Abdulla Çatlı ilə yüksələn «yeraltı dünyası» indi ən ağır günlərini yaşayır
Cinayət aləminin tarixinə, “qayda-qanunlarına”, prinsiplərinə maraq göstərənlər bizim ölkədə də kifayət qədərdir. “Oğru dünyası”, “yeraltı dünya”, “mafiya” adı verilən qanundankənar fəaliyyətlər daim diqqətdə olub. Bizdə bir müddət əvvələ qədər əsasən SSRI və Italiyanın cinayət aləmində baş verənlər daha çox maraqla qarşılanırdı. Son illər isə “Kurtlar vadisi”, “Ezel” və s. Türk seriallarının yayımı da Türkiyənin “yeraltı dünyasına” diqqətin artmasına səbəb oldu.
Çatlının ölümü və Türkiyə mafiyasının qara günləri
“Türkiyə mafiyası” dedikdə ilk olaraq yada Abdulla Çatlı, Mehmet Ağca kimi “kabadayı”lar yada düşür. Bir dönəm Abdulla Çatlı nəinki Türkiyədə, ölkə sərhədlərindən kənarda da böyük nüfuza sahib idi. Hətta indinin özündə də bəzi çevrələrdə Türkiyə mafiyasının lideri olaraq Abdulla Çatlıya hörmət edənlər az deyil. Çatlı cinayətkar qruplaşma lideri olmaqla yanaşı, millətçiliyilə də çoxlarının rəğbətini qazanıb. Düşmən ölkələrin Türkiyəyə yönəlik bəzi addımlarının qisası da məhz Abdulla Çatlı vasitəsilə alınıb. Zaman-zaman Çatlının Türkiyə xüsusi xidmət orqanlarıyla əlaqəli olduğu, onun “dərin dövlət”in əmrləri üzrə bir çox qisas xarakterli olaylar törətdiyinə dair məlumatlar yayılıb. Hələ də Türkiyə gündəmindən düşməyən “Susurluk” olayında onun ölümündən sonra Türkiyə mafiyasının ölkə daxilində və xaricində nüfuzu getdikcə azalmağa başladı. Sonradan meydana çıxan “kabadayı”lar və mütəşəkkil qruplaşmalar isə çox keçmədi ki, zərərsizləşdirildi.
Son 5 ildə 829 əməliyyat və 12 mindən çox şübhəli
Son 5 ildə Türkiyədə “yeraltı dünyası” nisbətən gündəmdən düşüb. Çünki liderləri həbsə göndərilən mütəşəkkil cinayətkar qrupların bir çoxu dağıdıldı. Türkiyə polisinin (Emniyyet Müdirliyi) bir neçə gün əvvəl açıqladığı hesabatda da vurğulanır ki, ölkədəki cinayətkar qruplaşmaların əhəmiyyətli hissəsi zərərsizləşdirilib. Sənəddə qeyd olunur ki, ölkə boyu fəaliyyət göstərən qruplara ağır zərbələr endirilib.
1990-2000-ci illər arası reketlikdən adam oğurluğuna qədər bir çox cinayətlərə qarışan mafiya artıq Türkiyə gündəmindən düşüb. 2006-2011-ci illərdə ölkə boyu mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində mafiyaya yönəlik 829 əməliyyat keçirilib. Saxlanılan 12 min 722 nəfər şəbəkə üzvündən 5 min 604-ü həbsxanaya göndərilib. Aparılan əməliyyatlar nəticəsində ölkə boyu və regional qruplaşmalar bir-bir zərərsizləşdirilib.
Mafiya rəhbərləri həbsə göndərildi
Hesabatda Ələddin Çakıcı, Sedat Peker, Sedat Şahin, Yaqub Kürşat Yılmaz, Yaşar Öz, A.Tekin Baykal, Ayvaz Korkmaz, Erol Evcil, Ismayıl Hacı Süleymanoğlu, “Qannemoğulları”, “Beşoklar” və “Babatlar” kimi nüfuzlu mafiya qruplarının liderlərinin həbs olunduğu vurğulanır. Aparılan istintaqlar nəticəsində mütəşəkkil cinayətkar qrupların törətdiyi əməllər aşkarlanıb. Türkiyə ictimaiyyətinin yaxından tanıdığı və bütün ölkə boyu fəaliyyət göstərən qruplaşmaların rəhbərləri və aparıcı şəxsləri həbsə atılıb. Həbsxanada olanların yaxınlarına isə onların yolunu davam etdirməyə imkan verilməyib. Son illərdə mütəşəkkil cinayətkarlığa qarşı keçirilən əməliyyatlardan sonra qruplaşmaların ölkə boyu “kurasiyası” zəiflədilib, onlar indi daha çox regional və məhəlli xarakter daşıyır.
Hesabata görə, 2010-cu ildə mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində 34 bölgədə 112 əməliyyat keçirilib. Bu əməliyyatlarda 262 tapança, 10 avtomat, 6 əl bombası, 14 min 831 fişəng və 7 min 770 ədəd qanunla qadağan olunmuş digər əşyalar ələ keçirilib.
Bu ilin il 10 ayında isə cinayətkar qruplara qarşı 30 bölgədə 85 əməliyyat keçirilib. 611 nəfər şəbəkə üzvü saxlanılıb. Araşdırmalar zamanı 162 tapança, 14 avtomat, 1 əl bombası, 79 ov tüfəngi, 25 travmatik tapança, 10 min 421 fişəng və 2 min 454 ədəd qanunsuz əşya aşkarlanıb. Bu il keçirilən antimafiya əməliyyatları əsasən, Qərbi Ege, Aralıq dənizi və Anadolunun daxili bölgələrini əhatə edib.
Əsas hədəf: mafiyanın maliyyə mənbələri
Emniyyet Müdirliyi qeyd edir ki, mafiyanın əsas gəlir mənbələrinin məhdudlaşdırılması əsas hədəflərdən biridir. Maliyyə qaynaqlarının qurudulması və axının qarşısının alınması üçün bütün təşkilat və qurumlarla əməkdaşlıq etdiklərini açıqlayan Emniyyet Müdirliyinin hesabatında o da qeyd olunur ki, cinayət yoluyla ələ edilən mülklərin dəyərinin araşdırılması davam etdirilir.
Əlavə edək ki, son illər Türkiyə mafiyasının ən parlaq nümayəndəsi hazırda bir çox cinayətlərdə adı hallanan, o cümlədən “Ergenekon” işi üzrə həbsdə saxlanılan Sedat Peker olub. Bir çox çevrələr Çatlıdan sonra məhz onu Türkiyə “yeraltı dünyası”nın lideri kimi qəbul edirdi.
Sedat Peker də Abdulla Çatlı kimi millətçi kəsimdə böyük hörmətə sahib olub. Onun televiziya proqramlarına bir millətçi kimi dəvət olunması və həmin verilişlərdə millətçi fikirlər səsləndirməsi faktları da kifayət qədərdir.
Elxan