yap-bina-emblem

Rəsulzadəni təhqir edən zehniyyət

yap-bina-emblemHakimiyyətin əməldə etdiyini, YAP-çı depuat sözdə təkrarladı

Milli Məclisə Gəncədən deputat seçilən Naqif Həmzəyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə cavab verib.

Naqif Həmzəyev “Yeni Müsavat” qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadənin vətən xaini adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb: “Rəsulzadə satqın olub, o bizim Irəvanı və digər torpaqlarımızı satıb. Azərbaycana qarşı xarici qüvvələrlə sıx əlaqədə olub. Onun barəsində dəqiq məlumat bilmək üçün tarixçilərə müraciət edin. Onlar kimin nə olduğunu yaxşı bilir. Bir də ki, cumhuriyyətin qurulmasında təkcə Rəsulzadə deyil, başqalarının da xidmətləri olub. Rəsulzadə yaxşı kişi olsaydı, arvadına sahib çıxardı”- deyə Naqif Həmzəyev bildirib.

Əslində YAP-çı deputatın belə bir zehniyyətə malik olması təəccüblü deyil. Hökumət Rəsulzadənin büstünə çuval keçirəndə, Rəsulzadə ideyalarını yaşadanları qondarma ittihamlarla həbs edəndə, Cümhuriyyət tarixini unutdurmağa çalışanda, hansısa təyinatlı deputat da bu formada “töhfə” verməlidir.

Başqa vaxt ermənipərəst axtarışına çıxan, müxalifəti erməniləri sevindirməkdə ittiham edən hökumətin vəkili, Azərbaycan tarixinin şərəfli səhifələrini ləkələməklə erməniləri daha çox sevindirmirmi?

Biz Şərqdə ilk demokratik Respublikanı qurduğumuza görə qürur duyuruq, hökumətin mandat daşıyanı isə Cümhuriyyət qurucusunu satqın kimi təqdim edir. Biz üç rəngli bayrağımızla fəxr edirik, YAP-çı deputat isə bu bayrağın dalağalanması üçün həyatını fəda etmiş insanı sərvət oğrusu adlandırır.

Ermənilər üçün bundan gözəl fürsət nə ola bilər. Hakim partiyanın təmsilçisi israr edir ki, bizim qurucu babalarımız oğru, satqın olub.

Rəsulzadə şəxsiyyətinə Azərbaycan xalqının münasibəti birmənalıdır. Bunu hakimiyyət də bilir və sözdə hər zaman Rəsulzadə aşiqi kimi görünməyə çalışırlar. Amma əməldə Rəsulzadəni yadlaşdırmaq, onunla bağlı xatirələri silmək siyasəti yürüdülür.

Deməli, hakimiyyətin əməldə etdiklərini, Naqif Həmzəyev adlı deputat sözdə təkrarlayır.

Yeri gəlmişkən ölkə başçısı imitiasiya xarakterli də olsa Rəsulzadənin 130 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalamışdı. YAP-çı deputatın sözündən belə çıxır ki, Ilham Əliyev satqın, oğru, xain barəsində sərəncam verib?

Məsələ burasındadır ki, deputatın sayıqlamalarına YAP-dan da reaksiya gəlib və Aydın Mirzəzadə Naqif Həmzəyevin fikirlərinin təhrif edildiyini söyləyib. Görünən budur ki, hakim süfrədə də deputatın biabırçı açıqlaması narahatlıq doğurmayıb və baş verənləri ört-basdır etməyə çalışırlar.

Beləliklə, hakimiyyətin Azərbaycan dövlətçiliyinə, Azərbaycanın atributlarına, Azərbaycanın şərəfli tarixinə münasibəti, Rəsulzadəyə münasibətdə bir daha ortaya çıxdı.  Rəsulzadənin büstünə çuval keçirilməsi başlanğıc imiş, sveji deputat isə bu çuvalın içinə zir-zibil yığmağı özünə borc bilib.

Hansıki, dövlət maraqlarını satanlar da, xainlər də, ölkə sərvətlərini talayanlar da göz önündədir. Hətta ölkə boyda çuvalla da bu mənzərəni gizlətmək mümkün deyil.

İlham