«Nə nardaranlılar özlərini bu dövlətin vətəndaşı kimi aparır, nə də iqtidar bu dövlətin hökuməti kimi davranır»
Qafqazda ən böyük məscid yox, hamı üçün açıq olan ən böyük kitabxana tikmək yerinə…
Erkin Qədirli
Nardaranda baş verənlərlə bağlı yazmaq istəmirdim. Indi də istəmədən yazıram – “nədən heç nə yazmırsınız” sayağı çoxsaylı sualları cavabsız qoymamaq üçün. Doğrusu, ilk dəfədir önəmli ictimai hadisəylə bağlı açılmış mövzuya girməyə həvəssizəm. Niyə? Çünki hər iki tərəf haqsızdır. Nə nardaranlılar özlərini bu dövlətin vətəndaşı kimi aparır, nə də iqtidar bu dövlətin hökuməti kimi davranır. Dövlət yanaşması yoxdur.
Dövlət yanaşması olmayanda…
Kiçik örnək. Nardaranda “Imam Hüseyn Meydanı” var, deyirlər. Oranın sakinləri həmin yerə belə ad qoyub və hamı bu adı, onu sorğulamadan, qəbul edib. KIV-lər də oranı “Imam Hüseyn Meydanı” adlandırır. Hərçənd, o yerin rəsmi dövlət adı var (poçt ünvanı). Amma heç kim o rəsmi ünvanı dilə gətirmir. Niyə? Dövlət yanaşmasının olmadığına görə. Ya da “Islam Partiyası”nı götürək. “ReAl nə zaman partiya olacaq”, “ReAl-ın neçə üzvü var” kimi suallarla bizdən əl çəkməyənlərdən bir dəfə də eşitmədim (görmədim) ki, “Islam Partiyası”nın varlığını sorğulasınlar (şübhə altına qoysunlar). O “partiyanın ”həbs olunmuş sədrindən başqa neçə üzvünü tanıyır, hansı proqram sənədini oxumusunuz? Niyə “partiya” adlandırırsınız onları? Hər şey bir yana, elə bir partiyanın olması Konstitusiyaya ziddir. “Onsuz da Konstitusiya işləmir” deməyə tələsməyin. Işləmədiyini mən də bilirəm. Bu gün işləmir, sabah işləyəcək. Söhbət prinsipdən gedir. “Islam Partiyası” Azərbaycanda ola bilməz! Dövlət yanaşması bunu tələb edir.
Niyə belə edilir? Güman ki, iqtidara belə lazım olub (iqtidarın da dövlət yanaşması yoxdur). Iqtidar Nardarandan “siyasi Islam təhlükəsi” örnəyi kimi istifadə etməyə çalışıb. Bununla Qərbə demək və göstərmək istəyib ki, Qərb bu iqtidarı dəstəkləməsə, guya hansısa islamçılar hakimiyyəti ələ alacaq. Hansı Islamçılar? Nardaranlılar? Nardaranlılar qonşu kəndlərlə yola getməkdə çətinlik çəkir, nə hakimiyyətə gəlmək? Nardaranda dövlətə qarşı itaətsizliyin səbəbi hazırkı iqtidar olmasa da, iqtidar belə itaətsizlikdən yeri gələndə istifadə edib (dövlət yanaşması olmadığına görə).
Iqtidara “Imam Hüseyn Meydanı”, “Islam Partiyası” sayağı adlar dolayısıyla sərf edir (yuxarıda izah etməyə çalışdığım məqsədlər baxımından). Yaxşı, iqtidarın bunu nə üçün etdiyi anlaşılır. Bəs, şərti desək, “ateist”, “liberal” və s. çevrələr niyə eyni yanlışı təkrarlayır? Demək ki, onların da xeyrinə (ritorik, ya da arqumentativ fayda olaraq) işləyir belə yanaşma. Onlar da Nardaran örnəyindən dini gözdən salmaq, ən azı öz aralarında bu mövzunu hər cür aşağılamaq, ya da “siyasi Islam təhlükəsi”nin görüntüsünü yaratmaq üçün istifadə ediblər. Təəssüf ki, burada da dövlət yanaşmasının olmadığı görünür.
