“Məxməri inqilabın ilk nümunəsini Azərbaycan yaradıb”
“Ölkəmizi sovet imperiyasından xilas etdik, indi də sülalə rejimindən xilas etməliyik”
Milli Azadlıq Hərəkatının başlamasının 23-cü ili münasibətilə dünən AXCP Qadınlar Şurasının geniş toplantısı keçirildi. Müsavat Partiyasının qərargahında keçirilən tədbirdə AXCP sədri Əli Kərimli də iştirak edirdi. AXCP Qadınlar Şurasının sədri Solmaz Hüseynova partiya sıralarında təmsil olunan bütün mübariz qadınları bu gün münasibətilə təbrik edərək, onların Azərbaycanın azadlığı və müstəqilliyi yolunda əvəzedilməz xidmətlər göstərdiklərini bildirdi.
***

AXCP sədri Əli Kərimli söz alaraq Azərbaycan Xalq Cəbhəsinin sıralarında hər zaman fədakar xanımların mübarizə apardığını bildirdi: “Biz bugünlərdə meydan hərəkatının 23-cü ildönümünü qeyd etdik. 23 il əvvəl dünya siyasət tarixinə qızıl hərflərlə yazılmış 18 günlük mitinqləri təşkil edənlərin arasında xanımlar da var idi. Bu zalda həmin xanımların bir qismini görürəm. 23 il sərasər bu yolu gəlmiş xanımlarımız, əlbəttə ki, bizim fəxr mənbəyimizdir. Gələn il regionda məxməri inqilabın keçirilməsinin 20 illiyi olacaq.
92-ci il mayın 15-də baş vermiş hadisəni sonradan bütün dünya məxməri inqilab kimi qiymətləndirdi. O zaman dünya hələ bu tədbirlərə ad qoymurdu. Amma biz azərbaycanlılar bir nəfərin də burnu qanamadan ölkədə kommunist kökənli hakimiyyətin dəyişməsinə nail olduq. O zaman da xanımlar bizimlə çiyin-çiyinə idi. Bizim 2005-ci ildəki o böyük mübarizəmizin avanqardı yenə siz xanımlar idiniz. Parlament seçkilərindəki fəaliyyətimizdə sizin rolunuz o qədər qabarıq idi ki, sonradan BBC ayrıca film çəkdi – Azərbaycanda inqilabı necə formalaşdırmalı? Əslində Azərbaycan hakimiyyətini yerindən oynadan həmin film olmuşdu. Həmin filmi BBC dörd dəfə 122 ölkədə yaydı. Sabahı gün Ilham Əliyevin göstərişi ilə AXCP-nin qərargahı əlindən alındı.
Bu müddət ərzində belə fədakarlıqla, təmənnasız şəkildə, ardıcıllıqla bu yolu gəldiyinizə görə sizə təşəkkür edirəm.
Məğlubedilməz diktator yoxdur
Indi Azərbaycan mühüm mərhələ ərəfəsindədir. Son vaxtlar ölkəmizdə də, dünyada da çox şeylər dəyişib. Dünyada baş verən hadisələrin Azərbaycana böyük təsiri olub. Hamımız başa düşürük ki, demokratiya ümumbəşəri nemətdir. Bütün xalqların gec-tez əldə edəcəyi nemətdir. Bütün xalqlar demokratiya şəraitində yaşamağı haqq edir. Amma xalqımızın bəzi nümayəndələrinin tərəddüdü var idi: görəsən, biz bunu bacararıqmı, bizim xalqa da bu qismət olarmı? Yoxsa bu, ancaq Avropa xalqlarına nəsib ola bilər? Amma “Ərəb baharı” göstərdi ki, əslində inkişaf səviyyəsinə görə, mental baxımdan bizdən geridə olan bir çox xalqlar da ayağa qalxıb, mübarizə aparıb öz tiranlarına qalib gələ bilirlər. Deməli, məğlubedilməz diktatura, tiran yoxdur. Deməli, demokratiyanı haqq etməyən xalq yoxdur. Sadəcə hamılıqla mübarizə aparmaq lazımdır. Bu böyük bir hadisədir və bizim xalqımızı xeyli ruhlandırır”.
