Müxalifətdən Əli Həsənova sərt cavab

Nurəddin Məmmədli: “Onun növbəti dəfə səsləndirdiyi absurd fikirlər nə məntiqə, nə də sağlam düşüncəyə uyğundur”

Tofiq Yaqublu: “Dövlətdə mühüm post tutan şəxsin bu cür fikirlərlə çıxış etməsi faciədir”

Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov APA-ya müsahibəsində müxalifətin ünvanına sərt ittihamlar səsləndirib. Müxalifətlə iqtidar arasında dialoqun təşkili ilə bağlı müxtəlif beynəlxalq təşkilatların səslənəndirdiyi təkliflərə münasibət bildirən Ə.Həsənov nə qədər qəribə də olsa bildirib ki, Azərbaycan cəmiyyətində dialoq mövcuddur: “Məsələn, KIV vasitəsilə müxalifət iqtidara, iqtidar müxalifətə sözünü deyir, parlament iclaslarında iqtidar və müxalifət deputatları bu və digər məsələləri müzakirə edirlər ki, bu özü də bir dialoqdur. Mən bundan fərqli dialoqu təsəvvür edə bilmirəm. Məsələn, Liviyada Qəzzafinin, Misirdə Mübarəkin əleyhdarları ilə tərəfdarları arasında müharibə gedirdi. Bu müharibəni dayandırıb dialoqa gəlmək orada bir çağırış idi. Əgər söhbət belə bir dialoqdan gedirsə, hesab edirik ki, Azərbaycanda buna ehtiyac yoxdur”. Ə.Həsənov daha sonra vurğulayıb ki, Azərbaycan iqtidarına, xalqına nə qədər pisdirsə, müxalifət buna sevinir. Guya, müxalifət Azərbaycanın uğurlarını görmək istəmir.
AXCP sədrinin müavini Nurəddin Məmmədli bildirdi ki, Ə.Həsənovun növbəti dəfə səsləndirdiyi absurd fikirlər nə məntiqə, nə də sağlam düşüncəyə uyğundur. Bundan başqa, Ə.Həsənovun söylədiklərinin idarəçilik sistemi ilə ziddiyyət təşkil etdiyini deyən N.Məmmədli vurğuladı ki, hakimiyyət dialoqu amorf formada təqdim etməklə bir daha göstərir ki, müxalifətlə dialoqa hazır deyil: “Müxalifətlə iqtidarın dialoqu bir masa arxasında əyləşib cəmiyyəti narahat edən problemləri müzakirə etməkdən ibarətdir. Bundan başqa, yaxşısı odur bu, teleóekranda baş tutsun ki, tamaşaçılar hər iki tərəfin eyni zamanda mövqeləri ilə tanış olmaq imkanı əldə etsin. Dialoqu dialoq edən məhz bu məqamlardır”.
Ə.Həsənovun müxalifətin ünvanına səsləndirdiyi ittihamların heç bir tənqidə dözmədiyini deyən N.Məmmədli söylədi ki, Ə.Həsənov iqtidarın günahlarını müxalifətin boynuna yıxmağa çalışır. Azərbaycandakı proseslərin tez-tez hakimiyyət təmsilçiləri tərəfindən ərəb dünyasında baş verənlərlə müqayisə olunduğunu vurğulayan N.Məmmədli qeyd etdi ki, Azərbaycan xalqı hələ 1988-ci ildə millətimizin azadlığı, rus qoşunlarının ölkəmizdən çıxarılması ilə nəticələnən inqilab etmişdi. “Yaxşı olardı ki, Əli Həsənov bu cür açıqlamalar vermək əvəzinə, hazırda dünyada gedən demokratikləşmə prosesindən öz hakimiyyəti üçün müəyyən nəticələr çıxarardı”, deyə N.Məmmədli vurğuladı.

Müsavat başqanının müavini Tofiq Yaqublu isə bildirdi ki, Ə.Həsənovun dialoq barədə anlayışlarının bu qədər dar olması faciədir. Dövlətdə mühüm post tutan şəxsin bu cür fikirlərlə çıxış etməsinin faciə olduğunu deyən T.Yaqublu vurğuladı ki, bu hakimiyyət xalqın qeydinə qalsaydı Milli Dirçəliş Gününü yüksək səviyyədə qeyd edərdi: “Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan Nemət Pənahlı, Arif Hacılı bu gün həbsdədir. Azərbaycanın demokratikləşməsini istəyən şəxslər də hazırda həbsə atılıblar. Bütün bunlar hakimiyyətin apardığı siyasətin mahiyyətini göstərir. Hakimiyyətin müxalifətə qarşı ittihamları yersizdir. Müxalifət hakimiyyətdən xalqın sərvətlərini oğurlamamağı istəyir. Əgər bu hakimiyyət xalqın sərvətlərini talayırsa, elə millətin əsl düşməni onlar özləridir”.

Hikmət