Dirçəliş günü də bitdi. Nə yaxşı ki, telekanallar kiçik epizodlarla bu tarixi anı yada salmaq üçün özlərində cəsarət tapdılar!.. Mən indi bu tarixin nədən adi “əlamətdar gün”ə çevrilməsi haqda yazmayacam. Səbəbi məlumdur. Indilər bu haqda təkrar-təkrar yazmaq deyinmək kimi bir şeydir. Bəli, bir çox şey indilər başqa cür ola bilərdi. Ən azı bizimlə birlikdə tarixi anlar yaşamış bəzi insanlar “xuliqanlıq etdiklərinə” görə deyil, başqa bir səbəbə görə məhbəsə düşə bilərdilər. Ona görə ki, ən ağır rejimlərdə belə insan harada və kiminlə olacağını özü müəyyən edir. Bir vaxt tribunada görünən bəzi insanlar özləri enməklə tarixi də endirdilər, onu ayaqlar altına atdılar. Amma yenə bəzi insanlarla müqayisədə optimistəm. Darıxanda bir azca uca yerdən Bakının panoramına baxıram – şəhər tikilir… Yox, mən bunu 18 illik hakimiyyət üçün elə bir böyük iş saymıram, 18 ildə daha çox iş görülə bilərdi. Mən hələ bu tikililərə sərf edilən xərclərin ölkələyə gələn neft gəlirlərinin neçə faizini təşkil etməsi haqda da susuram. Lakin bir şeylə özümə toxtaqlıq verirəm ki, ən ala-babat binanın da ömrü bir çox hakimiyyətlərin ömründən uzun olur və bir şeyi dəqiq bilirəm ki, hakimiyyətlər gəldi-gedərdi, lakin binalar qalır.
Bir vaxt mən zənn edirdim ki, bizim ən uca binamız quracağımız demokratik dövlət olacaq. Fəqət, o dövləti qurmağa bizə imkan vermədilər. Nə isə. Indi ümidsiz olmağa da dəyməz. Onsuz da bunlar həmin böyük şərəfli işi bizim üçün saxlayıblar, çünki nə qədər ki, bunlar hakimiyyətdə olacaqlar, bu ölkə demokratik dövlət görməyəcək. Onu yenə də biz qurmalı olacağıq. Buna az da olsa, şübhəniz olmasın, bu, mütləq olacaq. Əgər bizlər olmasaq da, bizi sevən və bizə rəğbət bəsləyən gənclər bunu edəcək, biz onların əməllərində və xoş niyyətlərində yaşayacağıq. Bu, elə bir bina olacaq ki, onu görmək və hiss etmək üçün hündür yer axtarmağa da ehtiyac qalmayacaq, hər kəs elə öz qəlbindəcə onu hiss edəcək. Mən demokrtiya haqqında çox yazmışam, o haqda çox şey oxumuşam. Məndə həm də bu mövzu ilə bağlı bir qısqanclıq olub, həmişə istəmişəm ki, bu haqda biz yazaq, bunu biz edək. Indi bundan gözəl tale arzulamaq olarmı? Əgər ölkədə islahatçı hakimiyyət olsaydı, bəzi şeylər elə “yuxarılar”ın təşəbbüsü ilə baş tutsaydı zənn edərdik ki, bizə elə də ehtiyac yoxdur, bizim alnımıza tarixi missiya yazılmayıb. Amma indi belə deyil, hər şey bunun əksinədir, bu ölkəni demokratikləşdirmək və bu ölkəyə azadlıq gətirmək bizim boynumuza düşüb. Diktaturaların bir xisləti var ki, az hallarda, hətta deyərdim ki, çox nadir hallardaca onlara tarixi missiya yerinə yetirmək vəzifəsi həvalə olunur. Onların missiyası primitiv olur… hakimiyyət, sərvət! Bəlkə də ABŞ siyasətçilərinin sonrakı nəsli təəssüflənirdi ki, onlara ABŞ konstitusiyasını, bu konstitusiyaya ilk on düzəlişi qəbul etmək səadəti qismət olmayıb. Lakin Azərbaycanda bu işlər hələ bundan sonra görüləcək!
Suriyanın üç gecəsi
Bəli, “Min bir gecə” qəhrəmanı olan xəlifədən və Şəhrizaddan fərqli olaraq artıq B.Əsədin sərəncamında min gecə yox, cəmi üç gecə var. Mən siyasət məsələlərində tələsik qərarların tərəfdarı deyiləm, Əsədin məsələsi heç də üç günlük deyil, bu məsələ hələ bir az davam edəcək, ölənlər, itkin düşənlər olacaq. Lakin nəzərə çarpan detal budur ki, dünya diqqətini bu diktaturanın üzərində cəmləşdirib. Çox güman, bu ilin axırına, ya da növbəti ilin əvvəlinə kimi məsələ həll olunacaq. Indi Liqa Əsədə üç gün vaxt verib. Yenə də işləri Rusiya ləngidir. Amma ən son anda Rusiya da təslim olacaq. Əvvəl Qəzzafi cənablarını da müdafiə edirdilər, lakin sonra Milli Keçid Şurasını tanıdılar və bununla da Rusiyanın qardaşlıq missiyası başa çatdı. Indi də belə olacaq və artıq Suriya müxalifətçilərinin təmsilçiləri Rusiyada olublar. Amma ruslar bu adamlara Əsədlə dialoqa getməyi məsləhət görüb. Dialoq mümkündür, zira onun bir predmeti var – Əsədin istefası! Rusiya bunu bilmirmi? Bilir və özü də çox gözəl! Sadəcə, bu da Rusiyanın xislətidir, o da başqa cür ola bilmir!

Bizim ən uca binamız…
•


