Dünən bizim şanlı Bakı polisinin rəis müavini çıxıb “Eurovizion”a qədər paytaxtdan dilənçilərin yığışdırılacağını bəyan edəndə ilk ağlıma gələn sual bu oldu: “Nəylə, Alış, nəylə?”.
Doğrudan da necə yığışdıracaqlar Bakıdan ac, səfil, dilənçi insanları? Ənənəvi qaydadamı – dubinkaylamı? Inzibati yollamı? Məsələn, onları avtobuslara doldurub sonra da aparıb ölkənin ucqar rayonlarınamı boşaldacaqlar?
Bir halda ki, o insanların yenə qarınları doymayacaq… Bir halda ki, onların gözləri yenə başqalarının əlinə baxacaq… Yenə doğru-dürüst bir iş sahibi, qazanc yiyəsi olmayacaqlar… Bir halda ki, dövlət onlara dilənçi kimi deyil, vətəndaşı kimi baxıb sahiblənməyəcək, yiyə durmayacaq, onları düşdüyü səfalət girdabının dibindən dartıb çıxarmayacaq, nə mənası var bunun? Fərqi nədir daha sonra harda dilənəcəklər – Gəncədə, Qazaxda, Bərdədə, Ağcabədidə, Daşkəsəndə… Bir halda ki, yenə dilənməyə davam edəcəklər, yenə bir qarın çörək üçün küçələrə düşəcəklər, insanların ayaqlarına düşəcəklər, alçalacaqlar, aşağılanacaqlar, bunun harda baş verməsinin bir anlamı qalırmı?
Siz “Eurovizion” üçün Bakıya gələcək qonaqların gözündən yayındırmaq adına onları paytaxtdan qovmaqlamı rahatladacaqsınız vicdanınızı? Budurmu sizin ədalətiniz, budurmu sizin mərhəmətiniz, budurmu sizin vətəndaşa münasibətiniz? “Bakıda dilənməsin, başqa harda dilənir dilənsin”, “Harda alçalır alçalsın, harda əl açır açsın, harda aşağılanır, aşağılansın, yetər ki, Bakıda alçalmasın, aşağılanmasın, yetər ki, avropalıların gözlərinə görünməsinlər, yetər ki, şahənşahımızın abrı getməsin”, – budurmu sizin idarəetmə məntiqiniz? Axtara, axtara, problemdən çıxış yolu kimi bunumu tapdınız? Bunamı çatır sizin ağlınız, qabiliyyətiniz?
Bakıdan dilənçiləri yığışdıracaqlarmış… Bununlamı gizlədəcəksiniz dünyadan bu zəngin, bərəkətli torpaqlar üzərində necə yoxsul, ac bir ölkə qurduğunuzu?
Bununla göydələnləri dimdikkən insanları boynubükük bir ölkə qurduğunuzu gizlədəcəyinizi, malalayacağınızımı sanırsınız?
Deyək ki, el-aləmdən hər kəs gəldi, ən uzun bayraq dirəyinizə baxdı, heyran oldu.
Deyək ki, millətin balaları yatağa ac girərkən sizin ətək-ətək pul töküb tikdirdiyiniz qoşa Alov qülləsini görüncə hər kəsin gözləri böyüdü.
Deyək ki, fontanlarınıza baxdılar – ağızları açıq qaldı.
Deyək ki, içində həyata küsmüş, bir tikə çörək üçün min bir zillətə qatlaşan, sevincin, hüzurun dadını unudan insanların yaşadığı binaları çöldən rənglədiniz, hər kəs də gördü, özünü Dubaydaymış, Mayamidəymiş kimi sandı.
Deyək ki, sıradan vətəndaş üçün əlçatmaz, ünyetməz restoranlarınızın, yaxt-klublarınızın, plazalarınızın işıqları döünyanın dörd yanından gəlmiş qonaqların, turistlərin gözünü qamaşdırdı.
Bəs sonra? Hə, bəs sonra? Adamların gözünün içindəki hüznü, kədəri, mutsuzluğu, ümidsizliyi necə gizlədəcəksiniz? Adamların üzündəki yorğunluğu, çarəsizliyi, ölgünlüyü necə gizlədəcəksiniz? Yoxsa adamları da binalar kimi üzdən rəngləyəcəksiniz?
Bu məmləkətin insanlarının sınıq qəlbləri necə olacaq bəs? Onu da sınıq-salxaq yollarınız kimi yamayacaqsınızmı yoxsa?
Hər şey bir yana… Axı bu xalqa çəkdirdiklərinizi, bu millətə etdiyiniz pislikləri avropalılardan gizlətməklə nə dəyişəcək? Bu ölkənin gerçəklərini avropalılara göstərməməyə çalışmaqla nə dəyişəcək? Guya bununla süddən çıxmış ağ qaşıqmı olacaqsınız?
Azərbaycanı necə bəlaların içinə soxduğunuzu, onu necə bir ortaçağ ölkəsinə çevirdiyinizi, onu necə bir qaranlığa qapatdığınızı gözlərimiz anladacaq zatən. Üzümüzdən oxuyacaqlar zatən. Halımızdan, havamızdan biləcəklər zatən.
Lap onlar anlamasalar, lap onlar bilməsələr belə nə mənası? Biz ki, necə paza keçdiyimizi, necə zibilə düşdüyümüzü anlayırıq, bilirik, elin ingilisi, fransızı, almanı anlamasa, bilməsə, nə dəyişər?
Nə deyim vallah…
Siz ayıblarınızı, pisliklərinizi, çirkinliklərinizi başqalarından gizlətməkdə olun. Özünüzü də, başqalarını da saxta, yalançı tərəqqi, inkişaf mənzərələri ilə aldatmaqda olun.
Biz əlbəttə, bu bəzəyin altındakı təzəyi qoxladarıq sizə bir gün!

Allahdan gizli deyil, amma almandan gizlədirlər
•
•