“Gün gələcək, sən də gedəcəksən…”
Türkiyənin baş nazir Rəcəb Tayyib Ərdoğan növbəti dəfə Suriya diktatoru Bəşər Əsədin ünvanına sərt ittihamlar səsləndirib. Ərdoğan “tanklarla, toplarla iqtidar bir yerə qədər. Gün gələcək, sən də gedəcəksən. Çünki o kreslolar daimi deyil” söyləyib.
Ərdoğan Afrika qitəsi müsəlman ölkə və cəmiyyətləri dini liderlərinin zirvə toplantısında çıxışı zamanı bildirib ki, Suriyada haqlarını istəyən, daha insani bir həyat tələb edənlərə qarşı tankların, topların, silahların cavab verməsi cinayətdir: “Eyni qibləyə dönən, Allaha və Onun Peyğəmbərinə inanan insanların bu şəkildə öldürülməsini qəbul etməyimiz mümkün deyil”.
Türkiyənin baş naziri Bəşər Əsədə xitabən bunları deyib: “Əgər sən bir lider kimi özünə güvənirsənsə, seçkilərə get. Xalq səni yenidən seçərsə hakimiyyətə qayıt. Ondan sonra ölkəni idarə et. Amma tanklarla, toplarla iqtidarın da ömrü bir yerə qədərdir. Gün gələcək, sən də gedəcəksən. Çünki o kreslolar daimi deyil, müvəqqətidir. Biz bunu çox söylədik. Çox deməyimizə baxmayaraq, təəssüf ki, Suriyanın prezidenti Bəşər anlamadı”.