Ə.Kərimli artıq dünya mətbuatının da diktatorlara əvvəlkindən daha sərt yanaşdığını deyir: “Mətbuat Qəzzafi ilə şəkillər çəkdirən liderləri öz səhifələrində ifşa edir. Məlum olur ki, vaxtilə Avropanın üzdə olan liderləri maddi nemətlərə görə Qəzzafi kimi avtoritara necə yaltaqlanıblar, onun qanunsuzluqlarına necə göz yumublar. Həmin siyasi liderlər indi öz hərəkətlərindən utanc duyurlar. Bu, bütövlükdə dünyanın demokratiyaya münasibətinin dəyişdiyinin göstəricisidir”.
Cəmiyyətin bütün təbəqələri özünü səfərbər etməkdədir
AXCP sədrinin sözlərinə görə, bir vaxtlar aparıcı müxalifət hakimiyyətə qarşı mübarizədə təklənmişdisə, indi müstəqil ziyalılar və vəkillər də yeni cəbhə açıb: “Vaxtilə Xalq Cəbhəsi hökumətin bu repressiyalarına qarşı kiçik qrupla birgə təklikdə qalmışdısa, indi müxtəlif istiqamətlərdə cəbhələr açılır. Ziyalılar öz cəbhəsini açır, hüquqşünaslar öz cəbhəsini açır, redaktorlar toplanıb Redaktorlar Birliyini bərpa edərək öz cəbhələrini açırlar. Gənclər böyük bir qüvvəyə çevrilir. Azərbaycan hakimiyyəti özünün istedadlı gənclərinə düşmən kəsilib. Hər bir intellektual potensialı olan bir gənci özünə düşmən görür. Çünki Azərbaycanın hər bir yaxşı yetişən hər bir gənci bu rejimin əleyhdarıdır. Çünki təhsilli, dünyagörüşlü bir gənc bu sülalə hakimiyyətini necə qəbul edə, bu əsarətlə necə barışa bilər?”.
Demokratiya idxal edilmir
“Ərəb bahar”ının Azərbaycan üçün yeni ümidlər açdığını deyən Ə.Kərimli bununla belə hesab edir ki, demokratiyanın kənardan gələcəyini gözələmək yersizdir. Onun uğrunda hər bir Azərbaycan vətəndaşı mübarizə aparmalıdır: “Azərbaycan hakimiyyəti başdan-ayağa korrupsiya piramidasına çevrilib. Azərbaycanın ən zəngin adamları Ilham Əliyev və ailəsidir. Sonra gəlir nazirlər, oliqarxlar, icra başçıları, prokurorlar, polis rəisləri. Universitet rektorları da oliqarx olublar. Bu nə ölkədir? Bu nə rejimdir ki, hər bir universitet rektorunun çevrəsində bir şəbəkə formalaşıb. ”JEK” müdirləri də böyük sərvət sahibləri olublar. Vəzifə nə qədər yuxarıdırsa, sərvət o qədər çoxdur. Deməli, Azərbaycanda vəzifə yalnız sərvət toplamaq mexanizmidir. Xalqa xidmətdən söhbət gedə bilməz. Yalnız və yalnız oğurlamaq, bu xalqa düşmən kəsilmək. Ona görə də biz bu haqq mübarizəmizi daha böyük şövqlə aparmalıyıq. Çünki bu millətin mübarizədən başqa yolu yoxdur. Mən Azərbaycanın mübariz xanımlarını daha böyük enerji və inamla insanların içinə getməyə, bu həqiqətləri xalqımıza çatdırmağa və böyük dəyişikliklərin yaranmasını sürətləndirməyə çağırıram”.