Zorakı müqavimət – siyasi yol deyil
Yanılmıramsa, 1999-cu ildə olmuş ilk bələdiyyə seçkilərinin Nardaranda keçirilməsinə kəndin sakinləri imkan vermədi. Bu, seçki prosesinə etimad məsələsi deyildi. Seçkilərin saxtalaşdırıldığı hamıya aydındır. Burada söhbət daha dərindir. Nardaranda dövlət qurumlarına qarşı münasibət belə olub. Belə münasibətin özü Nardaranı “siyasi Islam” örnəyi kimi göstərməyə çalışanların yanlışını üzə çıxarır. Islami (ya da başqa) dəyərləri siyasətə gətirməyi düşünənlər siyasətdən uzaq durmaz, özünə qapanmaz, siyasətdə iştirak edər, siyasətin qarşısında olan maneələrin dinc yollarla aşılmasını düşünər, bunun üçün şəraitin olmadığını görəndə, şəraitin bir gün yetişəcəyinə hazırlaşar və s. Bunun mədəni yolları var.
Zorakı müqavimət – siyasi yol deyil (imperiyalara qarşı, ya da vətəndaş müharibələrini misal gətirməyin – burada söhbət başqadır). Ciddi siyasi mövqeyi (tələbi) olanlar polisə müqavimət göstərməz. Dünyəvi müxalifəti polis azmı incidir? Niyə dünyəvilər polisə müqavimət göstərmir (cinayət işlərində bununla bağlı saxta ittihamları boş verin)? Çünki onların məqsədi – hökumət olmaq, polisin özünü idarə etməkdir. Elə bir məqsədi olmayanların, hökumət olub adam kimi dövlət qurmaq uğrunda çalışmayanların, milli təəssübkeşliyə sığınaraq ölkəmizin milli maraqlarını güdməyənlərin fikri, təbii ki, başqa yerlərdə olasıdır. Iqtidar və onun əlaltısı olan media bilməliydi ki, “Imam Hüseyn Meydanı” kimi rəsmən mövcud olmayan bir yer adının məşhurlaşmasına imkan yaradanda, bir gün elə və ya başqa oxşar adı daşıyan yerlərin birindən ona “Yezid” deyəcəklər. Ritorik qanunauyğunluq var burada.
Dindən istismar imkanları
Mədəniyyət danışıqdan başlayır. Iqtidarın cəmiyyətimizə vurduğu ən böyük ziyanlardan biri də bu oldu – mədəni danışıq fürsətlərininin qapadılması. Ciddi mövzular və onları danışanlar bütün fürsətlərdən məhrum olunub. Tele- radiolar onlar üçün bağlıdır. Universitetlərdə və başqa akademik və sənət çevrələrində belə danışıqlar (danışanlar) təqib olunur. Cincıxarma, ələmuçurma kimi gerilikləri xəbərlərdə və canlı yayımlarda verəsi, bu haqda yazası günlərə düşdü mediamız. Şəhərin bir çox yerində dükanların qarşısında səsucaldanlar vasitəsilə moizələrin oxudulmasına göz yuman, hansısa imamın mövlud mərasimi üçün böyük hotellərdə konfrans otaqlarının verilməsinə mane olmayan dövlət, ciddi dünyəvi müzakirələrin hər cür yolla qarşısını alır.
