Azərbaycanda minlərlə tələbə çətin sınaq qarşısında…

testÖlkədəki böhran və pulsuzluq xeyli gənci təhsildən kənarlaşdıra bilər

Ölkənin təhsil sektorunda həllini gözləyən xeyli problem var. Hazırkı iqtisadi böhran şəraiti onsuz da ağır vəziyyətdə olan bu sektora da ciddi zərbə vurub. Mikrokreditlərini belə, ödəyə bilməyən aşağı təminatlı əhali qrupu hazırda özəl sektorda təhsil alan övladının təhsilhaqqını necə ödəmək sualı ilə üz-üzə qalıb.

Bu ərəfədə “Azadlıq”a ödənişli əsaslarla təhsil alan ali məktəblərdən məlumat daxil olub. Məlumatda bildirilir ki,  2-ci kursdan başlayaraq, bakalavr və magistr təhsili alan tələbələr ödənişi gələn ilin yanvarına kimi həyata keçirməlidilər. Ümumi qəbul planı və üstəlik, magistr pilləsini də nəzərə alsaq, yüz min tələbənin taleyi artıq sual qarşısındadır. Təhsilhaqqının 1000-4500 manat arası olduğunu nəzərə alsaq, tələbələrin bir xeyli hissəsinin bu məbləği ödəyə bilməsi böyük sual altındadır.

Ümumiyyətlə, Azərbaycanda özəl və dövlət ali məktəblərində ödənişli əsaslarla təhsil alanların bu problemi zaman-zaman gündəmə gəlməklə, ciddi bir problem kimi qarşıda durur.  Özəl ali məktəblərinin fəaliyyəti təhsilhaqqına görə formalaşdığından, bu elm ocaqlarını hansısa mənada başa düşmək olar. Pedaqoji heyətin, maliyyə-təsərrüfat fəaliyyətilə məşğul olan işçilərin məvacibi, digər xərclər birbaşa bu məsələdən asılıdır. Ciddi problemlərin meydana çıxdığa bu məqamda həmin təhsil ocaqlarının sözügedən tələbini də başa düşmək olar. Lakin əhalinin sosial həyat səviyyəsinin, gəlirlərinin azaldığı şəraitdə bu problemi balanslı şəkildə çözmək vacibdir.

Sənaye sahəsində fəaliyyət göstərən bütün müəssisə və təşkilatların 10 aylıq gəlirləri 6 milyard manat azalıb. Ümumdaxili məhsulda 17-19 milyard dollar azalma var. Bu da təxminən dövlət büdcəsinin həcminə bərabər olan maliyyə vəsaitləridir. Ölkənin gəlirləri belə kəskin şəkildə azalırsa, əhalinin sosial vəziyyəti də sarsıdıcı zərbə alır. Günahkar xalq, yaxud tələbələr deyil. Bütün bu problemlərin məsuliyyəti hökumətin üzərindədir.

Elə ekspertlər də bu fikri səsləndirir ki, problemin yeganə həll yolu təhsil müəssisələri rəhbərlərinin real və gerçək situasiyanı düzgün dəyərləndirməsidir. Insanların üzərinə yeriməklə nəyəsə nail olmaq mümkün deyil. Vəsait yoxdursa, təhsilhaqqını necə ödəmək olar? Insanlara müddət və zaman verilməlidir ki, təhsilhaqqı məbləğini hissə-hissə ödəməklə, problemi həll etsinlər. Hökumət nümunə qoymaqla, məsələnin həlli yolunu göstərməlidir. Əhalini məcbur etmək problemi daha da dərinləşdirməyə gətirib çıxarar.

Nigar