DGK-nın Heydərovdan alınacağı təsdiqlənir

«Fövqəlnazir»in gömrükdəki «broker dəstəsi»nin də sonu çata bilər

 

Ötən saylarımızdan birində xəbər vermişdik ki, Dövlət Gömrük Komitəsi (DGK) fövqəladə hallar naziri Kəmaləddin Heydərovun nəzarətindən çıxarılır. Bildirmişdik ki, DGK-da aparılan qeyri-rəsmi yoxlamalar zamanı “kotyol”dan yayınmalarla bağlı ciddi faktlar üzə çıxıb. Bu, hakimiyyətin birinci şəxsində ciddi narazılıq yaradıb və komitənin Kəmaləddin Heydərovdan alınması gündəmə gəlib. Məlumat üçün qeyd edək ki, DGK-nın sədri Aydın Əliyev “fövqəlnazir”in yaxın çevrəsinə daxil olan məmurlardandır. Baş gömrükçü özü də bunu gizlətmir.
Bu arada “Yeni Müsavat” qəzeti “Azadlıq”ın məlumatını təsdiqləyən xəbər yayıb. Həmin xəbərdə bildirilir ki, hakimiyyət DGK-nın ləğv edilərək vahid bir qurumda birləşdiriləcək. Gələn ilin ilk aylarında bununla bağlı ölkə başçısının fərman imzalayacağı gözlənilir.
Bldirilir ki, hakimiyyət DGK-nın ləğvinə yalnız idarəetmə sistemini təkmilləşdirmək baxımından razılıq verməyib. Burada əsas məqsəd gömrük xidmətini fövqəladə hallar naziri Kəmaləddin Heydərovun inhisarından çıxartmaqdır. 
Bu arada “fövqəlnazir”lə bağlı redaksiyamıza başqa maraqlı məlumatlar da daxil olub. Həmin məlumatlarda Kəmaləddin Heydərovun Əhəd adlı iranlı şəxslə biznes əlaqələrindən danışılır. Bildirilir ki, Iran xüsusi xidmət orqanları ilə ilişgiləri olan və “WikiLeaks”in yaydığı məxfi materiallarda adı keçən bu şəxs Azərbaycanda Kəmaləddin Heydərovla şərikli fabrik qurub.
Məlumatlarda deyilir ki, Əhəd “Broker” MMC-nin rəhbəri Əbülfəz Məlikovun yüksəlişində də böyük rol oynayıb. Məhz onun pulları sayəsində əvvəllər dəmiryolu vağzalında xırda ticarətlə məşğul olan Əbülfəz Məlikov sonradan Kəmaləddin Heydərovla Fazil Məmmədovun siqaret biznesini yönəldib. Burada etimad qazana bildiyindən daha sonra onu siqaret fabrikinə direktor təyin ediblər. Bundan sonra isə Əbülfəz Məlikov “Broker” MMC adlı quruma rəhbərlik etməyə başlayıb. Və bu yolla da hal-hazırda bütün gömrük sistemini nəzarətində saxlayır.
Əbülfəz Məlikova edilən yaxşılıq əvəzssiz qalmayıb. Onun köməyilə Əhəd Azərbaycan gömrüyünü Iranın çirkli pullarının yuyulmasında asan bir vasitəyə çevrilib. Amma DGK Heydərovun nəzarətindən çıxarılarsa, Əhədlə Əbülfəz Məlikovun gömrük sistemində at oynatması sona çata bilər. 

 

İnformasiya şöbəsi