Ailə 500 milyonluq şirkəti Pirverdiyevin adına aldı

Qubad Ibadoğlu: «Bu, hakimiyyət daxilində mülkiyyət hüququnun birindən başqasına keçməsinin rəsmiləşdirilməsidir»

Dünənki sayımızda xəbər vermişik ki, “Azərenerji” prezidenti Etibar Pirverdiyevin şirkəti “Inter Enerji” MMC “AZENCO” ASC-nin səhmlərini 97,54 faizini qəpik-quruşa alıb. Alqı-satqı müqaviləsi nəticəsində 500 milyon dollarlıq dəyəri olan “AZENCO” 6.4 milyon manata satılıb. Əmlak Məsələləri Dövlət Komitəsi alqı-satqının məhz bu formada reallaşdığını da təsdiqləyib. Qeyri-rəsmi məlumata görə, E.Pirverdiyevə məxsus olan “Inter Enerji” MMC “AZENCO”nu almağı çoxdan planlaşdırırmış.
Sadəcə olaraq “Azərenerji”nin tərkibindəki bu strukturu birbaşa özələşdirmək bir qədər problemli olub. Ona görə də 2008-ci ildə şirkətin hüquqi statusu dəyişdirilib. Hüquqi status dəyişdirilənə qədər isə şirkət dövlət müəssisəsi olan “Azerenerji” ASC-nin tərkibində “Azerenerjitikinti” MMC adı altında fəaliyyət göstərib. Dövlət Əmlakının Idarəetməsinə dair Dövlət Komitəsinin 9 oktyabr 2008-ci il tarixli əmrinə müvafiq olaraq şirkət “AZENCO” Açıq Səhmdar Cəmiyyətinə çevrildi. Növbəti addım Dövlət Komitəsi özəlləşdirməyə dair investisiya müsabiqəsi olub. Müsabiqədə “Inter Enerji” 23 dekabr 2009-cu ildə “AZENCO” şirkətinin 97.5% həcmindəki payına sahib olaraq investisiya müsabiqəsinin qalibi elan olunur.
Məhz bu yolla 500 milyon dollar dəyəri olan dövlət müəssisəsi dəyər-dəyməzinə özəlləşdirilir. Heç şübhəsiz, bu cür dəyərli bir şirkətin satılması hakim ailənin razılığı olmadan reallaşa bilməzdi. Redaksiyamıza daxil olan məlumata görə, “Inter Enerji” ailəyə məxsusdur. Çünki 500 milyon dollarlıq dəyəri olan şirkəti E.Pirverdiyevin nəzarətinə elə-belə verməzlər. Bu baxımdan “Inter Enerji”nin hakim ailəyə məxsus olduğu daha inandırıcı görünür.
Iqtisadçı Qubad Ibadoğlu bildirdi ki, “AZENCO”nun bu formada satılması bir daha Azərbaycan reallığını göstərir: “Bu əməliyyat bazarda azad rəqabət satış imkanları yaradılmadan həyata keçirilib. Bu, sadəcə olaraq mülkiyyət hüqunun birindən başqasına keçməsinin rəsmiləşdirilməsidir. Baş verən proses hakimiyyət daxili mübarizənin göstəricisi kimi qiymətləndirilə bilər. Burada mülkiyyətin formal olaraq dəyişilməsi gedib ki, ona görə də qiymətlərdə bu cür cüzi rəqəm göstərilib”.
Q.Ibadoğlunun sözlərinə görə, əgər bu proses bazar qaydaları ilə baş verərdisə, bu cür cüzi qiymətlə dəyərli əmlaka sahib olan şirkət satıla bilməzdi. “Əgər onun əmlakı real olaraq qiymətləndirilib satılsaydı o zaman böyük bir məbləğdən söhbət gedə bilərdi”,- deyə iqtisadçı vurğuladı.

Hikmət