Azərbaycan qadını mübarizənin önündə olmalıdır
Əli Kərimlinin çıxışı bir neçə dəqiqə aramsız alqışlanandan sonra çıxışa AXCP sədrinin müavini Gözəl Bayramlı başladı. O tədbir iştirakçılarını Milli Dirçəlik Günü ilə təbrik etdi: “Əliyevlər hakimiyyəti bu möhtəşəm bayram gününü ləğv etməyə çalışsa da, buna nail ola bilmədi. Bu gün Azərbaycan xalqının qəlbində bir ailənin adı ilə bağlı olan bayramlar yox, bütün Azərbaycan xalqının tarixə yazdığı bayramlar qeyd olunur. Bir daha sizin hamınızı Milli Azadlıq Hərəkatının başlamasının 23-cü ili münasibətilə təbrik edirəm. Bu gündən bizi çox uzun vaxt ayırır. 1988-ci ildə Azərbaycanda başlanan Milli Azadlıq Hərəkatının sıralarına onminlərlə xanım qoşuldu. Mübarizənin qələbə ilə başa çatmasının əsas səbəblərindən biri də bu xanımların orada iştirakıdır. Xanımlar bu mübarizədə müstəsna xidmətlər göstərdilər. Sevinirik ki, Azərbaycanın müstəqillik qazanmasında biz xanımların da payı var. Ancaq düşünürəm ki, biz xanımlar hələ öz missiyamızı yerinə yetirməmişik. Azərbaycanın müstəqilliyinə nail olduq, ölkəmizi sovet imperiyasından xilas etdik. Indi də ölkəmizi 18 ildir ki, Azərbaycana hökmranlıq edən sülalə rejimindən xilas etməli, demokratiyanı bərqərar etməliyik.
Bu rejim 2 milyondan artıq azərbaycanlını ölkəni tərk etmək məcburiyyətində qoyub. Ona görə də sosial problemlərin, Heydər Əliyev hakimiyyətinin gətirdiyi bəlaların ağırlığı Azərbaycan qadınlarının çiynində qalıb. Qadınlar əzab-əziyyət içində yaşamağa, gecə-gündüz işləməyə məhkum olundular. Saxtakarlıq yolu ilə hakimiyyətə gələn Heydər Əliyev Xalq Cəbhəsini özünə hədəf seçdi. Mərhum liderimiz Əbülfəz Elçibəy uzun müddət siyasi hadisələrin mərkəzində kənarda yaşamağa məhkum olundu. Elçibəyin qayıdışı ilə böyük hərəkat başladı. Təəssüf ki, 2000-ci ildə biz onu itirdik. Lakin hakimiyyətin Xalq Cəbhəsinə hücumları bununla yekunlaşmadı. Hakimiyyət qarşısına Xalq Cəbhəsini parçalamaq məqsədini qoydu. Özünün ən güclü rəqibini sıradan çıxarmaq istəyirdi. Lakin buna nail ola bilmədi. Biz sübut etdik ki, Azərbaycanda AXCP-nin simasında güclü müxalifət var, bu müxalifət Azərbaycana müstəqillik gətirdiyi kimi, bu ölkəni Əliyevlərin avtoritar rejimindən də xilas etməyə qadirdir. Buna görə də mübarizəsini bu gün də davam etdirir.
Bu gün Azərbaycanın xanım elitası parlamentdə oturan bahar muradovalar, adını insan haqları komitəsinin sədri qoyub, özü bu haqların pozulmasına göz yuman rəbiyyət aslanovalar, Azərbaycan xalqının pulları hesabına məktəblər tikən Mehriban Əliyeva yox, Azərbaycan uğrunda mübarizə aparan sizlərsiniz. Eşq olsun Azərbaycan xanımlarına!”.