Bu gün genişçıxışlı ictimai fürsətlərdən məhrum olunmuş bütöv bir nəsil var ki, ömrünün ən məhsuldar vaxtını sosial şəbəkələrdə keçirməli olur ki, heç olmasa burada ciddi müzakirə üçün çevrə tapa bilsin. Dindarların məscidləri, mərasim evləri və bir sıra başqa fürsətləri (hələ maddi yardımlaşmalarını demirəm) varkən, önəmli problemlərin dünyəvi müzakirəsi üçün yer olmur, pul tapılmır. Kitab dükanlarının sayı millətimizə ayıb olası qədər az olduğu bir ölkədə, kitab çapını ucuzlaşdırmaq, Qafqazda ən böyük məscid yox, hamı üçün açıq olan ən böyük kitabxana tikmək yerinə, təhsilin səviyyəsini yüksəltmək, elmin nufuzunu qaytarmaq əvəzinə, iqtidar hər şeyi edir ki, dindən istismar imkanları artsın. Hətta deputatlar və başqa ictimai adamlar daha çox dindən danışır, dini kitablara, yoxlanılması mümkün olmayan rəvayətlərə istinad etməyə başlayıblar. Başqa nə desinlər ki? Mövzuların əksəriyyəti qapadılıb, “Konstitusiya” sözünü belə eşitmək olmur.
Problem sistemdədir
Iqtidar indi dini radikalizmin artmasından gileylənir. Niyə gileylənir? Bu vəziyyətin yaranmasına yol verən iqtidarın özü deyilmi? Iranda Islam Inqilabının önəmli adamlarından biri olan Ayətullah Həmədanini kim buraxmışdı buraya? Onun ölkəmizə gəlməsinə nə gərək vardı? Iqtidarın icazəsi (bəlkə, hətta dəvəti – bunu da bilmirik heç) olmasaydı, həmin adam buraya gələ, burada görüşlər keçirə bilməzdi. Mən dindarların toplaşmaq və başqa azadlıqlarına qarşı deyiləm; dünyəvilərin eyni azadlıqlarının əngəllənməsinə qarşıyam. Çünki bu problemlər buradan qaynaqlanır. Azad siyasi debatlarda, ya da elmi-fəlsəfi müzakirələrdə dindarların önəmli ictimai üstünlük qazana biləcəyinə inanmıram.
Dini mövzuları siyasətə gətirməyin uzunsürən (davamlı) ictimai faydası olmur. Baxın, cəmiyyətimiz yenidən hansı mövzulara qayıdıb – qızların məktəbə buraxılması, onların hicabla dərsə gəlməsi, hicabla pasporta şəklin çəkdirilməsi, erkən nikahlar, seçmə abortlar, qadınlar üçün sonuncu vaqon və s. Bu mövzuların heç birisi çağdaş deyil. Hazırda təməl sistem problemlərin həll olunmadan qalması ucbatından, məsələn, “məktəbdə hicab” kimi bir mövzunu açmağın yeri yoxdur (hərçənd, mən hicaba qarşı deyiləm və bunu açıq deyirəm). Təhsilin, bir sistem olaraq, dərin böhran vəziyyətində olduğu, müəllimlərin rüşvət və seçki saxtakarlığı kimi təcrübələrdə batdığı durumda, həmin problemlərin həlli yerinə “hicab” məsələsini qabartmaq başqa niyyətlərdən xəbər verir. Eləcə də elmə, incəsənətə və başqa sahələrə yanaşmada ictimai nüfuz qazanmaq iddiasında olan dindarların bir qisminin tutduğu yön kökündən yanlışdır. Dünyəvilərin də yanlışları çoxdur, amma onların heç biri belə fəsadlar vermir.
Mən həmişə deyirdim ki, məsələn, elə Nardaranda azad seçki vasitəsilə formalaşmış bələdiyyə olsaydı, yerli səviyyədə dini qaydaların bəzilərini(!) tətbiq edə bilərdi. Məsələn, Nardaran bələdiyyəsi qərar verə bilərdi ki, kəndin ərazisində spirtli içkilərin satışı və istifadəsi qadağan olunsun. Demokratik hüquq dövlətində bələdiyyə səviyyəsində (!) bu, mümkündür. Belə bir qərarın ictimai və iqtisadi faydasını görməsəm də, kompromis kimi onu tanıya biləcəyimi düşünmüşəm və bu haqda açıq danışmışam. Siyasət belə olur – kompromislərə getməyi bacarmalısan. Amma hər şeyin həddi olmalıdır. Görəndə ki, məqsəd heç də sağlam və ya, tutaq ki, əxlaqlı həyat tərzi deyil, daha böyükdür, kompromis imkanı tükənir.
