Mahmud Cibril: «Yeni dünyada hər kəs avtoritarlıq, diktatorluq və tiranlıqdan bezib»
«Bəşər Əsəd polkovnikin ölümündən dərs almalıdır»
Liviyada 42 illik Qəzzafi rejimini devirən üsyançıların yaratdığı Milli Keçid Şurasının keçmiş baş naziri Mahmud Cibril Türkiyənin “Anadolu” agentliyinə müsahibə verib. Cibril müsahibədə Suriya diktatoru Bəşər Əsədin Qəzzafinin ələ keçməsi və öldürülməsindən ibrət götürməli olduğunu da bildirib.
Onun sözlərinə görə, Qəzzafinin ölümü tarixi rəhbərlərin deyil, xalqların yazdığını sübuta yetirdi. Bəşər Əsəd və digər avtoritar liderlər bundan dərs almalıdır. Müvəqqəti hökumətin keçmiş rəhbəri Qəzzafi rejiminə qarşı etirazları liviyalılar üçün milli azadlıq mübarizəsi adlandırıb.
Istefasına toxunan Cibril ilkin mərhələdə bütün liviyalıların tək hədəfinin tiranlıq rejimindən xilas olmaq olduğunu söyləyərək paytaxt Tripolinin müxaliflər tərəfindən ələ keçməsindən sonra siyasi mübarizənin daha da gücləndiyini vurğulayıb. Cibril siyasi mübarizəyə qatılmağının hələ tez olduğunu da söyləyib: “Milli konqresimizi və konstitusiyamızı formalaşdırana qədər bütün liviyalıların birliyinə ehtiyacımız var. Konstitusiyanı bütün liviyalılar təsdiqlədikdən sonra hər kəs öz siyasi mübarizəsinə başlaya bilər”.
Qəzzafinin öldürülməsinə toxunan Mahmud Cibril qeyd edib ki, əgər polkovnik üsyançılar tərəfindən öldürülbsə, bu, onun layiq olduğu cəzasıdır. Keçmiş hökumət başçısının özü isə polkovnikin ədalət məhkəməsi qarşısında dayanmasını istədiyini bildirib: “Çünki biz liviyalılar 42 il nəyə görə bu iztirab və ağrılara məruz qaldığımızı bilmək istəyirdik”. Polkovnikin “quru qutu” olduğuna, bir çox xarici dövlətlə və xüsusi xidmət orqanıyla gizli əlaqəsi olduğuna inanan Cibrilin fikrincə, Qəzzafi məhkəməyə çıxarılsaydı çox sirrin üstü açılacaqdı.
Suriyada baş verənlər barədə sualı cavablandıran Mahmud Cibril Bəşər Əsədin öldürülmüş Liviya diktatoru Müəmmər Qəzzafinin yolunu tutduğunu bildirib: “Əsəd də Qəzzafi modeli üzrə hərəkət edir. Lakin Qəzzafinin tutulması və öldürülməsi onun üçün bir nümunə olmalıdır. Tarixi idarəçilərin deyil, xalqların yazdığını öyrənməlidir. Yeni dünya qurulur. Bu yeni dünyada hər kəs avtoritarlıq, diktatorluq və tiranlıqdan bezib”.