Qərb Əsəd rejiminə təzyiqləri artırır

BMT-yə Suriya ilə bağlı qətnamə layihəsi təqdim olundu; Rusiyanın Əsədə dəstək üçün hərbi donanma göndərdiyi xəbəri yayıldı

Qərb ölkələrinin Suriyadakı vəziyyətlə bağlı təzyiqləri davam edir. Almaniya, Fransa və Ingiltərə BMT Baş Assambleyasının Üçüncü Komitəsinə “Suriyada insan haqları sahəsindəki vəziyyət” adlı qətnamə layihəsi təqdim edib. Sənəd noyabrın 22-də səsverməyə çıxarıla bilər. Qətnamə layihəsində Ərəb Ölkələri Liqasının Suriya ilə bağlı qəbul etdiyi “Yol xəritəsi”nin icrasına dair çağırış olacağı bildirilir.
Qətnamə layihəsini irəli sürən tərəflərdən biri olan Almaniya hesab edir ki, qətnamə BMT Baş Assambleyasında geniş dəstək alacaq və Bəşər Əsəd rejiminə onun necə təcrid olunduğunu göstərəcək. Fransanın xarici işlər naziri Alen Jüpe BMT Təhlükəsizlik Şurasını Əsəd hökumətinə qarşı hərəkətə keçməyə və Suriyaya qarşı sanksiyaları gücləndirməyə çağırıb.
Suriyada hakimiyyət əleyhinə etirazlar başlayandan bəri Əsəd rejiminə yönəlik hərbi müdaxiləyə qarşı çıxan Rusiyanın baş naziri Vladimir Putin isə bu ölkədəki böhranla bağlı Qərb dövlətlərini təmkinli olmağa çağırıb. Bu arada, xəbər yayılıb ki, Rusiya Suriya sahillərinə hərbi gəmilər göndərib. Donanmanın noyabrın 17-də Suriya istiqamətində yola çıxdığı deyilir. Ekspertlər bunu son günlər Suriyaya hərbi müdaxilənin gündəmə gəlməsinə Rusiyanın həmləsi hesab edir.

Informasiya şöbəsi