Ya da, məsələn, indiki şərtlər altında məktəbdə hicab tələb edənlərin, bu tələbə nail olduqdan sonra təkamül nəzəriyyəsini qadağan etmək tələbini irəli sürməyəcəyinə dair heç bir zəmanət yoxdur. Belə bir zəmanəti düzgün çalışan demokratik və hüquqi təsisatlar verə bilərdi, amma onlar yoxdur. Bununla belə, hicabla şəxsiyyət vəsiqəsinə və pasporta şəklin çəkilməsinə icazə tələbini, bu problem yarandığı zamandan müdafiə etmişəm. Bu tələbin tərəfdarı deyiləm, amma burada kompromis mümkündür. Hicabla şəxsiyyət vəsiqəsinə şəkil çəkdirmək qadağasının nəticəsi o oldu ki, hicablı qadınlar əksər mülki və siyasi haqlardan yararlanmaq imkanından məhrum oldu. Demək istədiyim odur ki, dünyəvi dövlətdə, düzgün çalışan demokratik hüquqi təsisatlar varsa, belə problemlərin kompromis həll yolları da olur. Problem sistemdədir.
Nardaran camaatına qarşı haqsızlıq edilib, burası aydındır. Amma Nardaran camaatı da bu illər ərzində haqlı olmayıb. Bu mövzuda iqtidarın etdiklərinə qarşı çıxmaq asandır. Iqtidar hər hərəkətilə buna bəhanə verir. Insanları şərləyib həbs edir, instintaqı və məhkəməni saxta sübutlar üzərində qurur, əməliyyatı səliqəsiz keçirir, insan həyatına və onun keyfiyyətinə önəm vermir və s. Təəssüf ki, bu şərtlər altında probləm bir tək humanitar deyil. Odur ki, bu iqtidardan xoşumuz gəlmir deyə, onun qarşılaşdığı problemin həll olunmamış qalmasından, ya da həll etmək cəhdlərinin daha böyük problem yaratmasından faydalanmağa tələsməyək.
Sabah ölkədə demokratik hökumət qurularsa, hüquqi təsisatlar düzgün işləməyə başlayarsa belə, bu iqtidarın dönəmində yığılıb qalmış bir sıra problem həll olunmayacaq. Çünki bəzi problemlərin çox dərin və bizdən asılı olmayan kökləri var (immanent problemlər).
Dünyəvilik əldən gedərsə, müstəqillik də itiriləcək
Son hadisələr niyə indi oldu? Güney Azərbaycanda kütləvi etirazlara Iranın cavabı ola bilərmi? Bilmirəm. Buradakı dindarlardan istifadə etməyə həvəsli olan bir tək Iran deyil ki. Ona qalırsa, xarici qüvvələr, o sıradan Qərb və Rusiya, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrdə, bir qayda olaraq, millətçilərdən deyil, Islamçılardan istifadə edir. Dövlət yanaşması problemin bu tərəfini də düşünməyi tələb edir. Dini görüşlərin rəhbər tutulması milli maraqlara zidd olmamalıdır. Xüsusilə bizim coğrafiyada. Dünyəvi dövlətin üstünlüyü – bu iki yanaşmanı barışdıra bilməsidir. Dünyəvilik – müstəqilliyimizin təməllərindən biridir. Bu ölkənin dünyəviliyi əldən gedərsə, müstəqilliyi də itiriləcək.
Iqtidarın bu işdə məsuliyyəti böyükdür. Problem ondadır ki, iqtidar məsuliyyətinə uyğun davranmır. Məlumatlandırmadan tutmuş məsləhətləşməyə qədər, inandırmadan tutmuş məcburetməyə qədər gördüyü əksər işlərdə ciddi yanlışlara yol verir. Ictimai mənaların oturuşmadığı bir şəraitdə iqtidarın bu cür yanlışları (ədalətsizliyi) dinin siyasətə atılmasına əlavə imkanlar yaradır. Problem də budur – sistem problemidir.
Redaksiyadan: Yazı müəllifin “Facebook” səhifəsindən götürülüb.