Yəqin, artıq sizin də xəbəriniz var, Qəzzafinin ən bərkgedən oğlunu Liviyadan qaçarkən həbs etdilər.
Oysa Seyfülislam adlı bu növcavan cəmi bir ay əvvələdək başından böyük bəyanatlar verməklə məşğul idi. “Geri çəkilməyəcəyik, Liviyada öləcəyik” deyə gurlayırdı. Amma Liviyadan qaçarkən həbs olundu.
Bunların mahiyyəti budur! Nə reallıq hissləri var, nə məntiqləri. Sadəcə, hakimiyyət, var-dövlət ehtirasları var. Taxt-tac, pul, sərvət hərisliyi gözlərini elə örtüb ki, başqa heç nəyin fərqində deyillər. Artıq dünyada fərqli küləklərin əsdiyini, milli iradəyə qarşı sayğısızlığın, hüquq və azadlıqlara qəddar münasibətin bəşəri cinayət kimi qəbul edildiyini anlamağa ağılları və zəkaları yetmir.
Zatən ağıl və zəka sahibi olsalar, bu gün başlarına bütün bunlar gəlməzdi. Yalan, yağmaçılıq, yaltaqlıq üzərində qurulan bir xanimanın gec-tez başlarına uçacağını zamanında anlayar, çağdaş dünyanın ədalət, hürriyyət, özgürlük kimi vazkeçilməz dəyərlərinə qarşı çıxmazdılar.
Dünən bir ay əvvələdək “Liviyada öləcəyik” deyə gurlayan diktator oğlu Liviyadan qaçarkən burada bir başqa diktator oğlunun sözçüsü ənənəvi şərləməsində idi. Deyirdi ki, Azərbaycan müxalifəti Qərbə “bizi hakimiyyətə gətirin, Qarabağ problemini siz istədiyiniz kimi həll edək” vədi verib.
Mənim üçün Ilham Əliyevin ömründə bir kitab üzü açmamış, adı savadsızlığın, cahilliyin sinonimi kimi səslənən bu sözçüsünün kimliyini burada yazmaq çətindir. Onun adını çəkib nə özümün, nə sizin könlünüzü bulandırmaq istəməzdim. Amma təyinatsız tənqid yazı ruhuma yad olduğundan, mənə nə qədər çətin olsa da, onun kimliyini yazmaq məcburiyyətindəyəm: Əli Həsənov. Sarayın “ictimai-siyasi şöbə”sinin müdiri. Əliyev xanədanında belə adda şöbə təsəvvür etmək belə, çox çətindir. Bunlar nə ictimaiyyət hərləyirlər, nə siyasət. Bunlar üçün hakimiyyət iki şey üstündə bərqərardır: pul və dubinka. Ona görə də Ilham Əliyev xanədanında hansısa ictimai-siyasi şöbənin olması zibillikdə muncuq tapılması kimi bir şeydir.
Nə isə. Qayıdaq Əliyevin sözçüsünün şərləməsinə. Doğrudan da yalançının yaddaşı olmaz. Bunlar bütün günü xalqa demirlərmi ki, Qərb Qarabağı bizdən alıb ermənilərə vermək istəyir? Madam ki, müxalifət də Qərbə Qarabağ problemini onların arzuladığı şəkildə həll etmək sözü verib, onda eyni Qərb 2003-cü ildə müxalifət namizədinin gerçək qələbəsini niyə tanımadı? Tanımaması cəhənnəm, niyə Ramiz Mehdiyevə zəng vurub “Bakı küçələrində asayişi bərpa etməyi” tapşırdı, beləcə, öz səslərini qorumaq uğruna küçələrə, meydanlara çıxan xalq kütlələrini əzmək, qanına qəltan etmək üçün bu rejim əla fürsət qazandı?
Bir halda ki, müxalifət hakimiyyətə gəlmək naminə Qarabağı satmağa hazırdır, onda niyə 2005-ci il parlament seçkiləri total şəkildə saxtalaşdırıldığında, bu analoqu olmayan saxtakarlığa qarşı xalq etirazları qanla boğulduğunda Qərb səssiz qaldı?
Başa düşürəm, adam çətinə düşəndə, vəziyyətdən çıxmaq üçün yalan danışar. Nəsə uydurar, qondarar. Amma adamın danışdığı yalanın da bir məntiqi olar. Bunların isə hətta yalanının da məntiqi yoxdur. Bunlar həqiqət bir yana qalsın, hətta yalanı da gözdən salmaqla məşğuldurlar.
Axı siz nə vaxtdan Qarabağ qeyrəti çəkən oldunuz? Sizin 18 illik iqtidarınızın sayəsində Azərbaycan insanı Qarabağın təslimçiliyi ilə artıq ruhən, mənən barışıb. Siz öz korrupsionerliyinizi, sümürücülüyünüzü, talançılığınızı, oğurluğunuzu, saxtakarlığınızı Qarabağ dərdinin arxasında gizlətməklə işğalı legitimləşdirmisiniz. Buna görə ayıbınıza kor olmaq yerinə, millətə vətənpərvərlik dərsi keçməyə nə haqqınız var? Guya bilmirikmi, 18 ildir şahidi deyilikmi sizin üçün qarın Qarabağdan nə qədər irəlidir.
Hə, Əli Həsənov bir də onu deyib ki, adam belə müxalifətlə bir ölkədə yaşadığına görə utanır.
Şəxsən mən də utanıram: ay müxalifət, nə fikirləşirsən, hara baxırsan, gör kimlər bu ölkədə vətən və millət adına gəvəzələməklə məşğuldur. Gör kimlərin ümidinə buraxmısan ölkəni…
Artıq sən də sən ol, bu rüsvayçılığı, bu iyrəncliyi durdur!

Belə müxalifətdən utanmaq üçün tək səbəb
•
•