Rafiq Tağı bıçaqlanması barədə danışıb (VİDEO)

Rafiq Tağı bıçaqlanması barədə “Azadlıq” radiosuna müsahibə verib. “Məni vuran həyəcanlı idi. Üzüörtülü 30-35 yaşlı adam arxadan zərbə vurdu mənə. Zərbəni birinci kürəyimdən vurdu. Heç bir kəlmə söz danışmadı ki, birdən səsindən nəsə başa düşülər. Sonra qaçıb getdi”, deyə yazıçı bildirib.

***

Rafiq Tağıya hücum edənlər iki nəfər olub. Bunu Rafiq Tağı həkimlər və müstəntiqlərlə söhbətində bildirib. Hazırda yazıçını 1 saylı Bakı Klinik xəstəxananın cərrahiyyə şöbəsində palataya yerləşdiriblər.
Qardaşı Rafael Tağıyev deyir ki, xəstənin vəziyyəti qənaətbəxşdir, müalicəsi davam edir.

***

Rafiq Tağı ilə söhbətləşmək imkanı əldə edən “Yeni Müsavat” reportyoru Samir Kazımlının verdiyi məlumata görə, yazıçı ona bıçaqlanma anı barədə danışıb: “O dedi ki, 1a saylı marşrutdan düşüb evə gedərkən arxadan kiminsə ona tərəf qaça-qaça gəldiyini hiss edib və onu oğru sanaraq, əlindəki çantanı önünə doğru çəkib. Bu zaman həmin şəxs ona bıçaqla zərbələr endirməyə başlayıb və ümumilikdə 7 bıçaq zərbəsi vurub. Rafiq Tağı həmin şəxsin üzünün örtülü olduğunu və onun tək olduğunu görüb. Basqınçı gəldiyi istiqamətdə geriyə qaçıb”.

***

Rafiq Tağının bıçaqlanması ilə əlaqədar Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanıb.

Rafiq Tağını ürəyindən vurmaq istəyiblər

Rafiq Tağının sinəsinə sıxdığı kitab onun ürəyinə yönələn zərbəni yayındırıb. Bıçaq kitaba dəyib, kitabı keçib, ürəyinə çatmayıb. Niyyət Rafiq Tağını məhv etmək olub, bu, təşkil olunmuş məsələdir».

Xəstəxanada yazıçı Rafiq Tağıya baş çəkən sənət dostlarından naşir Şahbaz Xuduoğlu “Azadlıq” radiosuna belə deyib. Şahbaz Xuduoğlunun fikrincə, yazıçıya hücumda hansısa qüvvələrin əli var: «Həmişə səs-küy yaradan, fərqli bir münasibət sərgiləyən yazıçıya hücum təsadüfi ola bilməz. Hər halda biz rəyi hüquq-mühafizə orqanlarından gözləyirik. Təqiblərə, təzyiqlərə, hücumlara və qətllərə məruz qalmış adamlarla bağlı açılmış cinayət işləri heç zaman uğurlu nəticə ilə yekunlaşmayıb. Ümid edək ki, Rafiq Tağıya olan hücumun arxasında dayanan qüvvələr bəlli olacaq».