdırılıb: “Guya ölkədə ”dövlət çevrilişi baş verib” və bu əvvəlcə ittiham, sonradan isə hökmdə öz əksini tapıb. Günahsız cavanların həbsinə səbəb olan bu iş MTN-in Anti-Terror Mərkəzi tərəfindən 2007-ci ildə qurulub. Bu işin sifarişinin hardan qaynaqlandığı barəsində 9 ilə yaxındır ki, mətbuatda mülahizələr irəli sürülür. Gündəmdə olan əsas versiyalar bunlardır: Qərb ölkələrindən dini ekstremizmlə və terrorizimlə mübarizə adı ilə müsəlman ölkələrinin güc strukturlarına, o cümlədən MTN-in Anti-Terror Mərkəzinə köçürülən pullarını doğrultmaq və əldə etmək üçündür. Yəni, əgər Əfqanistanda və Iraqda real dini ekstremistlərlə mübarizə getdiyi halda, Azərbaycanda ekstremistlər olmadığından onları kağızda uydurmaq lazımdır, təki ABŞ, Israil və digər sponsor ölkələri inansınlar ki, hədər yerə pul köçürmürlər.

“Wikileaks” saytının 2006-2007- ci ildə verdiyi məlumatına görə Qərbdən Azərbaycana təzyiqlər həmin dövrdə olunmuşdu ki, Irana qarşı öz ərazisində NATO-nun hərbi bazalarını yerləşdirməyə icazə versin. Qərbə bu işi qurmaqla sübut etmək lazım idi ki, NATO bazalarının yerləşdirilməsi Iran meyli yerli şiələrin aktivləşməsinə səbəb ola bilər və nəticədə böyük neft-qaz proyektləri təhlükənin altına düşə bilər”.

Müraciətdə deyilir ki, Səid Dadaşbəyli və digərlərinin həbsinin bir səbəbi də “Foreks” valyuta birjasının Azərbaycan filialı olan “Foreks-A3″lə bağlıdır: ”Bəzi məlumatlara əsasən ümumdünya “Foreks” valyuta birjasının Azərbaycan filialı “Foreks-AZ” nazir Eldar Mahmudovun obyekti olub. “Səid Dadaşbəylinin dəstəsi”nin işi üzrə məhkum olmuşların bəzisi o birjada müstəqil treyderlər kimi işləyirdilər. Birjanın müdiri və instruktorunun yanlış proqnozu nəticəsində böyük məbləğdə pul itirildi. Nəticədə telefonda və görüşdə onların yuxarıda göstərilən birca işçiləri ilə xoşagəlməz söhbətləri baş vermişdi. Bircadakı bu afyora qalmaqalı başqa treyderlərin öz pullarını birjadan çıxartmağına səbəb ola bilərdi. Nəticədə Bakıdakı “Foreks-AZ” iflas olardı. Ona görə narazı qalmış, başqa investorları agah etmək istəyən treyderləri təcili aradan götürmək lazım idi. Əlbəttə ki, birca bəhanəsi ilə yox, başqa bəhanə ilə. Bu səbəbdən Said Dadaşbəyli qrupu işin ssenarisi MTN-in otaqlarında cızılıb və həyata keçirilib.

Tutulan gənclər “Paintball” Oyunları Federasiyası proyektini həyata keçirmək üçün DIN idman cəmiyyətinin atıcılıq tirinə praktiki atıcılıq dərsləri almaq məqsədi ilə getmişdilər. Amma bizim övladlarımız 2006-cı ilin mayın 20-də televiziyada Bakıda “Paintball” federasiyasının reklamını görəndə sonra qərara gəldilər ki, bütün dərslər saxlansın. Çünki artıq onları kimsə qabaqlamışdı və onlardan qabaq həmin federasiyanı Beynəlxalq Əyləncə Mərkəzinin nəzdində, “Delfin” otelində açmışdı. Atıcılıq tirində keçirilən nəzəri və praktiki dərsləri MTN müstəntiqləri nə qədər absurd olsa da “hakimiyyəti zorla ələ keçirmək və əlində saxlamaq” niyyəti ilə əlaqələndriməyə çalışırdılar.

Paradoksal vəziyyətdir: hamı bilir ki, Azərbaycanda dövlət çevrilişi baş verməyib, 10 cavan isə həmin ittihamla 12-14 il müddətinə cəza çəkməyə məhkum olunub. Bu gənclər “Paintball” oyunlarının qurbanlarına çevriliblər. Bu isə Afrikanın hansısa banan respublikasında deyil, Avropa qitəsində yerləşən Azərbaycanda baş verib!”