Insanlar diktaturanın bitəcəyinə daha artıq inanırlar
Gözəl xanımın çıxışı zalda oturanların gurultulu alqışları və hakimiyyət əleyhinə şüarları ilə başa çatandan sonra söz yazıçı-publisist Zümrüd Yağmura verildi. Z.Yağmur bildirdi ki, qadınların fəallaşması onların bütün həyatını dəyişə bilər: “Bu yaxınlarda ucqar kəndlərin birində palçıq içində odun daşıyan bir qadınla söhbət etdim. Ona izah etməyə çalışdım ki, bu vəziyyətdə olmağın sənin taleyin deyil. Sənin bu duruma düşməyinin günahkarı bu hakimiyyətdir. Sən məlumatlı və üsyankar olsan, öz durumun dəyişə bilərsən. Əvvəl belə bir fikir hakim idi ki, bu hakimiyyəti heç cür dəyişmək olmaz. Amma indi bölgələrdə də insanlar buna inanırlar, onlar artıq susmaq istəmirlər. Hətta vaxtilə məni yolumdan döndərmək istəyən bir yaxınım da, deyir ki, belə davam edə bilməz. Bunun özü çox böyük dəyişiklikdir. Əgər əyalətlərdəki insanlar haqq səslərini ucaltmaq üçün vasitə tapa, paytaxta gələ bilmirlərsə, biz ora getməliyik. Belə bir təşəbbüs olsa, mən məmnuniyyətlə qoşularam”.
AXCP fəalı Kəmalə Xəlilova tədbirdə siyasi partiya üzvü kimi yox, məhrumiyyətlər içində olan sadə Azərbaycan vətəndaşı kimi çıxış etdiyini bildirdi: “Biz bu vəziyyətlə hara gedirik? Bu gün bütün qayğılar əsasən Azərbaycan qadının üzərinə düşür. Belə olan halda biz qadınlar niyə susmalıyıq? Ilham Əliyev 11 yaşlı oğluna Dubayda qiyməti milyonlarla ölçülən villa alır. Bəs siz 11 yaşlı övladınıza nə verə bilirsiniz? Heç nə. Valideyn övladını əsgərliyə yola salmazdan əvvəl ona bit dərmanı alır. Sonra da əsgər ayaqqabısından tutmuş başqa tələbatlarına qədər hər şeyini özü ödəyir. Biz bütün bunlara niyə dözməliyik? Liviya vətəndaşlarının sosial durumu bizdən dəfələrlə yaxşı idi. Onlara sual verəndə ki, sizin nəyiniz çatmır, dedilər hər şeyimiz var, amma azadlığımız yoxdur. Bəs biz azərbaycanlıların nəyi var? Nə pulumuz var, nə azadlığımız”.
AXCP faəlı Zərifə Məhəddinova bildirdi ki, Azərbaycanın sərvətlərində bütün ölkə vətəndaşlarının haqqı var: “Mən övladlarıma da öyrədirəm ki, bu torpağın altında olan nemətlərdə sənin də haqqın var və sən bu haqqı tələb etməlisən. Dünyanın digər qadınları kimi Azərbaycan qadınlarının da yaxşı yaşamağa haqqı var. Biz haqqın uğrunda sona qədər mübarizə aparmalıyıq”.

***
Daha sonra Gözəl Bayramlı xatırladı ki, hazırda həbsdə yatan siyasi məhbusların 10-u AXCP sıralarındandır: “Burada həmin məhbusların xanımları və anaları iştirak edir. Onlara tezliklə azadlığa çıxmalarını arzu edirik.
Sonda G.Bayramlı AXCP fəallarından olan, siyasi təqiblərə görə hazırda Isveçdə yaşayan Şərqiyyə Muradəliyevanın noyabrın 19-da yubileyinin olduğunu və bütün tədbir iştirakçılarının onu bu münasibətlə təbrik etdiyini bildirdi: “Şərqiyyə xanım xaricdə də, Azərbaycanda demokratiyanın bərqərar olması uğrunda mübarizə aparır, ölkəmizlə bağlı keçirilən bütün aksiyalarda iştirak edir. Ona salamımızı göndəririk və ürəkdən təbrik edirik.
Gültəkin



