Mətləb Mütəllimli, istiqlalçı millət vəkili
Bu gün Azərbaycanın kütləvi informasiya vasitələrini zəbt edən əsas mövzu- “mtn”-də baş vermiş cinayətlərdir . İlk baxışda belə görünür ki , guya,bütün nazirliklərdə , komitələrdə hər şey qaydasındadır, rüsvayçılıq, reketçilik təkcə “mtn “-dədir. Əslinə qalsa , tam əminliklə demək olar ki , bir çox nazirliklərdəki , komitələrdəki vəziyyət – “mtn “ dəkindən də dəhşətlidir. Bəs , niyə məhz “mtn”? Birincisi , “mtn”-in uğursuz seçilmiş şefi -“oboxees”i 11 il müddətində bütün həddləri aşaraq cızığından xeyli kənara çıxmışdır.Bu həddini aşmaq hələ də tam müdafiəsiz qalmış sahibkarlardan , rabitə və yüksək texnologiyalar nazirliyindən , adları bilərəkdən gizlədilən digər dövlət qurumlarından bac-xərac almaqdan ibarət olmamışdır. Mətbuatın yazdığına görə , sabiq nazir E. Mahmudov təkcə öz həmkarlarını-gözü kölgəli , millətin sərvətlərini çapıb talamaqla xirtdəyə qədər zibilin içində olan qocaman nazirləri dinləməklə kifayətlənməmiş , ölkə prezidentini dinləməyi də lazım bilmişdir.
İkincisi , şəxsi qənaətimə görə ,bu məsələnin seçkiqabağı ortaya atılması hakimiyyət tərəfindən məqsədli şəkildə baş vermişdir. Başqa sözlə desək , 2005-ci ildə olduğu kimi , bu il də seçkiqabağı şou yaratmaq hakimiyyətin qabaqcadan düşünülmüş siyasi gedişidir. Əvvəlcədən planlaşdırılmış bu çirkin şouda əsas məqsəd “ mtn” olayları fonunda seçki saxtakarlıqlarını ört-bastır etməkdən ibarət olmuşdur ki ,demək olar, bu niyyətlərinə də nail oldular. Bundan sonar daha 5 il görməyə məhkum edildiyimiz sürtülmüş sifətlər, illərlə ağzını su alıb xalqın dərdindən , sərindən bir kəlmə belə danışmayan ,deputat mandatını satın alan boynu yoğun alverçilər, öz şəxsi məmafeləri naminə hər şeyə “ləbbey” deyən qalstuklu məddahlar analoqu olmayan milli məclisdə millətin adından at oynadacaqlar. Üçüncüsü ,belə bir qüdrətli nazirliyi tar-mar etməklə o biri yüksək rütbəli məmurları da xəbərdar edilir ki ,baxın ha ,oyun qaydalarından kənara çıxmayın,yoxsa,sizin də aqibətiniz belə ola bilər. Bu günlərdə Azərbaycan Respublikasının Baş prokurorluğu “mtn” də baş vermiş olaylarla bağlı yarımçıq ,obyektivlikdən uzaq bir məlumat yaymşdır. Bu məlumata əsasən , istər-istəməz belə fikirləşirsən ki , yəqin , “mtn”nin başçısı E.Mahmudov yox , A. Çovdarov olmuşdur. Başqa cür necə anlamaq olar ki , bütün cəmiyyəti silkələyən bu rüsvayçı hadisəylə bağlı məlumatda əsl günahkarların içərisində bu nazirlikdə baş verən qanunsuzluqlara birbaşa cavabdeh , proseslərin içərisində əsas fiqur olmuş E. Mahmudovun adı çəkilmir? İstintaqda- bir çox hallarda olduğu kimi , indi də icraçılar məsuliyyətə cəlb edilir, nazirliyin fəaliyyətinə birbaşa nəzarət etməyə borclu olan şəxs isə cinayət məsuliyyətindən kənarda qalır,ona himayədarlıq edilir. Bir çox tanınmış hüquqşunasın,eləcə də bizim fikrimizcə , istintağın gedişi haqqında məlumatda sabiq nazirin adının heç çəkilməməsi , təqsirinin birbaşa göstərilməməsi bütün hüquq normalarına , istintaq qaydalarına tamamilə ziddir.Bir də,əgər,sabiq nazirin törədilən cinayətlərdə əli yoxdursa,onda niyə ev dustağı edilib? Görünür, ya, istintaqı aparan prokurorluq orqanının rəhbərliyi , ya da ölkə rəhbərliyi haqqında sabiq nazirdə elə ifşaedici faktlar vardır ki , məhz buna görə , arı pətəyinə çubuğ salmağa ehtiyat edilir. Hal-hazırda hakimiyyət tərəfindən sıxışdırılan,lakin,qeyri-rəsmi qadağalara baxmayaraq “mtn” olaylarını işıqlandırmaqda davam edən mətbuat belə bir mülahizəni də əsas gətirir ki , ola bilsin ,E.Mahmudov yığdıqlarının bir hissəsini yuxarılardan gizlədiyinə görə cəzalandırılır. Hər halda, hakimiyyət rəhbərlərinin bu barədə susması çoxlu suallar yaradır. Necə bilirsiniz , reket yolu ilə toplanan bac-xərac təkcə E.Mahmudovamı çatmışdır? Əsla yox ! İndi ölkədə hörümçək toruna bənzər elə bir cinayətkar şəbəkə formalaşmışdır ki , dövlət orqanlarında toplanan sərvətlərin cüzi bir hissəsi aşağı , əsas hissəsi isə yuxarılara çatdırılmalıdır. Görün , vəziyyət hansı dəhşətli həddə çatmışdır ki , millətin mütləq əksəriyyəti bir tikə çörəyə görə özünü oda-közə vurduğu bir vaxtda sabiq nazir cinayət yolu ilə toplanan , fantastik rəqəmlərlə hesablanan pulların xüsusi anbarlarda xarab olmaması,uzun müddət çürüyüb sıradan çıxmaması üçün xaricdən xüsusi konteynerlər gətizdirmişdir. O ki , qaldı sabiq nazirə çatan paya , sərvətə , şübhəniz olmasın ki ,onun bütün sərvəti özünün metodu ilə-zorla əlindən alınacaqdır, hərçənd ki , oğrudan oğruya halaldır. Ölkə başçısı İ.Əliyev çıxışlarında dəfələrlə, inamla bəyan edirdi ki, “Ölkədə nə baş verirsə, ondan mənim xəbərim vardır.” Onda, sual olunur : dövlətin bel sütunu hesab eduiən bir nazirlikdə 11 il reketçilik baş alıb gedirdisə, dövlət orqanlarından bac-xərac alınırdısa,insanlar məhkəməsiz-sübutsuz dara şəkilirdisə , niyə siz bunu görmürdünüz, niyə vaxtında ölçü götürmürdünüz? Məgər, bilmirdinizmi , özbaşınalığın qarşısı yanğında olduğu kimi dərhal alınmazsa , sonda daha ağır fəsadlar baş verər? Məgər, bilmirdinizmi ,”obxees” dən təhlükəsizlik naziri olmaz? Doğrudanmı indi də belə fikirləşirsiniz ki , bu nazirliyə rəhbərliyə yeni gətirdiyiniz keçmiş polis Mədət Quliyev də əvvəlki polisdən yaxşı və uğurlu kadrdır? Məgər, sizin xəbəriniz yoxdurmu ki , Milli Qəhrəman statuslu Mədət Quliyev 5 ilə yaxın müddətdə Penitensiar Xidmətinin rəisi kimi məhbusların anasını ağlar qoymuş, pul xatirinə dərilərini soydurmuş , cəzaçəkmə yerlərini əsl alverxanaya , bazara çevirmişdir? Respublika Baş Prokurorluğun məlumatının yarımçıq olması ,bunun da nəticəsində aparılan istintaqın qeyri-obyektib olacağı bir yana qalsın , məgər, bu olaylara görə respublika prokurorluğu məsuliyyət daşımırmı? Əlbəttə, məsuliyyət daşıyır. Azərbaycan Respublikası Konstitusiyasının 133-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının Prokurorluğu ” qanunla nəzərdə tutulmuş qaydada və hallarda qanunların icra və tətbiq olunmasına nəzarət edir. ”
Prokurorluq haqqında Azərbaycan Respublikası Qanununun 18-ci maddəsinə görə isə , ” prokuror əməliyyat-axtarış fəaliyyətinə dair qanunların tələblərinin əməliyyat-axtarış orqanları tərəfindən icrasını təmin etmək məqsədi ilə bu orqanlar tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirlərinin keçirilməsi və onların qəbul etdiyi qərarların qanuniliyi üzərində nəzarəti həyata keçirir.” Bax , belə ! Respublika Baş prokurorluğunun dövlət orqanlarında qanunların icrasına yarımçıq nəzarəti; bir çox istintaq işlərində olduğu kimi “mtn” işində də əsas fiqurları istintaqdan yayındırmaqla istintağı yarımçıq aparması; ölkədə insan hüquqlarının kütləvi formada pozulmasına , o cümlədən , məhkəmələrdə bu gün də baş alıb gedən özbaşınalıqlara göz yumması bu orqanın özünün də yarımçıq fəaliyyətinin nəticəsi deyilmi? Belə yerdə müdriklər deyiblər ki , ” Dad yarımçıq əlindən”.



