
Bir nəfərin ölümü ilə nəticələnən hadisə yerində əməkdaşımız daha nələr öyrəndi?
Hikmət Babayevi öldürüb, xalası oğlu Razi Zəkiyevi yaralayan qəsəbə sakini Rahib kimdir?
Xəzər rayonu, Buzovna qəsəbəsində, “Zuğulba” marketin yaxınlığında silahlı atışma olub. Hadisə nəticəsində bir nəfər ölüb, bir nəfər yaralanıb. Olay ötən gün saat 13 radələrində baş verib. Insident nəticəsində Hikmət Babayev ölüb. Onun xalası oğlu Razi Zəkiyev isə güllələnib. H.Babayev hadisə yerində dünyasını dəyişib. Bundan başqa, Hikmət Babayevin baş nahiyəsinə ərazidə olan daşlarla bir neçə dəfə zərbə endirildiyi də bildirilir. Razi Zəkiyevi isə hadisə şahidləri xəstəxanaya çatdıra biliblər.
Biz ərazidə olan zaman Hikmət Babayevə məxsus “Nissan” markalı avtomobil orada idi. Maşının bütün şüşələrində güllə izləri vardı. Ehtimallara görə, güllələnənlər hadisə zamanı öz maşınlarında olublar. Onları güllələyənlər də başqa maşınla gəliblər. Burada mübahisə yaranıb və həmin şəxslər də öz maşınlarına minərək hadisə yerindən qaçıblar.
Bəzi məlumatlarda hadisəni bir nəfərin törətdiyi, başqa məlumatlarda isə qrup şəklində törədildiyi deyilir.
Şahidlərin dediklərinə görə, “Mercedes S” markalı avtomobili idarə edən şəxs “Zuğulba” marketindən bir az kənarda “Nissan” markalı avtomobilin qarşısını kəsib. Avtomobildən düşən şəxs “Nissan”ı atəşə tutub, sürücüsü Hikmət Babayevi maşından aşağı salaraq başından güllələyib. Meyiti sürüyərək onun başını daşla əzib.
Xəzər rayon prokurorunun köməkçisi Ilqar Hacızadənin “anspress.com”a verdiyi məlumata görə, hadisənin şəxsi münasibətlər zəminində baş verdiyi ehtimal edilir: “Hazırda yaralı və ölən şəxsin yaxınları dindirilir. Onların kimlərləsə düşmənçiliyi olub-olmamaları araşdırılır. Hadisə ilə əlaqədar bir neçə şübhəli şəxs var. Lakin istintaq sirri olduğu üçün hələlik həmin şəxslərin kimliyini deyə bilmərəm. Hadisə yerində bir neçə avtomobil olub. Onların dövlət nömrə nişanları götürülüb. Hazırda, həmin şəxslər barəsində axtarışlar aparılır”.
Ilqar Hacızadə bəzi informasiya saytlarında tərəflər arasında əlbəyaxa dava olması barədə yazılanların həqiqətə uyğun olmadığını bildirib: “Bu barədə məlumat yoxdur. Əslində elə bir hadisə də olmayıb. Orada əlbəyaxa döyüş olmayıb”.
Öldürülən şəxs Hikmət Babayev 1978-ci il təvəllüdlüdür.
Yaralanan Razi Zəkiyev 1983-cü ildə doğulub. O, baş nahiyəsindən aldığı güllə yarası ilə 3 saylı şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, hazırda vəziyyəti ağırdır.
Günün sonunda hadisəni törədən şəxsin kimliyi bəlli oldu. Məlumata görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Buzovna sakini, 1965-ci il təvəllüdlü Rahib Rəsulovun olayı yaratdığı üzə çıxdı. R.Rəsulov polis tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Öldürülən Hikmət Babayev Maştağa sakinidir. O, Sabunçu rayonunda ev alqı-satqısı ilə məşğul olurmuş. Tərəflər arasında mübahisənin də pul üstündə düşdüyü söylənilir. Buzovna sakinlərinin “Azadlıq”a verdiyi məlumata görə, Rahib Rəsulov bir müddət öncə Hikmət Babayevə torpağını satmağı xahiş edib. Torpaq satıldıqdan sonra Babayev Rəsulova heç nə verməyib. Dəfələrlə Hikmətə zəng edən Rahib sonda bu yola əl atmağa məcbur olub.
Əldə etdiyimiz məlumatlara görə, Rahib Rəsulov imkanlı şəxslərdən biridir. Qəsəbədə “vurub-yıxan” kimi tanınır.
Rahib Rəsulovun həbs xəbəri yayılan zaman Buzovna sakinləri “Azadlıq”a qəsəbədə Rahib adlı şəxsin olduğunu dedilər. Deyilənlərə görə, həmin şəxs Rzayev soyadlı bələdiyyənin keçmiş sədridir. Xəzər rayon icra hakimiyyətinin başçısı Gülağa Islamovun yaxın adamıdır. Ancaq Respublika Baş Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov mətbuata açıqlamasında hadisəni Rahib Rəsulov ad-soyadlı şəxsin törətdiyini deyib.
APA-nın yaydığı məlumatda qətlə yetirilən H.Babayevin atası Əmirağa Babayev bir neçə il əvvəl Abşeron Rayon Polis Idarəsinin sabiq rəisi Cahangir Hüseynovu güllələyərək, ağır yaralayıb. Bu və başqa ağır cinayətlərdə əli olan Ə.Babayev ömürlük azadlıqdan məhrum edilib.
Baş vermiş hadisə ilə bağlı Xəzər Rayon Prokurorluğunda cinayət işi başlanıb, istintaq aparılır.
Ramin DEKO



