3 rəngli qara bayraq

ilham-huseynİlham Hüseyn

Günlərdi oturub seyr edirik. Rəsmi təbliğat yenə də xalqın beynində “rəqs” edir. Sanki ölkənin yeganə problemi, fəth edə bilmədiyimiz yeganə qala Nardaran imiş. Yox, bu yazıda hökumətin Nardarandakı şousundan söhbət açmaq istəmirəm. Heç günahsız insanlara “terrorçu” damğası vurulmasını, telekanalların iyrənc reportajlarını, kənd sakinlərinə qarşı faşist təfəkkürü ilə davaranılmasını da qabartmayacam.

İstəyirəm ki, Nardaranda “bayraq islahatı” həyata keçirən hökumətimizin “rəşadət”indən söhbət açım.

Əvvəlcə Nardaranda dini şüarları sildilər, sonra qara bayraqları 3 rəngli bayraqla əvəzlədilər. Sanki, Qarabağı düşməndən azad edib, ermənilərin şüarlarını silib, 3 rəngli bayrağı Şuşa qalasından asırdılar.

Cənablar, dəhəştli olan divara hansısa dini şüarın yazılması yox, ölkənin bütövlükdə yalan, yaltaqlıq şüarına bürünməsidir.

Dəhşətli olan hansısa ağaca qara bayrağın asılması yox, əyninə qara mantiya geyinmiş hakimlərin ədalətsiz hökm çıxarmasıdır.

Bir kəndin dini dəyərlərlə yaşaması yox, bir ölkəni bütün bəşəri dəyərlərdən məhrum etmək təhlükəlidir.

Quranı özünə qanun kimi seçənlər yox, Konstitusiyanı kağız parçasına çevirənlər ölkəni cəhalətə aparır.

Kiminsə evindən balta çıxması deyil, kimlərinsə cibindən milyardların çıxması cinayətdir.

Dindarlar yalnız Məhərrəmlikdə yas saxlayır, bu ölkə isə ilin 12 ayı yas içindədir.

Bəli, təhsilsizlikdən, hüquqsuzluqdan, talançılıqdan böyük cəhalət istehsalçısı yoxdur. Bu ölkəni qara günə salan Nardarandakı qara bayraqlar yox, dövləti obyekt kimi idarə edən qara qüvvələrdi.

Vaxtında Nardaran kəndinə qayğı yeritsəydiniz, indi qoşun yeritməyə ehtiyac olmazdı. Bugünə qədər hökumət bu kənddə hansı layihə həyata keçirib? Guya, hansısa nazir əhalinin dərdini dinləmək üçün Nardarana getsəydi faciə baş verəcəkdi? Sən öz vətəndaşınla dialoqdan imtina edəndən sonra, vətəndaş səni niyə sevməlidir. Onsuz da bu ölkdə təkcə Nardaranlıların deyil, 9 milyonun işi Allaha qalıb.

Bu hökumət nə vaxtdan bayraq sevən olub? Nardaranda qara bayrağın yerini 3 rəngli bayraqla əvəz edə bilərsiniz, amma o bayrağı ürəyinizə sancmağı hələ də bacarmamısınız. Bayrağı 165 metr hündürlüyə qaldırıb, bayraq sevənləri zirzəmilərə salmaq nə deməkdir?

3 rəngli bayrağın atası olan Rəsulzadənin büstünə çuval keçirdikdən, hansısa deputatcığın diliylə Rəsulzadəni təhqir etdikdən sonra, Nardarana 3 rəngli bayraq sancsanız nə dəyişəcək?

İllərdi o bayrağın altında talançılıq, yalançılıqla məşğul olan Nardaran camaatı deyil. Seçki qutusuna topa-topa bülleten atdıqdan sonra, kabinetdə qoşa-qoşa bayraq asmağın mənası yoxdur.

Nardaranda onsuz da milli bayraq var idi. Yayılan fotolardan da göründü ki, atışma olan evdə də 3 rəngli bayrağımız asılıb. Amma Ağdamda, Şuşada, Laçında, Xankəndində, Zəngilanda, Qubadlıda, Füzulidə, Cəbrayılda, Xocalıda 23 ildir bayraq asılmır. Biz “Lazım”ı ön cəbhədə   gözləyirdik, hökumətimiz arxa cəbhəyə göndərdi.

Cənablar, 6 rayon Nardaran sakinlərinin güdazına getməyib. 2.5 milyon əhalinin kredit bataqlığında çabalaması, 25 milyard xarici borcun yaranması, valyuta ehtiyatlarının azalması, təhsilsizliyin, səhiyyəsizliyin, hüquqsuzluğun meydan sulaması da Naradaranın günahı deyil.

Bir sözlə, bu gün 3 rəngli bayrağımız da qara günlərini yaşayır. Bayrağımızın rənglərini geri qaytarmaq lazımdır.  Nə qədər ki, Rəsulzadə sevənlər zindanlarda yaşayır, nə qədər ki, islamçılar terrorçu kimi təqdim edilir, nə qədər ki, ölkə keçmişə sürüklənir, nə qədər ki, türkçülük  qurban verilir, bayrağımız qaralacaq.

3 rəngli bayrağın qara rəngdən xilas olması, Nardaranda qara bayraqları yığışdırmaqla mümkün deyil.  Niyyət, düşüncə, əməl, xalqa münasibət AĞ rəngdə olmalıdır.